Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:34
-
“Bizim təkcə yaşadığımız yer yox, həyatımız zirzəmidir, bala... Yaşları 3-dən 14-ə kimi olan uşaqları təkbaşına, əziyyətlə saxlayıram. Ata yükü çəkə bilmədi, atıb getdi. Ana öldü... Mən də ki, xəstə nənəyəm, ac vaxtlarında üzlərinə baxa bilmirəm”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə vurduğu zəngdə Sahilə Zamanova 6 azyaşlı nəvəsinə çörək istəyirdi:

“Zirzəmidə yaşayırıq, nəvələrimə qonşuların verdikləri nimdaş paltarları geydirirəm, boyat yeməkləri yedirdirəm. Bir çayxanada qab-qacaq yuyuram, sahibi gündəlik 3 manat verir. Böyrəklərim də sözümə baxmır. Ona görə də vaxtlı-vaxtında işə gedə bilmirəm, tez-tez işdən qovuluram".

Sahilə Zamanova yaşadığı zirzəminin yerini demək istəmir: “Gəlib tökərlər çölə”, deyir.

O, vaxtilə dəbdəbəli ev-eşikdə yaşayıbmış:

“Mərdəkanda dənizə yaxın yerdə bağımız, Nərimanovda icra hakimiyyətinin yaxınmlığında 4 otaqlı evimiz vardı. Həyat yoldaşım ağır xəstəlik tapdı, özəl xəstəxanalar bizi müflis günə qoydular. Faizlə pul götürdük, dərin borca düşdük, hər şeyimizi satdıq. Yoldaşım da əlimizdən getdi. Sonradan bildik ki, xəstəliyi sağalmaz imiş. Bunu həkimlər də bilirlərmiş, avamlığımızdan istifadə edib bizi müflis günə saldılar”.

YAŞAYIŞ YERİ ZİRZƏMİDİRSƏ...

Sahilə Zamanovanın sözlərinə görə, aztəminatlı olsa da, ünvanlı sosial yardım ala bilmir. Neçə ildir Nərimanov rayon İcra Hakimiyyətinə, elə qapıdaca qarşıma çıxıb oradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov şöbəsinə yollayırlar. Gedirəm həmin şöbəyə, çoxlu sənədlər istəyirlər. Mən o sənədləri necə toplayım? 6 uşağın canını zorla zirzəmiyə yığmışam, sənədim nə gəzir? Deyirlər, yaşayış yerindən arayış gətir. Yaşayış yerim zirzəmidir, zirzəmi üçün də arayış verən yoxdur”.

Hüquqşünas Namizəd Səfərov deyir, qanunvericiliyə görə, ailənin ümumi gəlirləri ailə üzvləri arasında bölünəndə hərəyə 65 manat düşmürsə, bu ailənin ünvanlı sosial yardım almaq hüququ var.

Sahilə Zamanovanın ailəsinin aylıq qazancı isə bir nəfər üçün müəyən olunan minimum məbləğindən də aşağıdır.

”Bu halda onun aylıq 200 manat ünvanlı sosial yardım almaq hüququ yaranır. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov rayon bölməsi dərhal bu qadının şikayətinə baxmalı və ona ünvanlı sosial yardım ayırmalıdır”.

Sahilə Zamanova deyir, hökumətin cüzi yardım onun yarasını sağaltmır. O, yaşadığı zirzəminin qapısını döyəcək xeyirxah insanları gözləyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG