Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

77 nəfəri öldürmüş Breivik daha yaxşı video oyunları tələb edir


Anders Behring Breivik. Foto (Arxiv)
Anders Behring Breivik. Foto (Arxiv)

O əks halda aclıq aksiyasına başlayacağını bəyan edib.

Norveçdə kütləvi qətllər törətdiyinə görə məhkum edilmiş Anders Behring Breivik özünün həbsxanadakı şəraitini “işgəncə” kimi təsvir edir.

AFP agentliyinə yazdığı məktubda Breivik ona yaxşı video oyunlarının verilməməsinə etirazını bildirir.

2011-ci il, iyulun 22-də odlu silah və bomba partlayışları ilə 77 insanın həyatına son qoymuş sağ təmayüllü ekstremist həbsxana rəhbərliyinə 12 maddədən ibarət tələbnamə göndərib.

O indiyədək saxlandığı iki həbsxanadakı şəraitini “işgəncə” adlandırıb.

Breivik gündəlik gəzintisi üçün daha yaxşı şərait, həmçinin xarici aləmlə daha sərbəst kommunikasiya imkanı tələb edib.

Anders Breivik israr edir ki, tələbləri Avropanın insan haqlarına dair qanunlarına uyğundur.

Playstation3, divan, kreslo…

Məhbus habelə, ona oynamaq üçün verilmiş PlayStation 2 oyun dəstinin qət təzə PS3 dəsti ilə əvəzlənməsini, ona özünün seçdiyi kompüter oyunlarına giriş verilməsini tələb edir.

Breivik kameradakı “narahat stulun” divan və ya kreslo ilə əvəzlənməsini istəyir.

“Başqa məhbuslara böyüklər üçün video oyunları verirlər, mənə isə maraqsız oyunlar verilir. Məsələn, “Rayman Revolution” üç yaşlılar üçün nəzərdə tutulan oyundur” – yazır 35 yaşlı Breivik.

Breivik 2011-ci ildən bəri təhlükəsizlik prosedurlarına uyğun olaraq başqa məhbuslardan tamamilə təcrid edilmiş şəraitdə yaşayır.

O iddia edir ki, başqa məhbuslarla müqayisədə daha çox “nümunəvi davranış” nümayiş etdirib və buna görə də sərt təcridolunmanın müqabilində ona daha geniş fəaliyyət növləri ilə məşğul olmaq imkanı verilməlidir.

Cib xərcinin artırılmasını tələb edir

Anders Breivik həmçinin ona hər həftə verilən 300 kron (40 manat) cibpulunun artırılmasını tələb edir.

O bildirir ki, bu pul ona xarici aləmlə məktublaşmaq üçün lazımdır.

Onun elektron poçtu ciddi şəkildə monitorinq edilir, bu isə, onun fikrincə kommunikasiyanı gecikdirir.

Breivik ona verilmiş yazı makinəsini rədd edir və kompüterə giriş istəyir.

Anders Behring Breivik-in AFP-yə məktubu
Anders Behring Breivik-in AFP-yə məktubu


“Siz məni cəhənnəmə salmısınız…mən bu şəraitdə çox yaşaya bilmərəm” – yazır şikayətində Anders Breivik.

O tələblərinin yerinə yetrilməyəcəyi təqdirdə aclığa başlayacağı ilə hədələyib.

Norveç faşist ölkəsi olanda…

“Əgər mən ölsəm, Avropanın bütün sağ təmayüllü ekstremistləri məni kimlərin işgəncə verərək öldürdüklərini dəqiq biləcəklər – deyə hədələyir Breivik, - bu həmin fərdlər üçün yaxın gələcəkdə və Norveç qarşıdan gələn 13-40 ildə yenidən faşist rejimi tərəfindən idarə olunanda çox pis nəticələrə səbəb ola bilər”.

Xatırlatmaq yerinə düşərdi ki, indi özünü “siyasi məhbus” adlandıran Anders Breivikin 2011-ci ilin 22 iyulunda paytaxt Osloda hökumət evinin qarşısında törətdiyi bomba partlayışında 8 nəfər həlak olub.

O daha sonra Utoya adasındakı Gənclik düşərgəsinə gedərək 69 yeniyetməni odlu silahla öldürüb.

Breivik yanvarın sonunda yazdığı məktubda Ədliyyə naziri Anders Anundsen-dən və Norveç İslah Xidmətindən “onunla heyvan kimi rəftar olunmasını” dayandırmağı tələb edir.

Norveç hakmiyyət orqanları bu şikayətlərə gələn həftə münasibət bildirəcəklərini vəd ediblər.
XS
SM
MD
LG