Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11
-

O da baxdı. Döğrudan da bulvar tərəfdə balinaya oxşar hava balonu göy üzünü almışdı. Balonun ayağından dahilərdən kiminsə boyük portreti asılmışdı...


Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


USUBOĞLU


ASİ


Axşama doğru idi. Yağış səhərdən başlamışdı. Hələ də yağırdı. Səhər-səhər islanmış pencəyi əynində nəm idi.

İşdə bütün günü pəncərədən baxıb yağan yağışa söymüşdü. Yağış yağanda özünə yer tapa bilmirdi.

Bir saat olardı işdən çıxmışdı. Cibə münasib bir yeməkxana tapınca, nəm pencəyi daha da islanmışdı.

Yeməkxanada bir “Ağdam” çaxırı içmişdi. Yavanlıq almağa pulu ikicə peraşkiyə çatmışdı.

Eşikdəki mizik yağışdan qaçıb içində gizlənməyə elə bu çaxır bəs idi. ”Ağdamı” bircə manat eləyənə dua oxuyub və elə şüşəyə söylədiyi birinci sağlığı da bu şərəfə içmişdi.

Uzaq bir dağ kəndinin balası idi. Onu bu şəhərə aktyor olmaq həvəsi gətirmişdi. Aktyor olmuşdu da. İçəndə yadına oynamaq istədiyi rollar, doğulduğu kənd, bir də dağlar düşürdü.

Məni anamdan sonra bir də o dağlar doğub - deyirdi. Mən o dağlara ana deyib ətəyinə qısılmışam, ata deyib güvənmişəm, qardaş deyib küsənmişəm, döşündən yemlik, quzuqulağı yığıb yemişəm - deyirdi.

İndi çöldəki bu çisək yağış elə bil içinə damırdı. Naxalstroy dedikləri gecəqonduda yaşayırdı. (Yaşayırdı sözü gecəqondu ilə uzlaşırsa...) Öz-özünə - “evin üstünü bu il də düzəldə bilmədim, yenə qab-qacaq düzüləcək damcıların altına, yenə arvad deyinəcək, əlli iki min qarğışın, nifrinin başına çıxacaq, ölü oğlu, ölü deyəcək, sənə gəldiyim günə daş yağaydı deyəcək” – deyə fikirləşdi.

Evə getmək istəmirdi. Özgə hara getmək olardı ki...?! İstədi elə -belə, vaxt öldürmək xatirinə Naxalstroyun bacısıgil yaşayan səmtinə dəysin, amma bacısının xasiyyətinə bələd olduğu üçün – yəni qabağına qoyduğu bir stəkan çayı pula çevirib bir gün istəyəcəyini bildiyi üçün bu fikrindən daşındı.

Aktyorluğu pis deyildi. Amma indi artyor maaşının yaşatmağa gücü çatmırdı. Sovetin son illərində Moskvada kino sənəti ilə bağlı institut bitirmişdi və hətta “Mosfilm”də bir filmə də çəkilmişdi. Sovet dağılandan sonra heç bir filmə dəvət almamışdı. ...dramada işləyirdi. İşləyirdi – deyəndə qəribə səslənir. İş-filan yox idi. Teatr dedikləri şou ilə əvəz olunmuşdu. Şou isə Asilik deyildi.

Sovet vaxtlarının sözsüz rollar ifaçısı Muğan indi Asi kimi təkcə aktyor olanları kənara itələyib, teatr –şoularda baş rolların ifaçısı olmuşdu. Həm də Muğanın daha bir qabiliyyəti üzə çıxmışdı. Tamadalıq.

Şadlıq evlərində, restoranlarda bərkgedən adamların ,vəzifə sahiblərinin xeyir işləri tamada Muğansız ötüşmürdü. Muğan həm şair, həm bəstəkar, həm müğənni, həm də Allah bilir daha nə idi. Həm danışır,həm oxuyur, həm oynayırdı. Muğan teatra gələndə Sovetin xalq artistləri ayağa qalxıb salama dururdular. Muğandan borc pul istəyirdilər. Aylarla Muğana borclu olurdular. Asidən başqa Muğana heç kim Muğu demirdi, Muğana indi Muğan müəllim deyirdilər.

Muğan müəllim teatra “Mersedes” maşınla gedib gəlirdi. Həm də, hərdən gedib- gəirdi. Daha Muğan rol oynamaq üçün hər gün teatra məşqə gəlmirdi. Deyirdilər ki, rejissor yekə qarnını hərdən Muğanın aldığı pivə və araqla doldurur.

Teatrda lap xəlvət–xəlvət danışırdılar ki, Sovetin yıxılmağı Muğana düşüb. Sovet rejissorları qabiliyyətsiz imiş ki, Muğanda bu istetadı o vaxtlar görə bilməyiblər. Hətta deyirdilər ki, qocaman rejissorların biri Muğana yaltaqlanmaq istəyib, ”Gəl bizdə Hamleti oyna”—deyə baş rol təklif edibmiş və əvəzində Muğandan –“tüpürüm sənin Hamletinə, dünyada bundan iyrənc bir komediya yoxdur. Siz isə bu avara əsəri faciə şəklində qoymaqdan bezmədizmi? Faciələr mənim üçün deyil-deyibmiş.” - eşidibmiş.

Bu danışıqlar Asinin də qulağına çatmışdı və içində, bərəkallah Muğu, kişisən - deyib, orijinal fikrinə görə Muğana təşəkkür də eləmişdi. Bayaq iki peraşki ilə “Ağdam” içəndə də Muğunun fikrini alqışlamışdı, ”Düz buyurursan, Muğu. Bayırdakı faciənin içindən baxanda Hamlet əlbəttə komediyadır” - demişdi..

Xəbər çıxmışdı ki, artistləri işdən çıxarıb yenidən imtahanla işə götürəcəklər. Həm teatrın təzəcə təyin olunmuş direktoru, həm də baş rejissoru aktyorlara konstitusiyanı, “Mədəniyyət Haqqında Qanun”u və daha neçə-neçə qanunu əzbərləməyi tapşırsalar da, Asi verilən qanunların kserosurətlərinin üzünü belə açmamışdı.

Baş rejissor haçansa söyləmişdi ki, Asi müəllim, səni ya Hamlet, ya da Topal Teymur eləmək fikrim var. Sonra bir az gülümsəyib – onsuz da bir az “xramoyluğun” var demişdi.

Cavidin Topal Teymurundan indi yadında nə qalmışdı ki. “Nəmə lazım, bən karışmam”- sonra İblisi xatırladı - Arif mana bax., Ululəzm Nəbilər belə məndən...

İndi Hamletdən ikicə söz yadında idi “TU Bİ OR NOT TUBİ “. Yaşı qırxı təzəcə adlasa da dişləri tökülmüşdü. Saçları ağarmışdı. Qıraqdan baxanlar əlli-altmış yaş verirdilər.Tək asqırdı. Asqırdı da, dalınca bir söyüş söyüb, cibindən yaylığını çıxarıb ağız –burnunu sildi.

Baş rejissorun qarasınca – Zalım oğlu zalım, məndən nə Teymur, nə də Hamlet olmaz. Uzaqbaşı Poloni ola billəm, ondan o yana, yox - söyləndi. Sonra fikri çözələndi - doğrusuna qalırsa –daxilən də Poloniyəm dedi. İrəli addımladı. Çisək yağış öz işində idi. Asiyə elə gəlirdi ki, bir daha gün doğmayacaq və günlər elə belə boz, çisək keçəcək .

Həmişə olduğu kimi belə “günlü” günlərdə səbəbsiz–filansız ağlamaq istəyirdi. ”Gəl, ay ana, gəl. Gəl mənə ölmək öyrət. Yaşadın, adam kimi yaşamaq öyrədənmədin mənə... Ölürəm, ölə bilmirəm, gəl ölmək öyrət mənə “ - dedi. Dolmuşdu. Yenə anasının səsi ağlamağa qoymurdu: “Min dəfə demişəm, sənə içmək düşmür, içmə. İçəndə də ağlama. Xalqın kişiləri içib kef eləyir, dava salır, sən oturub ağlayırsan, ağlama, bala, ağlama”. İndi ağlamırdı. İstəyirdi ağlasın, amma ağlaya bilmirdi.

Anası neçə il idi ölmüşdü.İçində bircə səsi diri qalmışdı. Yağış hələ də yağırdı. Əlində tor zənbil vardı. Zənbilə bir az alma, bir az da kök alıb tökmüşdü. Metroya sarı gedirdi. Vağzalın kəlləsindəki saat səsləndi. Kimsə “göydə balina uçur, ona baxın, ona” –dedi. Hamı bulvar tərəfə göyə boylandı.

O da baxdı. Döğrudan da bulvar tərəfdə balinaya oxşar hava balonu göy üzünü almışdı. Balonun ayağından dahilərdən kiminsə boyük portreti asılmışdı. Kimsə “Bu balinaya çəkilən xərcə Vağzal dilənçilərini yarım il gündə üç dəfə “pervi”, “vtoroy”, “treti” və “çetvyortı” yeməklə yedirtmək olar” - dedi. Asi yenə daman evin üstünü fikirləşdi. “Mən də şifer alardım o pula” - dedi. Və metroya sarı yönəldi.

Qara gödəkçəli bir qız qabağa adladı. Mini geyinmişdi. Ayaqları, dizlərinin qatlanacağı dümağ idi. Asi bu cür ağ rəngdə bircə qar görmüşdü. Yadına arvadının tüklü, yassar, əyri, yoğun baldırları, kirli dabanı düşdü. İyrəndi, bir söyüş də söydü, daha bir kərə asiləndi. Qızın arxasınca metroya tərəf addımladı. Ayağı nəyəsə ilişdi.

Bəlkə də heç ilişmədi,hansısa çökəyə düşdü. Bərk ağrıdı, ufuldadı. Asiləndi, Allahı-bəndəni bir yerə yığdı. Ağrısı dişində metroya düşdü. Jeton atıb keçdi. Eskalatorun ayağında anası dayanmışdı. ”Zalım dünya, yoxsa anam dilənirmi, aya?” - öz-özünə dedi. Sonra anasının öldüyünü xatırlayıb sevindi. Sevindi ki, anası ölüb,dilənmək əzabından qurtarıb. Əli ilə gözlərini sildi bir də baxdı. Anası yoxa çıxdı. Eskalatordan düşdü.

Birdən səs –küy qopdu. Nə baş verdiyini anlamağa çalışdı. Amma vaxtın darlığından heç nə anlaya bilmədi. Ürəyi bir də sancdı, ayağı bir də ağrıdı. Bir söyüş də söydü.

Bir nəfər yıxılmışdı və hamı yıxılana baxmaq istəyirdi. “İçib” -deyirdilər, - “spirt qoxuyur üst-başı”.

O da adamların başının üstündən yıxılana baxmaq istədi. Əvvəlcə yıxılanın pencəyi tanış gəldi, sonra qalstuku. Qalstukun üstündə bu səhər balaca qızının damcılatdığı şirni yeri tanış gəldi. Birdən-birə yüngülləşdi. Ayağının ağrısı da birdən kəsdi. Tor zənbili axtardı, yıxılan adamdan o üzdə qalmışdı. Əlini atıb, zənbili qaldırmaq istədi, amma qaldıra bilmədi.

Geri eskalatora tərəf qayıtmaq istədi. Yenə anasının səsi “Qayıtma, qadan alım, hələ bu yoldan qayıdan olmayıb, qayıtma” - dedi.

Anası yıxılandan o yanda dayanmışdı. Anasına tərəf addımladı. Hiss elədi ki, nəsə arxada qaldı. Amma arxada qalanın nə olduğunu dərk etməyə vaxtı çatmadı. Bu uzun-uzun bir yol idi. Hamı gedirdi və hamının da bəlkə nəyisə arxada qalırdı. Amma heç kim arxada qalanın nə olduğunun fərqinə vara bilmirdi və gedirdi. O da gedən minlərlə adamdan biri idi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG