Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:32

Deputatlardan bələdiyyələr və gömrük komitəsinə ittiham yağır


Arxiv foto, Azərbaycan parlamenti

Arxiv foto, Azərbaycan parlamenti

-
«KİM QABAĞA DÜŞÜRSƏ, O DA VƏTƏNDAŞLARDAN PUL YIĞIR»

«2013-cü ildə 3 min 460.5 hektar torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb».

Bunu Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətə dair 2013-cü il üzrə illik məruzədə ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini diqqətə yetirib ki, bələdiyyələr hazırlanan aktları ən geci 15 günə inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidirlər.

Amma buna baxmayaraq, bir sıra bələdiyyələr aktları vaxtında ekspertizaya göndərməyib:

«İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən, 415 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilib. 364 bələdiyyə sədri (bəziləri hətta 2 dəfə) inzibati məsuliyyətə cəlb edilib».

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrdə vəziyyətin heç də yaxşı olmadığından təəssüfləndiyini dilə gətirib:

«Yaxşı işləyən bələdiyyələr var. Amma bunların sayı azdır. Bakıda Yasamal, Binəqədi, Sumqayıt bələdiyyəsi yaxşı işləyir, binaları var. Amma bunlar bir istisnadır, qayda deyil. Bələdiyyələrin hamısı öz sənədlərini dövlət reyestrinə təqdim etməli idi. Amma bir ay keçsə də, hələ heç bir bələdiyyə öz sənədlərini gətirməyib».

Deputat Fəzail Ağamalı qeyd edib ki, bələdiyyələrinin icra hakimiyyətindən asılılığı aradan qaldırılmalıdır:

«Bundan başqa, bələdiyyə sədrləri də seçki ilə müəyyənləşdirilməlidir».

Fazil Mustafa kommunal xidmətlər üçün ödənişlərin vətəndaşlardan toplanması funksiyasının da bələdiyyələrə həvalə olunmasını təklif edib:

«Vətəndaşlar bilmir ki, pulu kimə ödəsinlər, bələdiyyəyə, yoxsa MİS-lərə? Kim qabağa düşürsə, o da vətəndaşlardan pulunu alır. Bu baxımdan, səlahiyyətlər tamamilə bələdiyyələrə verilsə, yaxşı olar».

Qüdrət Həsənquliyev Bakı şəhər bələdiyyəsinin yaradılmasını təklif edib.

ALAN BİR RƏQƏM, SATAN BAŞQA RƏQƏM GÖSTƏRİR

«Müxtəlif ölkələrdən Azərbaycana gətirilən mallarla bağlı həmin ölkələrin yaydığı məlumatlar Azərbaycanın yaydığı statistik məlumatlardan fərqli olur».

Bu sözləri Milli Məclisin fevralın 14-də keçirilən iclasında parlamentin elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev söyləyib. O, Azərbaycan və Belarus arasında mal dövriyyəsində ciddi problemlərə də diqqət çəkib:

«Azərbaycana müxtəlif mallar daxil olanda, gömrükdən keçəndə, müəyyən problemlər yaranır. Bu problemlər daha çox qiymətlərdə özünü göstərir. Malların gətirildiyi ölkədəki ilkin qiymətindən fərqlər əmələ gəlir. Daha sonra həmin mallar Azərbaycanda satılanda onların vergi dərəcələrinin ödənilməsində problemlər ortaya çıxır.

Həm hüquqi, həm fiziki şəxslər, həm də bizim vergi qurumları üçün belə problemlər yaranır. Dövlət Statistika Komitəsinin məlumatlarından məlum olur ki, rəqəmlər çox ciddi fərqlənir. Yaxşı olardı ki, Dövlət Gömrük Komitəsinin bu sahədə işlərinə yenidən baxılardı».

Şərhləri göstər

XS
SM
MD
LG