Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

Rusiya-Azərbaycan sərhəddindən reportaj


Russia -- The Samur river in Daghestan, undated.
Russia -- The Samur river in Daghestan, undated.
_

“Sizin yazmağınızla, çəkməyinizlə gücünüz çatan iş deyil. Bu işi elə qurublar ki, ömür boyu heç kəsin gücü çatmaz bu işlərin axırına çıxmağa”.

Qusarın Rusiya-Azərbaycan sərhəddində yerləşən Samur keçid məntəqəsinə çatanda AzadlıqRadiosunun çəkiliş qrupunu məntəqə qarşısındakı yorğun sifətlər qarşılayır. Kimisi yükünün üstündə oturub mürgüləyir, kimisi qızınmaq üçün yaxınlıqdakı daldalanacaqlara sığınır, kimisinin başı əşyalarını yerbəyer etməyə qarışıb...

Azad Hadıyev
Azad Hadıyev
Azad Hadıyev Sankt-Peterburqdan gəlir. O, keçid məntəqələrində itirdiyi vaxtdan və çəkdiyi əziyyətdən danışır:

“Bir gün Rusiya gömrüyündə saxladılar, bir gecə də burda kafedə stolun üstündə gecələdik. Hələ də burdayıq. Əşyalarımıza görə çox incidirlər. Ayın 9-da Sankt-Peterburqdan çıxmışıq, avtobusumuz hələ də sərhəddədir, bu tərəfə keçməyib. Qadınlarımız, uşaqlarımız oturub kafedə, gözləyirik. Bizimkilər də incidir, ruslar da”.

Azad Hadıyev böyründə lövbər salıb oturduğu bağlamaları göstərir:

“Uşaq əlil arabasıdır. Dayım nəvəsi üçün gətirmişəm. Bizim gömrükdə deyirlər, bu tərəfə keçirmək üçün nazirlikdən icazən olmalıdır. Buna nə icazə? Öz vətənimdə bahadır, ala bilmirəm, gedib Rusiyadan alıb gətirmişəm. Burda 1000 dollaradır, 300 dollara gətirmişəm. Niyə icazə almalıyam ki?”

Məmmədpaşa Axundov neçə gündür ki, Rusiyaya yolladığı, ancaq ünvana gedib çatmadan geri qayıdan üç çanta pal-paltardan ötrü iki həftədir ki, məntəqəyə gəlib gedir:

“Sürücüyə üç çanta vermişdim. Sürücü aparıb, Rusiyaya keçirə bilməyib, geri qaytaranda bizim gömrükdə saxlayıblar. Dəfələrlə gəlib gedirəm ki, bu əşyalar mənə aiddir, pal-paltardı, mallarımı özümə qaytarın. Rüsumu nədirsə, ödəyim. Deyirlər, get sabah gəl, sabahı gün gəlirəm, yenə yola salırlar ki, get, sabah gəl. O əşyaların çəkisi çox olsun 80 kilo. Dövlətin rüsumu nədir, ödəyim, əşyalarımı verin, çıxım gedim. Bilmirsən, sözünü kimə deyəsən”.

Nazim Qasımov
Nazim Qasımov
Nazim Qasımov Rusiya vətəndaşıdır. Sibirdə yaşayır. 30 ildən sonra ilk dəfədir ki, Azərbaycana əzizlərini görməyə gəlibmiş. Ancaq geri qayıdanda keçid məntəqəsində bu sevincinə necə deyərlər, onu peşman ediblər. İki gündür ki, sərhəddə gecələyir. Səbəbini özündən eşidək:

“Gəlmişəm elimə-obama, atamın-anamın qəbrini ziyarət etməyə, yaxınlarımı görməyə. Noyabrın 12-də keçmişəm, qeydiyyatdan da keçmişəm. 3 ay ərzində Azərbaycan dövlətinin heç bir qayda və qanunlarını pozmamışam. İndi qayıtmaq istəyirəm, deyirlər 3 gün gecikmisən. Deyirlər, miqrasiya xidmətinə get, nə bilim, növbəyə dur, hansı sənədi al. Cərimə ödə. Mən təqaüdçü adamam, pulum yoxdur. Nə vaxt pulum olar, pul yığıb cərimələrini köçürərəm. Köçürə bilməsəm də, heç getmərəm, elə burada qalaram. Əlimdə olan yolpulunu da burda sərhəddə xərcləyirəm”.

Keçid məntəqəsində çoxu Rusiyaya işləməyə gedənlər, ya da Rusiyadan işləməkdən qayıdanlardır. Ceyhun Məmmədov da eyni məqsəd üçün üzü o tərəfə getməyə can atır. Ancaq keçid məntəqəsində gözləməkdədir:

Ceyhun Məmmədov
Ceyhun Məmmədov
“Dolanışıq yoxdur. Məcburam gedim Rusiyada işləyim, bir parça çörək gətirim. Burda iş tapılmır, quş sexlərində cəmi 150 manat məvacib verilir. Bu maaş heç işıq, qaz, su xərclərini ödəmir. İlişib qalmışam burda. Çox incidirlər, nə o tərəfə, nə də bu tərəfə əşyalarımızı qoymurlar”.

Rusiyada işləmək üçün yükünü tutub yola çıxan təqaüdçü xanımların başı məntəqənin qarşısında əşyalarını maşından boşaltmağa qarışmışdı.

- Hara gedirsiz?

- Rusiyaya gedirik, pul qazanmağa... Burda acından ölürük.

- Nə aparırısız?

- Pal-paltardı, satmağa aparırıq... 100 manat təqaüd verir. Heç kommunal xərcimi ödəmir. Məcburuq ki, iki çanta mal aparaq, çörək pulumuzu çxıaraq.

- Neçə yaşınız var?

- 57...

- Hansı kanalda göstərəcəksiz bizi?
XS
SM
MD
LG