Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48
İran İnsan Haqları Sənədləşdirmə Mərkəzinin verdiyi məlumata görə ölkədə 32 yaşlı şair və insan haqları fəalı Hashem Shabaani Nejad “Allaha müharibə elan etdiyinə görə” asılaraq edam edilib.

Bundan əlavə Hashem Shabaani Nejad-a qarşı “Allaha düşmənçilik”, “yer üzündə küfrü yaymaq” və “milli təhlükəsizliyi pozmaq” kimi ittihamlar irəli sürülmüşdü.

Xəbər verilir ki, o 2011-ci ildə həbs edilsə də, cəza yalnız ötən həftə icra olunub.

Hələ fevralın 5-də Freedom House Shabaani-nin üç ildir ki, dəhşətli işgəncələrə məruz qaldığı barədə bəyanat yaymışdı.

İran İnsan Haqları Sənədləşdirmə Mərkəzinin məlumatına görə Shabaani yaxın dostu Hadi Rashedi ilə birlikdə edam olunub.

Onların hər ikisi “Dialoq İnstitutunun” üzvləri idi.

Xəbər verilir ki, İnqilab Tribunalı Shabaani və Rashedi ilə birlikdə daha 13 nəfəri “Allaha qarşı müharibə”yə görə məhkum edib və onların hamısı edam olunublar.

Edam etdik, yerini deyərik

BBC Fars xidmətinin məlumatına görə edam olunanların yaxınlarına bu barədə xəbəri İnformasiya Nazirliyi verib.

Nazirliyin məktubunda edamın yeri göstərilməyib, sadəcə olaraq qeyd edilib ki, ailələrə edam edilənlərin dəfn yeri barədə ayrıca məlumat göndəriləcək.

BBC bildirir ki, bu, İran rəsmilərinin, inqilab keşikçilərinin və İran məxfi xidmətlərinin ümumi taktikasıdır.

32 yaşlı şair şeirlərinə, ədəbiyyata aid yazılarına və Dialoq İnstitutunu yaratdığına görə tanınır və sevilirdi.

Lakin 2012-ci ildə Shabaani birdən-birə İran dövlətinə bağlı Press TV kanalında göründü və “separatçı terrorist” olduğunu etiraf etdi.

Qərb mətbuatı diqqəti belə bir məqama çəkir ki, cavan şairin və onunla birlikdə edam olunanların hökmünü “mötədil, mədəni, təhsilli, fərqli, rəhmdil və barışdırıcı təzə prezident” kimi tanınan Hassan Rouhani təsdiq edib.

Halbuki edamdan az əvvəl BMT-nin İranda insan haqları üzrə məruzəçisi Ahmed Shaheed və BMT-nin edamlar üzrə eksperti Christof Heyns Tehranı bütün ölüm cəzalarının icrasının dayandırılmasına çağırmışdılar.

Əsl günahı nə idi?

Bəs görəsən 32 yaşlı şair nə etmişdi ki, “Allaha qarşı hərb edən”, “yer üzündə küfrü yayan”, “Allahın və milli təhlükəsizliyin düşməni” kimi damğalanmışdı.

“Edama səbəb olan bu dəhşətli cinayət nə idi? – deyə sual edir Amerika politoloqu Majid Rafizadeh, - o küçələrə çıxıb məsçidlərə, hökumət binalarına bombamı atırdı? O kiməsə qarşı terrormu törədirdi, kimisə öldürürdümü?”

“Yox. Onun cinayəti qələmi idi, - deyə öz sualına cavab verir Rafizadeh, - O sadəcə olaraq öz yurdunun gözəlliyi barədə “Xuzistanın sarışın günəşi” kimi şeirlər yazırdı”.
Politoloq yazır ki, əlbəttə, onun sosial bərabərsizlik barədə də yazıları olub. Lakin o heç vaxt heç kimi bu barəbərsizliyə qarşı zorakı mübarizəyə çağırmayıb.

“The Jerusalem Post” qəzetinin məqaləsinə görə Shaabani “İran hökumətinin etnik azlıq olan əhvazlılara qarşı cinayətlərini, xüsusilə də ədalətsiz edamları” tənqid edirdi.

“Mən bütün bu cinayətlərə qarşı qələmimdən başqa heç bir silah işlətməmişəm” yazırdı Shabaani.

Britaniyanın tanınmış jurnalistlərindən Robert Fisk yazır ki, İranda belə fəaliyyətə görə şəriət və şiə İslamının hökmləri kimisə “Allahın düşməni” elan etmək imkanı verir və bunun cəzası asılmaqdır.

Lakin şair İranda “Allah düşməni” elan edilməyinə əsas verən bir iş də görmüşdü”. Şeirlərini Məhəmməd peyğəmbərin dilində, yəni öz ana dilində yazmışdı.

Şeir Allaha üsyandır?

“Əş-Şərq əl-Övsət” (Asharq al-Awsat ) qəzetinin İranlı müxbiri Taheri yazır ki, “Shabaani mollalar tərəfindən qətlə yetirilən ilk şair deyil. Solçu Said Sultanpur öz toy günündə Khomeini-nin əmri ilə oğurlanaraq Tehran həbsxanalarından birində güllələnib. Heydar Mehregan təxəllüsü ilə yazan Rahman Hatefi-nin Evin həbsxanasında damarları kəsilib və qanaxma nəticəsində ölüb”.

Amerika politoloqu Majid Rafizadeh yazır ki, edamlar “mötədil” İran prezidenti Hassan Rouhani-nin hakimiyyəti aylarında xüsusilə artıb.

Politoloq belə bir paradoksa diqqət yetirir ki, əslində azad fikrə görə ölüm cəzaları elə “mötədil və ya islahatpərəst” deyilən prezdentlərin - Khatami, Rouhani, Rafsanjani-nin zamanında daha çox icra olunub.

Majid Rafizadeh yazır ki, İslam respublikasının ruhani rəhbərliyinin qənaətinə görə şeir yazmaq elə “Allaha üsyan” kimi yozula bilər.

Onun fikrincə, Qərbin İranla nüvə sövdələşməsinə can atdığı bir vaxtda, belə əməllərin tənqidi yəqin ki, o qədər də eşidilməyəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG