Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

BP Azərbaycanda inkişaf layihələrinə bir ildə cəmi 2.7 milyon dollar xərcləyib


BP
BP
-
2013-cü ildə Azəri-Çıraq-Günəşli layihəsinə $772 milyon əməliyyat məsrəfləri və $2 milyard 833 milyon əsaslı məsrəflər xərclənib. 2014-cü il üçün AÇG əməliyyatlarına $1 milyard 52 milyon əməliyyat məsrəfləri və $2 milyard 68 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. Bu barədə BP şirkətinin 2013- cü ilə dair yaydığı hesabatında deyilir. (Hesabatın tam mətni ilə burada tanış ola bilərsən.)

AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 655 370 barel (b/g) (və ya ümumilikdə 239 milyon barel, yəni 32,2 milyon ton) neft hasil edilib.

AÇG yatağının operatoru olaraq BP 2013-cü il ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib. Şirkət bildirir ki, ötən ilin sonunda AÇG-də səmt qazının məşəldə yandırılması 2,6% idi. Bu, 2012-ci ilə nisbətən 45% azalma deməkdir. Digər təkmilləşdirmə tədbirlərinin nəticəsində AÇG-də səmt qazının utilizasiya dərəcəsi 97.4%-ə çatdırıldı ki, bu da ən yaxşı Avropa standartlarına uyğundur. ARDNŞ-yə gündə təxminən 6 milyon kubmetr (212 milyon standart kubfut), ümumilikdə isə 2,19 milyard kubmetr (77,4 milyard kubfut) AÇG səmt qazı verilib.

Azerbaijan -- Rashid Sherif's cartoon (envy), 28Mar2011
Azerbaijan -- Rashid Sherif's cartoon (envy), 28Mar2011

AZƏRBAYCANDAKI DAVAMLI İNKİŞAF LAYİHƏLƏRİNƏ ÖTƏN İL 2,7 MİLYON DOLLAR XƏRCLƏNİB

Ötən il BTC üzrə əsaslı xərclərə $75 milyon xərclənib. 2014-cü il üçün əsaslı xərclərin $119 milyon olması gözlənilir. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

Şahdəniz üzrə fəaliyyətlərə $200 milyon əməliyyat xərcləri və $1 milyard 700 milyon əsaslı xərclər çəkilib. 2014-cü il üçün bu rəqəmlərin müvafiq olaraq $200 milyon və $4 milyard olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir.

Ötən il BP və onun tərəfdaşları davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $2,7 milyon xərcləyiblər. Davamlı inkişaf təşəbbüslərinə neft və qaz ixtisaslı tələbələr üçün təqaüd proqramı; gənclər üçün 2-illik Biznes Rəhbərliyi Layihəsi (BRL); icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş layihəsi və sairə daxildir.

2012-DƏ 4.5, 2013-DƏ 2.7 MİLYON DOLLAR

2012-ci ildə sosial layihələrə 4.5 milyon dollar xərclənib. Ancaq «BP Azərbaycan» şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı AzadlıqRadiosuna deyir ki, 2013-cü ildə 2.7 milyon dollar xərclənməsi heç də layihələrin artıb-azalmasına dəlalət etmir:

«Elə layihələr başlayıb ki, onların ödənişi 2014-cü ildə olacaq. Bəzi illərdə çox iri layihəyə başlasaq da, həmin il layihə ödəniş həddinə çatmır və ödəniş həmin il edilmir. Məsələn, Qafqaz Universiteti ilə neçə milyonluq layihəmiz var - fakültələrin açılması, laboratoriyaların işə salınması. İndiyə qədər 2 milyona yaxın vəsait xərclənib. Yaxud Qobustanda ARDNŞ-in texniki təlim mərkəzi var. Çox böyük, 720 min dollarlıq layihədir, anlaşma memorandumu imzalanıb, ödənişi 2014-cü ildə olacaq. Ötən il olsaydı, indi bu rəqəm 3.4 milyon dollar olacaqdı. Ola bilsin, 2014-cü ildə sosial layihələrə sərf olunan məbləğ əvvəlki iki illərdən böyük olsun. Bu, hazırda işlənən layihələrin nə vaxt ödəniş səviyyəsinə çatdırılacağından asılıdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG