Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:54

Saatlının 3 kəndində 10 gündür evlərini isidə bilmirlər...


arxiv foto
arxiv foto
-
Saatlı rayonunun Qıraqlı, Bəylik və Mustafabəyli kəndlərinə təbii qazın verilişində ciddi problem yaranıb. Bu barədə AzadlıqRadiosuna Qıraqlı kəndində yaşayan, “Aran” ictimai birliyinin sədri Nəsrəddin Kərəmov məlumat verib.

“ADAMLARI SOYUQDAN DONDURMAQ HEÇ İNSAFDAN DEYİL”

Saatlı
Saatlı
Onun sözlərinə görə, son 10 gündə “mavi yanacaq”la təminatın olmaması səbəbindən adıçəkilən yaşayış məntəqələrinin əhalisi soyuqdan əziyyət çəkir:

“Qaz gah tam kəsilir, gah da çox zəif gəlir. Səbəbi ilə maraqlananda, deyirlər ki, bu kəndlərin işlətdiyi qaza görə borcu çoxdur. Havaların kəskin soyuduğu bir vaxtda qazı, işığı kəsib, adamları soyuqdan dondurmaq heç insafdan deyil.”

Nəsrəddin Kərəmov bildirir ki, problem əhalidə ciddi etiraza səbəb olub:

“Adamlar az qala hər gün yığılıb gedirlər qaz idarəsinə. Həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarına müraciətət etmişik. Fevralın 8-də Mustafabəyli kəndinin bir qrup sakini yerli əhəmiyyətli avtomobil yolunu bağlamağa cəhd göstərib, rayon prokurorluğuna şikayət edənlər var”.

QAZ AZ, TƏLABAT ÇOX

Saatlı rayon Qaz İstismarı İdarəsinin rəisi Rauf Babayev problemin borcla bağlı olmadığını deyir:

“Rayonda da belə bir şaiyə gəzir. İcra Hakimiyyətinin başçısı da qaz təchizatında hazırkı durum və o 3 kəndin problemi ilə ciddi maraqlanıb. Son 10 gündə heç bir yaşayış məntəqəsinə qazın verilişi dayandırılmayıb. Problem ondadır ki, həm istehlakçıların sayı, həm də havalar soyuyandan bəri qaza tələbat artıb. Əvvəl bizdə 3500 abonent vardı, indi onların sayı 5900-ü keçir. Buna görə istədiyimiz təzyiq alınmır. Xüsusilə, o 3 kəndin qoşulduğu xəttə daha çox yük düşür. Qıraqlı, Bəylik və Mustafabəyli kəndləri üzrə abonentlərin ümumilikdə sayı təxminən 1200-dür”.

BORULARDAN “BOĞAZINDAN” TIXAC GÖTÜRÜLƏCƏK

İdarə rəisi yaranmış problemi yerli təşkilatın aradan qaldırmaq iqtidarında olmadığını deyir:

“Rayona verilən qazın 2 qəbul nöqtəsi var. O vaxt təzyiqi azaltmaq üçün qəbul məntəqələrində borudaraldıcı “şayba” qoyulub. İndi onları çıxarmaq zərurəti yaranıb. Belə qurğulara biz müdaxilə edə bilmirik. Bununla “Azəriqaz”ın ayrıca bir qurumu məşğul olur. Mən yaranmış vəziyyətlə bağlı rəhbərliyə məlumat vermişəm. Fevralın 14-də həm “Azəriqaz”dan , həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən mütəxəssislər gəlib bu işi icra edəcək”.
XS
SM
MD
LG