Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45
-
“ELDAR NAMAZOV İNTRİQA USTASI VƏ YALAN VƏDLƏR PEŞƏKARIDIR”

EL hərəkatının sədri Eldar Namazov bugünlərdə verdiyi müsahibədə Milli Şuranın sədri Cəmil Həsənlinin ünvanına xeyli ciddi ittihamlar səsləndirib. İttihamlara münasibətini öyrənmək üçün “Azadlıq” qəzeti Cəmil bəyə müraciət edib.

- Eldar Namazov bildirib ki, El rəhbərliyi Sizinlə görüşüb seçkilərdə uğursuzluğa aparacaq durumu izah edib. Belə bir görüş olubmu?

- Qeyd edilən görüş olub və Eldar bəyin dediyi tərkibdə keçib. Doğrudan da onlar Milli Şurada Cəbhə və Müsavatın üstün rolundan narazılıqlarını bildirdilər. Seçki komissiyasını misal gətirdilər. Guya mənim Milli Şuranı iki partiyanın (AXCP və Müsavatın) nəzarətinə verdiyimi xatırlatdılar. Mən soruşdum ki, bu üstünlük nədən ibarətdir? İmza toplamaq məsələsi gələndə 45 min imzanın 42 minini bu partiyaların üzərinə qoyursunuz, amma Milli Şuranın strukturlarında onlardan üstün təmsil olunmaq istəyirsiniz. Biz həmin vaxt Strateji Mərkəz deyilən müvəqqəti qurum yaratmışdıq və EL-dən orada Eldar bəylə Zəfər bəy təmsil olunurdu, ara-sıra Eldəniz bəy də toplantılara qatılırdı. Bu həmin vaxtlar idi ki, Milli Şuranın Məşvərət Məclisinin formalaşdırılması haqqında müzakirələr başlamışdı. Ümumi rəy belə idi ki, partiya və hərəkat sədrləri, komissiya sədrləri və gənclər təşkilatlarının nümayəndələrindən ibarət bir Məclis təşkil edilsin. Tiflisdə razılıq olsa da, bu format EL-i təmin etmirdi. Bu halda Cəbhə, Müsavat, EL və ACP-nin hər birindən 2 nəfər Məclisdə təmsil olunurdu.
Azerbaijan -- Rashid Sherif's cartoon (sequestration)

Azerbaijan -- Rashid Sherif's cartoon (sequestration)


Söhbətin gedişində mənim hörmət elədiyim Zəfər bəy sözgəlişi dedi ki, o, özünü rəhbərlikdə görür. Əlbəttə, mən də belə düşünürdüm, amma gərək mexanizm olsun. Köçəri bəy isə irad tutdu ki, ermənistanlılar Milli Şuranın rəhbərliyində zəif təmsil olunub, bəs o, gərək ermənistanlıların nümayəndəsi kimi rəhbərlikdə təmsil olunsun. Mənsə zarafata dedim ki, axı Eldar bəy həmişə ermənistanlıların onun arxasında olduğunu vurğulayır. Amma Köçəri bəyə də dedim ki, incimə, bu prinsiplə Milli Şuranın rəhbərliyini formalaşdırmaq olmaz və mən belə yanaşmanı məqbul hesab etmirəm. Biz Milli Şuranın rəhbər orqanlarını regional əsasda formalaşdıra bilmərik və əlavə etdim ki, dostlar, rəhbərlikdə təmsil olunmaq istəyirsinizsə, bunun mexanizmini tapmalıyıq, amma bütün hallarda sizin rəhbər qurumlarda təmsilçiliyinizin Müsavat və AXCP-dən üstün olmasının izahını vermək çətin məsələdir. Bax, söhbət təxminən bu məzmunda oldu və nəticəsiz başa çatdı. Taleyin qəribə ironiyasıdır. Həmin söhbətlərin ideya müəllifi olan Eldar Namazov indi məni regionçuluqda, yerliçilikdə ittiham edir.

PREZİDENT ADMİNİSTRASİYASININ ŞÖBƏ MÜDİRİ İLLİK HESABAT VERİB

“Azərbaycan” qəzeti Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsini dərc edib. O bildirir ki, 2013-cü ildə vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılıb, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün prezidentin tapşırıq və tövsiyələri ilə daha təsirli tədbirlər görülüb:

“Dövlət hakimiyyəti orqanlarının vətəndaş müraciətlərinə münasibəti daha da yaxşılaşıb, bu orqanların rəhbərlərinin əhali ilə birbaşa təmasları adi hal alıb. Ölkənin bütün bölgələrində hər bir vətəndaş istədiyi mərkəzi icra hakimiyyəti orqanının rəhbəri ilə bilavasitə görüşmək imkanı əldə edib, vətəndaşların uzaq məsafə qət edərək həmin qurumlara gəlməsinə ehtiyac qalmayıb. Bu ünsiyyətdən və təmasdan həm dövlət orqanlarının rəhbərləri, həm də vətəndaşlar bəhrələniblər. Dövlət orqanlarının rəhbərləri cavabdeh olduqları sahələrdə vəziyyətlə yerlərdə yaxından tanış olub, yerli strukturların necə işlədiklərini, vətəndaşların problemlərinə nə dərəcədə obyektiv yanaşdıqlarını öyrənib”.

AZƏRBAYCANIN BİRİNCİ XANIMI KONSERTDƏ

Mehriban Əliyeva konsertdə

Mehriban Əliyeva konsertdə

Fevralın 12-də məşhur caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoterin Bakıda, Heydər Əliyev Mərkəzində solo konserti keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub. Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edib.

“ASAN”A 1 MİLYON 100 MİN ADAM MÜRACİƏT EDİB

Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibə verib. Fuad Ələsgərovun sözlərinə görə, hər hansı sürücü yol hərəkəti qaydasını pozduqda qəbul edilən inzibati cərimə barədə qərar və törətdiyi qayda pozuntusunun foto və ya videoçəkilişi “ASAN ödəniş” sistemi vasitəsilə həmin sürücünün e-mail ünvanına və ya mobil telefon nömrəsinə göndəriləcək. “ASAN ödəniş” sistemi vətəndaşı cərimənin ödənilməsi müddətinin bitməsi barədə xəbərdar edəcək. Vətəndaşlar istənilən inzibati cəriməni heç bir dövlət orqanına getmədən mobil telefonla ödəmə imkanı əldə edəcəklər.

Fəaliyyətə başladığı vaxtdan bu günədək “ASAN xidmət” mərkəzlərinə 1 milyon 100 mindən artıq insan müraciət etmiş və müxtəlif xidmətlərdən yararlanmışdır. O cümlədən mərkəzlərin əhatə etmədiyi rayonlarda xüsusi texniki vasitələrlə təchiz edilmiş avtobuslar vasitəsilə 60 minədək vətəndaşa səyyar xidmət göstərilib.

ƏLİAĞA HÜSEYNOV: “MƏNİM OĞLUM ƏSGƏR GETMƏLİ, SƏNİN OĞLUN KEF ÇƏKMƏLİDİR?”

Əliağa Hüseynov

Əliağa Hüseynov

1998-2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olan, hazırda isə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi fəaliyyət göstərən deputat Əliağa Hüseynov “Yeni Müsavat” qəzetinə müsahibə verib.

- Bəzən hesab olunur ki, xəstə, fiziki cəhətdən qüsurlu gənclər əslində məmur balalarını, varlıların uşaqlarını, ordudan yayındırılan digər şəxsləri əvəz edir. Siz məmurları, deputatları, bir sıra imkanlı adamları daha yaxşı tanıyırsınız. Bu mənada deyilənləri bölüşürsünüzmü?

- Mən sizi inandırıram ki, mənim də vaxtımda, ondan sonra da bütün məmurlar bilirdi ki, onların oğlanları hərbi xidmətdə olmasa, bu məsələyə hörmətli prezidentimiz pis baxır. Ona görə də kim o sözü deyirsə, öz payına deyir. Hansını istəyirsiniz, qaldırın sənədini, görün xidmət edib, etməyib. Sizi inandırıram, bu, qurama söhbətlərdir. Əvvəllər belə söhbət ortaya atdılar ki, gəlin hərbi xidməti pullu edək, kimin pulu varsa, versin, getməsin, Gürcüstandakı kimi. Biz torpaqlarımızın azad olunması uğrunda müharibə aparan bir dövlətik. Sağ-solumuz, hər tərəfimiz düşməndir. Pullu xidmət bizim haramıza yaraşır? Gah dedilər ki, şəhər uşaqları əsgər getməsin. Gənc gedib ata-anasının qanını almalıdır, necə yəni getməsin? Yaxud evin bir uşağı əsgər getməsin. Necə yəni getməsin? Belə çıxır ki, hamı oğlunu evləndirəcək ki, evin tək oğludur. Mənim oğlum əsgər getməlidir, sənin oğlun evlənib evdə kef eləməlidir?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG