Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Van Qoq evlənsəydi, bu gün o adda rəssam tanımayacaqdıq.

-

Kitablarımı yandırmaq gecə ağlıma gəldi.

Rəssamlıqda da satılanlar və əqidəsini qoruyanlar var.

Qarşıma məqsəd qoymuşdum ki, Şekspirdən də çox sonet yazacam. Həqiqətən də 174 sonet yazdım.



Şair-rəssam Fərhad Yalquzaqla söhbət


- Fərhad, bu yaxınlarda sənin öz şeirlər kitabını yandırmağına şahid olduq, bu, poeziyanın öldüyünə dair söz-söhbətlərin bir növ təsdiqi oldu. Bəs səncə, şeirin bir ədəbi növ kimi tamam silinib getməsi gözləniləndirmi?

- Əgər hələ bircə nəfər də olsun şeir yazan qalıbdırsa, o zaman şeirin ölümündən danışmaq yersizdir. Şeir o vaxt ölə bilər ki, heç kim yazmasın. İnsanlar nəsrə olduğu kimi, nəzmə də tələbat duyurlar, ancaq nəzmə təlabat daha böyükdür, çünki nəzm daha romantikdir, sevgi olduqca, duyğu olduqca romantikaya tələbat da olacaq, buna görə də şeirin ölümündən danışmaq yersizdir.
Fərhad Yalquzaq. Lampa

Fərhad Yalquzaq. Lampa


- Fikrimcə, sənin öz kitabını yandırmağın açıq-açığına diqqət çəkmək cəhdi idi. Səndən əvvəl öz kitablarını, yaxud əlyazmalarını yandıran xeyli adam olub deyə bu heç də orijinal bir piar yolu deyildi. Özü də əlyazmalarını yandıran Qoqol, Bulqakov bunu media qarşısında etməmişdi. Bəs sənin ağlına necə gəldi bu ideya, bundan bir şey əldə edə bildinmi?

- İdeya mənim ağlıma gecə yarısı, sərxoş vaxtı gəldi. Düşündüm ki, satılmayan kitablarım qutular halında evimdə əlavə yer tutur. Bu bir eksperiment idi və mən onun nəticələrindən razı qaldım. Bu yolla piar aparmağın harası pisdir ki? Əgər Cordano Bruno yanmasaydı insanlar Yerin kürə şəklində olduğuna inanmayacaqdılar, əgər Janna Dark yanmasaydı, fransızlar inqilabın gücünə inanmayacaqdılar, əgər Qarabağ qazisi özünü yandırmasaydı, prezident onun ailəsinə təqaüd verməyəcəkdi, gərək nə isə yansın, bir hadisə baş versin ki, insanlar inanmağa başlasın. Mən də kitablarımı yandırandan sonra dörd rayondan e-mail ünvanıma yazıb məndən kitab istədilər. Artıq rayonlarda məni tanımağa başladılar.

- Bəs səncə burda özünü aldatmaq yoxdurmu? Deyək ki, bir kitabını bu yolla satdırdın, ikincisində başqa bir yola əl atdın. Səncə artıq yaxşı kitablar yazmağın vaxtı gəlməyibmi?

- Məgər yaxşı kitablar yazanlar yoxdur? Var. Amma görürük ki, kitablar alınmır. Bir kitabın yaxşı satılmağı da hələ onun yaxşı olması anlamına gəlmir. Ümumiyyətlə, mənim keçirdiyim bu aksiyada məqsəd kitabımı satmaq deyil, insanlarda kitaba maraq oyatmaq idi.

- Təkcə şair yox, həm də rəssamsan. İxtisasca isə tərcüməçisən (İngilis dilindən Azərbaycan dilinə). Şeir və rəsmə maraq hardan yarandı?
Fərhad Yalquzaq. Qoca şaman

Fərhad Yalquzaq. Qoca şaman


- Şeir yazmağımın tarixi bir az uzağa gedir, ilk dəfə üçüncü sinifdə oxuyanda şeir yazmağa başlamışam. Sovet vaxtı uşaqlardan gələcəkdə hansı peşə ilə məşğul olmaq istədiklərini soruşanda üç peşə deyirdilər: həkim, müəllim və kosmonavt. Mənim də kosmonavtlara rəğbətim daha çox idi, birdən-birə Yuri Qaqarin haqqında şeir yazmaq gəldi içimdən. Bundan sonra 1994-cü ildə Xarici Dillər Univerisitetində oxuyarkən Şekspirin sonetləri ilə maraqlanırdım, sonetlərin quruluşu xoşuma gəlmişdi, Şekspirin 165 soneti var, mənsə qarşıma məqsəd qoymuşdum ki, Şekspirdən də çox sonet yazacam. Həqiqətən də 174 sonet yazdım. Deyim ki, rəssamların 99 faizi şeir yazır. Mənim tanıdığım rəssamların hamısı şeir yazır.

- Ancaq məncə onlar buna bir qədər hobbi kimi yanaşırlar. Elə rəssam varmı ki, həm parlaq şeirlər yazsın, həm də yaxşı rəssam olsun?

- Var, Ucal Haqverdi. O, 44 yaşında infarktdan öldü. Həddindən artıq gözəl şeirləri vardı, mən onun şeirlərini hətta Aydın Əfəndinin şeirləri ilə müqayisə edərdim.

- Bəlkə rəssamlar üçün şeir tamamlayıcı bir şeydir, rəsmdə özünü ifadə edə bilməsən şeirə keçirsən, şeirdə ifadə edə bilməyəndə isə rəsmə.

- Xeyr, rənglərlə hissiyyatı ifadə etmək və sözlərlə hissiyyatı ifadə etmək fərqli şeylərdir. Adətən rəssamdan çəkdiyi rəsmin mənasını soruşanda qarşısındakına əsəbləşir. Çünki öz əsərlərini izah edə bilmirlər. Onlar molbertin qarşısına keçəndə rəngləri müəyyən nöqtələrdə istifadə etmək üçün tələbat hiss edirlər, bunun səbəbi şüuraltının dərinliklərində gizlənir, şairlər rəssamlığa nisbətən şüuraltından az istifadə edirlər. Onların söz ehtiyatları var və bu söz ehtiyatı duyğularını ifadə etməyə kömək olur.
Fərhad Yalquzaq. Atəşgah

Fərhad Yalquzaq. Atəşgah


- Mən rəssamlara elə məsum varlıqlar kimi baxmıram. Rəssamlar adətən qeyri-adi tərzdə geyinirlər, kütlədən fərqlənməyə çalışırlar, saqqal və saç saxlayırlar, özünəməxsusluğunu qabartmağa çalışırlar. Sanki onlarda səliqəli ola bilməmək xəstəliyi var. Həm də bir rəssam mütləq əlavə bir neçə sənətlə də məşğul olmağa can atır.

- Bu çox təbiidir. Axı bu, yazıçılarda da var, hər bir yazıçı öz xarizmasına uyğun olaraq insanlardan seçilmək istəyir. Düzdür, rəssamlarda bu daha qabarıqdır. Onlar individuallıqlarını daha çox qabartmaq istəyirlər. Həm də onlar emalatxanada işləyirlər deyə, səliqəli görünməməyə haqq qazandıra bilirlər. Məsəlçün, tanıdığım bir rəssam var - Əziz Əzizov. Mən ilk dəfə onun emalatxanasını görəndə çox təəccüblənmişdim, orda ideal təmizlik var idi. Bu adam üçdüymə kostyumda, qalstukda emalatxanada oturub işləyir, həmişə əlləri tərtəmiz olur. Belə rəssam heç vaxt gözəl rəsm əsəri ortaya çıxara bilməz, çünki üzərinə sıçrayacaq rənglərdən qorxacaq. O daha çox qlamur işlər görəcək. Onun elə bir imkanı yoxdur ki, böyük bir fırçanı rəngə batırsın və kətana çırpsın.

- Bunu özünü təsdiqləmək problemi ilə əlaqələndirirəm, bizim cəmiyyətdə yazıçıların özünü təsdiqləməsi, tanıtması rəssamlara nisbətən daha asandır.

- Bununla razıyam, amma hesab edirəm ki, rəssamlar nə qədər az gözə dəysələr də, nə qədər kölgədə qalsalar da, yazıçılardan daha çox pul qazanırlar. Tutaq ki, Seymur Baycan 5-6 kitabın müəllifidir, bu qədər çox tanınır, amma yaradıcılığından pul qazana bilmir, rəssamsa azca tanınan kimi hər əsərindən üç-dörd min manat qazanmağa başlayır.

- Bəlkə ona görə ki, rəssamlıq ideoloji sənət deyil, yazıçılıq isə ideologiya ilə sıx bağlıdır. Axı bizdə hakim ideologiyaya loyallıq göstərən yazarlar da yaxşı dolanırlar.
Fərhad Yalquzaq. Yarımçıq kvadrat

Fərhad Yalquzaq. Yarımçıq kvadrat


- Xeyr, bununla razı deyiləm, onlar satılmış yazıçılardır. Satılan insan heç vaxt kasıb olmaz. Həqiqətən də bugünki avtoriatar cəmiyyətdə yazıçı olmaq rəssam olmaqdan qat-qat çətindir. Ancaq rəssamlıqda da satılanlar və əqidəsini qoruyanlar var. Götürək sovet dövrünü, onda sosrealizm dövrü idi, ancaq bəzi rəssamlar üçün yaşamaq yenə də çətin idi. Kamal Əhməd üçün, Cavad Mircavadov üçün, Əşrəf Murad üçün yaşamaq çətin idi. Bunlar kanonlara uymaq, çərçivələrə sığışmaq istəmirdilər, azad olmaq istəyirdilər, Leninin portretini çəkmək istəmirdilər, kolxozçuların, fəhlələrin şəklini çəkmək istəmirdilər. Məsələ ondadır ki, yaradıcı insan çərçivələrə sığışa bilməz, yarınmaq üçün yarada bilməz. Yarınan insan yarada bilməz.

- Parlaq nümunə kimi Maksim Qorkini göstərərdim, o indinin özündə də maraqla oxunan xeyli gözəl əsərlər yazıb, həm də ölənə kimi sovet hökümətinə yarınıb, böyük vəzifələrdə çalışıb.

- Maksim Qorki yaxşı əsərlərini yaratdığı dövrdə sovet hökümətinə yarınmamışdı, yalnız şöhrət qazandıqdan sonra yarınmağa başlamışdı və bütün istedadını itirmişdi. Ölənə kimi ancaq gəncliyində yazdıqlarının kölgəsinə sığınıb yaşamışdı.

- Bizim underground ədəbi mühitinin qəribə xüsusiyyətləri var, burda içki var, qadınlar var. Bura girən adamlar ailə ilə vidalaşır. Sərbəst həyata üstünlük verir. Səni underground-da cəlb edən cəhət nədir, o sənə nə verir?

- Mən buna tam underground deməzdim. Underground - təqib olunan deməkdir, amma bizim yığışdığımız o mühit təqib olunmur. Bəlkə də təqib olunur, amma buna elə də ciddi yanaşılmır. Mənim üçün rəssamların çevrəsindənsə yazıçılar maraqlıdır. Rəssamlar otururlar, yeyib-içirlər, Pikassodan, Dalidən, Munkdan, Modelyanidən danışırlar və bununla da söhbət yekunlaşır. Söz aləmi isə daha genişdir, orda çox maraqlı şeylər eşidirsən. Mənim keçmiş həyat yoldaşım mənə deyirdi ki, sən yazıçılara qoşulandan sonra tamam dəyişibsən, başqa adam olmusan. Mənsə əksinə düşünürəm ki, söz aləmində özümü tapmışam. Yalnız rəssamlıqla məşğul olduğum vaxtda mənim adımı yüz nəfər bilirdisə, indi minlərlə adam məni tanıyır. O ki, qaldı ailə məsələsinə, bəli ailə yaradıcılığa çox böyük əngəldir.

- İndi yadıma Uilyam Folkner düşür, o, nümunəvi ailə başçısıydı, hətta ailəsini yaxşı təmin edə bilmək üçün Hollivudda ssenari də yazırdı. Ya da Stefan Sfeyq... o, ailəsinə bağlı, həm də çox məhsuldar bir yazar idi. Brodski isə deyirdi ki, ədəbiyyatda uğur qazana bilməyən adamlar adətən uğursuzluğun səbəbini ailədə axtarır.
Fərhad Yalquzaq

Fərhad Yalquzaq


- Mənim şəxsi düşüncəmə görə, ailə yaradıcı insan üçün bir növ əyləcdir. Yaradıcı insan və ailə tərs mütənasibdir. Sən dediyin kimi yazarlar həqiqətən də olubdur. Amma yaradıcılığının pik nöqtəsinə çatan yazarlar və rəssamlar heç vaxt ailəli olmayıblar. Şərt odur ki, yaradıcı insan yaşadığı yerdə yaratmasın. Rəssamın emalatxanası, yazıçının kabineti yaşadığı yerdən kənarda olmalıdır. Çünki məişət yaradıcılıq üçün bir bataqlıqdır. Mən Pol Qogendən misal gətirə bilərəm. O, 40 yaşına çatanda dörd uşağı ilə birlikdə arvadını atıb evdən gedir. Əgər Qoqen çıxıb getməsəydi, biz bu gün onun adında bir rəssam tanımayacaqdıq. Yaxud Vinsent Van Qoq. O, 27 yaşında yaradıcılığa başladı, on il işlədi, on il ərzində 800-ə yaxın əsər çəkdi, heç vaxt evlənmədi. Əgər evlənsəydi bu gün o adda rəssam tanımayacaqdıq. Başqa birisi, Anri de Tuluz Lotrek. O həyatının böyük bir hissəsini fahişəxanalarda keçirib və heç vaxt evlənməyib, Van Qoq kimi o da 37 yaşında dünyasını dəyişib.

- Bəlkə bu bir-iki nümunə yaradıcı adamları heç vaxt evlənməməyə təhrik edib?

- Xeyr, təhrik etməyiblər, onlar öz həyatlarını yaşayıblar.

Söhbətləşdi: Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG