Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:14

Məni kim öldürdü?! (Romandan parça)


Günel İmran
Günel İmran
-

Günel İmran


MƏNİ KİM ÖLDÜRDÜ?

(Romandan parça)


Dünyanın meyitini zibil konteynerində aşkar edən Ümid üçün həmin gecə çox ağır keçmişdi.

Ürkək, qəribə görkəmli, cılız oğlan o gecə yüksək hərarətdən yanır, tir-tir əsirdi. Həmin axşam xəstələnməsi səbəbindən barın sahibi ona istirahət vermişdi.

Uşaq evini tərk etdikdən sonra bu bar ona ev, sığınacaq olmuşdu.

Onun yaşadığı uşaq evində uşaqların çoxu küçələrə düşmək, damsız qalmaq qorxusundan heç vaxt böyümək istəmirdilər. Barın sahibi Ümidin atıl-dığı yetimxanaya tez-tez yardım edirdi.

Gözləri valideyn axtaran bu kimsəsizlərə bacardığı qədər köməklik göstərirdi. Ümidi də ona görə öz himayəsinə götürmüşdü.

Bardan yüksələn musiqi sədaları ilə Ümid çarpayısında hərarətdən qıvrılır, sayıqlayır, rabitəsiz sözlərlə nəsə deyirdi. Uzun illərdən sonra ilk dəfə idi ki, nənəsi yuxusuna girmişdi. Nənəsini son gördüyü vaxtlar yuxusunda yenidən canlanırdı.

Onda Ümidin dörd yaşı vardı. Bir səhər nənəsini nə qədər səsləsə, tərpətsə də oyada bilməmişdi. Nənəsinin onunla oyun oynadığını sanmışdı. Saatlarla nənəsinin cansız bədənini qucaqlayıb ağladıqdan sonra qəhvəyi rəngdə, nəhəng seyf qapını balaca, toppuş əlləri ağrıyanadək döymüşdü. Nənəsinin son dəfə bağladığı qapı kilidini aça bilməmişdi.

Nənəsinin ölməsini də anlamamışdı. Nənəsini dartışdırmaqdan yorulmuş, evdə əli çatan şkafları dağıdıb tökmüşdü. Şkafdan tapdığı bir qutu şokoladı sevinərək yemiş, sonra isə nənəsinin soyuq bədəninə qısılaraq yatmışdı. Bütün bunlar üç gündən sonra qonşuların xəbər tutmasına qədər davam etmişdi.

Bu gecə Ümid yuxusunda illər keçsə də ilk dəfə idi ki, nənəsi ilə bir vaxtlar bəxtiyar yaşadığı iki otaqlı həyət evinin içində dolaşırdı. Yuxu olsa belə rəngləri, ətirləri, səsləri, hər bir xırdalığı aydınca duyurdu.

Nənəsi nanəni çox sevdiyindən həyətlərindən heç vaxt nanənin özü və ətri əskik olmazdı. Ümid yeddi aylıq körpəykən atası işlədiyi tikintidə damdan yıxılıb həlak olmuşdu. Anası Ümidə sahib durmayıb onu ata nənəsinin üstünə atmışdı. Nənəsinin vəfatından ötən bir neçə gündə qonşular onun anasını tapıb oğlu Ümidə sahib çıxmasını istəmişdilər. Anası gəlmişdi. Qonşu arvadlar Ümidə onu göstərərək “bu sənin anandı” – demişdilər.

Qadın ona şirin qarğıdalı gətirmişdi. Qonşular Ümidin əşyalarını çantaya yığmışdılar. Nənəsi yanında olanda Ümid heç vaxt ana yoxluğunu hiss etməmişdi. Nənəsinin get-gedə şişən, qəribə qoxu verən cansız bədəninə qısıldığı həmin gecələrdə kiminsə gəlib onu aparmasını çox istəmişdi.
XS
SM
MD
LG