Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:01

Hansı xəbərlərə qadağa qoyulacaq? [Video]


-

«İşdən Sonra» verilişində psixoloq Azad İsazadə, jurnalist Seymur Kazımov və media məsələləri üzrə ekspert Xalid Ağəliyev informasiyaların insanların psixikasına mənfi təsirinin qarşısını almaq üçün hazırlanan qanun layihəsinə münasibət bildiriblər.

Psixoloq Azad İsazadə hesab edir ki, psixoloji təhlükəsizlik ümumi anlayışdır:

«Psixoloji təhlükəsizlik anlayışı çox şərtidir. Bu termini ehtiyatla işlətmək lazımdır. Əgər söhbət mənəviyyata ziyan vuran informasiyalardan gedirsə, o zaman gərək Azərbaycanın bütün televiziya proqramlarına qadağa qoyulsun. Hər hansı saytı bağlamaqla Suriyaya gedən muzdlu döyüşçülərə əngəl olmaq olmaz. İnternet olmayanda da muzdlu döyüşçülər həmişə vardı. Dövlət bu problemi təhlükəsizlik baxımdan həll etməlidir...».

Psixoloq deyir ki, intihar xəbərləri insanların intihara meyl etməsində çox cüzi rol oynayır:

«Müəyyənləşdirmək lazımdır ki, intihar dalğası nədir, niyə Azərbaycanda belə bir vəziyyət yaranıb. İntihar etmək istəyən insan bu duruma müəyyən ümidsizliklərdən sonra gəlib çıxır, hər hansı intihar xəbərini eşitməsi isə həmin insanın bu addımı atmasında, sadəcə, son damcı ola bilər. Bu halların qarşısını almaq üçün xüsusi araşdırma mərkəzləri yaranmalıdır və müəyyən təlimatlar hazırlanmalıdır. Qanun isə qadağa qoyur və bu qanundan kim necə istəyir elə də istifadə edir...».

«ƏSAS MƏSƏLƏ XƏBƏRİ NECƏ ÇATDIRMAQDIR»

Jurnalist Seymur Kazımov informasiyanı tənzimləyən yeni bir qanuna ehtiyac olmadığını deyir:

«Konstitusiyanın 50-ci maddəsi hansı hallarda informasiyanın verilə bilməyəcəyini göstərir. Bu baxımdan yeni bir qanuna ehtiyac görmürəm. Söhbət Suriyaya gedən Azərbaycan vətəndaşlarından gedirsə, bunun qarşısını almaq üçün əhalini maarifləndirmək lazımdır. Mediada ekspertlərin iştirakı ilə verilişlər hazırlanmalıdır. Yeni bir qanunla nəyinsə qarşısını almaq mümkün olmayacaq...».

«İntihar informasiyadır. Jurnalist bu informasiyanı cəmiyyətə çatdırmalıdır. Əsas məsələ isə bu cür xəbərləri necə çatdırmaqdır. Bu məsələ də jurnalist etikasıyla tənzimlənir. Belə bir qanun medianın fəaliyyətini məhdudlaşdıra bilər. Mediaya imkan vermək lazımdır ki, insanları maarifləndirsin. Bu gün mediada intihar hallarının işıqlandırılması sadəcə nəticədir. Səbəblər mediada deyil. Bu, sosial bir partlayışdır, sosial bir bəladır. Səbəbləri axtarıb aşkar etmək, müəyyən tədbirlər görmək lazımdır. Məsələ müsbət həll olunacaqsa, media bunu da işıqlandıracaq və insanlara müsbət təsir göstərəcək...».

Media eksperti Xalid Ağəliyev də hesab edir ki, belə bir qanunun qəbulu informasiya azadlığını məhdudlaşdıra bilər:

«İnformasiya təhlükəsizliyi dağınıq şərti anlayışdır. Çox təəssüf ki, bu cür şərti anlayışlardan istifadə edib qanunların hazırlanmasını, müəyyən qanunlara dəyişikliklər edilməsini görmüşük. İstənilən halda bu cür qanunlar insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlib. İnformasiyaların verilməsi ilə bağlı ümumi çərçivələr beynəlxalq səviyyədə və milli qanunvericilikdə öz əksini tapıb. Mən hesab etmirəm ki, Azərbaycanda ifadə azadlığını xüsusi bir tənzimləməyə ehtiyac var. Azərbaycanda media azadlığının durumu onsuz da bərbad durumdadır. Bu cür bir qanun qəbul edilərsə, informasiyanın topluma ötürülməsi üçün mövcud olan imkanlar daha da məhdudlaşdırılacaq... ».
XS
SM
MD
LG