Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:21

Kürdəmirdə sahibkarlar cərimələrdən şikayət edirlər...


«Kolxoz bazarı»
«Kolxoz bazarı»
-
Kürdəmir rayonu «kolxoz bazarı» adlanan ərazidə sahibkarlar yerli məmurların onlara işləməyə imkan vermədiklərini deyirlər.

Sahibkarlardan Natiq Mütəllimov bildirir ki, rayon polisi onlara öz mağazalarının qarşısına mal çıxarmağa qoymur:

«Polis öz hərəkətini belə əsaslandırır ki, guya bu, küçə ticarətidir. Halbuki, burada heç bir küçə alqı-satqısı yoxdur. Hamı dövlətə vergi ödəyir. Bazarın qarşısındakı körpünün altında küçə ticarəti həyata keçirilir. 20, 30 metr ərazini zəbt edib alver edirlər. Özü də düz zibilliyin yanında. Orada kartof, soğan və meyvələr satılır. Bax, ona heç kim söz demir. Bura bazarın ərazisidir və biz də bu ərazidə işləyirik».

SAHİBKARLARIN ÇOXUNA CƏRİMƏ YAZILIB

Natiq Mütəllimov deyir ki, ərazidə işləyən sahibkarların əksəriyyətinə cərimə yazılıb:

«Bilmirik cəriməni ödəyək, yoxsa işimizi görək. Dövlətimizin yuxarı təbəqələrindən xahiş edirik bir tədbir görsünlər. Burada hamı zəhmətkeş, əzabkeş insanlardır. Hər gün evdən çıxırlar ki, balalarına bir tikə çörək aparsınlar. Budurmu sahibkara xidmət?».

«BÜTÜN SƏNƏDLƏRİMİZ QANUNİDİR»

Sahibkar Gülağa Məmmədovun dedikləri:

«Bazarın üst tərəfində nə qədər sahibkar varsa, hər ay icarə və digər xərcləri ödəyirlər. Bütün sənədlərimiz qanunidir, heç bir küçə ticarətindən söhbət gedə bilməz. Müştəri mağazadan nə isə alıb, çöldə yerə qoyub maşın gözləyir, mağaza yiyəsinə cərimə yazılır. Şirkətlər, firmalar mal gətirir, yerə töküb, sayıb, təhvil almalıyıq. Sən mağazada mal yiyəsi ilə halallaşıb qurtarmamış, görürsən, artıq cərimə yazılıb».

Körpünün altında, düz zibilliyin yanında kartof, soğan və meyvələr satılır
Körpünün altında, düz zibilliyin yanında kartof, soğan və meyvələr satılır
QARABAĞ VETERANININ MAĞAZASI UÇURULUB

Sahibkar Razim Şıxəliyev:

«Mən Qarabağ müharibəsi iştirakçısıyam, dəfələrlə yaralanmışam. Körpünün altında 1500 manat xərc çəkib bir balaca «budka» qoymuşdum ki, bir təhər ailəmi dolandırım. Rayon polis şöbəsinin əməkdaşları gəlib dedilər ki, burada olmaz, bu, qanunsuzdur. Mən razılaşdım. Polis mənim yerimi iştirakım olmadan dağıdıb, zibilliyə atıb. Mən 1500 manat xərc çəkmişəm, heç olmasa, müəyyən şeyləri söküb həyətimə aparardım da. İndiyədək mənə vurulan ziyan ödənilməyib».

«KÜRDƏMİRİN YİYƏSİ YOXDUR»

Razim Şıxəliyev deyir ki, bu məsələ ilə bağlı rayon məhkəməsinə müraciət edib:

«Kim ki, rüşvət verir, istənilən yerdə alver edir və heç küçə ticarəti, filan da yada düşmür.
Sahibkarlar
Sahibkarlar
Kim rüşvət vermir, onu, bax, belə cəzalandırırlar. Buna bir son qoyan olacaqmı? İndi mən məcburiyyət qarşısında, ailəm ac qalmasın deyə, küçələrdə balıq satıram. Mən bütün dünyaya car çəkirəm. Kürdəmirin yiyəsi yoxdur».

«ANTİSANİTAR VƏZİYYƏT YARATDIQLARI ÜÇÜN...»

Kürdəmir rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Xəyyam Səlimovun sahibkarların şikayətinə cavabı:

«Qısa olaraq onu deyim ki, baş verənlərdən xəbərimiz var. Sadəcə, burada qanunsuz heç bir olay baş vermir. Həmin insanlar, sahibkarlar bazarın çölündə antisanitar vəziyyət yaratdıqları üçün onlara bu qadağa tətbiq olunur. Rayonumuzda həmişə sahibkarlığa ciddi dəstək olub və gələcəkdə də hesab edirəm ki, davam edəcək, vəssalam».

POLİSİN MƏSLƏHƏTİ...

Çox çalışsaq da rayon polisinin mövqeyini isə öyrənə bilmədik. Hətta polisdən dedilər ki, tezliklə rayonu tərk etməsəm başım ağrıya bilər...
XS
SM
MD
LG