Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:43

Bankdan kredit ala bilməyənləri bank borclu çıxardı


Qurban Məmmədov
Qurban Məmmədov
-
«AZƏRBAYCANDA BÜTÜN MƏHKƏMƏ ORQANLARI OBYEKT KİMİ FƏALİYYƏT GÖSTƏRİR...»

«Azərbaycanda bütün məhkəmə orqanları obyekt kimi fəaliyyət göstərir və Məhdud Məsuliyyətli Cəmiyyət kimi idarə olunur».

«Azadlıq» qəzetinin yazdığına görə, bu fikirləri həbsdə olan hüquqşünas Qurban Məmmədov fevralın 7-də apellyasiya məhkəməsindəki çıxışında deyib:

«Azərbaycanda siyasi sifarişə boyun əyməyən hakim yoxdur».

PALÇIQ ŞƏHƏRİN PALÇIQ ADAMLARI

«Bu dəfə Balaxanıdan keçəndə sürəti tam azaltmalı oldum. Çünki yağışdan sonra asfalt siçan yemiş döşək ağına bənzəyirdi, dəlmə-deşiklərin sayı yox idi. O qədər yavaş sürürdüm ki, darıxdığımdan ətrafı seyr etməyə başladım».

«Ayna» qəzetindəki bu qeydlər «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevə məxsusdur.
Balaxanı
Balaxanı

«Gedirsən, gedirsən, palçıq gölməçələr bitmək bilmir və onların içi palçıq adamlar yeriyir. Şəhərdə ucuz zövqlü saraylar tikənlər, bir küçəni ildə iki dəfə asfaltlayanlar, bahalı-bahalı daşlarla üzlədikləri binaları bir gün buldozerin ağzına verib uçuranlar, görəsən, heç bu palçıq adamları görüblərmi?... Axır ki, axşam yuyulmuş, indi isə pəncərəsinəcən zığa batmış maşınım Heydər Əliyev prospektinə çıxır. Bura «hökumət trassası»dır. Ona görə də yolun solu-sağı gül-çiçəklə, gözəl hasarlarla bəzədilib... Bir də, Allah insanı palçıqdan yaradıbsa, onun bəndələrinin palçıqda yaşamasında nə qəbahət var ki?».

MÜXALİFƏTİN SƏMİMİYYƏT KÖRPÜSÜ ÇOXDAN YANIB

«Yeni Azərbaycan» qəzeti yazır ki, «radikal düşərgənin xəmiri burda cəm olan partiyalar, siyasi qruplar və ayrı-ayrı şəxslər arasındakı antaqonist ziddiyyətlərdən yoğurulub. Bu da, ilk növbədə onunla bağlıdır ki, təmsilçilər radikal düşərgəyə ümumi məqsədlər naminə deyil, sırf konyunktur maraqlara görə üz tutublar».
Foto: Arxiv
Foto: Arxiv

BANKDAN KREDİT ALMAYANLARA KREDİT BORCLARI

«Bizim yol» qəzeti fəaliyyəti iki il əvvəl dayandırılan «Royal Bank»dan yazır. Qəzetin bildirdiyinə görə, bankın Tovuz filialı onlardan kredit almayan adamlara borclar yazıb.

«Bizim yol»a müraciət edən rayon sakinlərindən birinin dediyinə görə, ona «Royal Bank»a 10 min manat borcu olması haqda məktub gəlib. Hətta qeyd olunub ki, borcu 5 gün müddətinə ödəməsə, həbs olunacaq. Guya o, 2009-cu ildə götürdüyü krediti vaxtında qaytarmayıb. Tovuz sakini isə deyir ki, o həmin filiala sənədlər təqdim edib kredit almaq istəsə də, ona pul verilməyib. Onun banka verdiyi sənədlər də geri qaytarılmayıb.

İKİ İL ƏVVƏL TƏMİR EDİLƏN SARAY YENİDƏN TƏMİRƏ DAYANIB

«Yeni Müsavat» qəzeti bir müddət əvvəl təmirinə 12 milyon manat xərclənən Əl Oyunları Sarayının yenidən təmirə dayandığını yazır.

Əl Oyunları Sarayı
Əl Oyunları Sarayı
Səbail rayon İcra Hakimiyyətindən qəzetə bildiriblər, təmir işləri bir müddət əvvəl başlayıb:

«Təmir işlərindən sonra bina müasir görkəm alacaq. Bu işlər 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Olimpiya Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilir».

Qəzet sarayın bundan əvvəl «Eurovision-2012» musiqi yarışması ilə əlaqədar əsaslı təmir edildiyini yazır.

«BİRLİKLƏRİN HAMISINDA EYNİ ŞƏXSLƏR PROSESLƏRİ DALANA GƏTİRİB ÇIXARIB»

«Azərbaycan müxalifətində əksər formatlar sınanıb, heç bir ciddi nəticə əldə olunmayıb».

Bunu barədə Trend-ə müsahibəsində Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Onun fikrincə, birliklərin hamısında eyni şəxslər prosesləri dalana dirəyib:

«İndi istəyirik ki, yeni bir model ortaya qoyaq. Çalışırıq 2015-ci il seçkilərinə qədər nəsə edək, amma hələlik hamının başı müxalifətdaxili davaya qarışıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG