Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

London Təhlükəsizlik Şurasındakı kürsüsünü itirə bilər.

-
Britaniyanın baş naziri David Cameron Şotlandiyanı Birləşmiş Krallığın tərkibində qalmağa çağıran emosional çıxış edib.

Londonun Olimpiya parkında etdiyi çıxışda baş nazir şotlandlara xəbərdarlıq edib ki, Şotlandiyanın müstəqilliyinə həsr olunmuş referendumda “hə” nəticəsi, Britaniyanın qlobal tamlığını poza, onun maliyyə və siyasi sabitliyini laxlada bilər.

“Biz birlikdə BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyə sahibik, NATO və Avropada əsil bütövlüyə malikik, G8 kimi böyük beynəlxalq təbdirləri qonaqlayırıq – deyib baş nazir, - Biz Birləşmiş Krallıq kimi siyasi, hərbi, diplomatik və mədəni baxımdan daha əhəmiyyətliyik”.

Baş nazir deyib ki, ayrılıq baş versə, mədəni irs, Sherlock Holmes, Emeli Sande və şotland viskisi –itiriləcək.

BBC-nin Londondakı iqamətgahı

BBC-nin Londondakı iqamətgahı



“Biz bir yerdə qüdrətli brendik” – deyib Cameron.

BBC və bp adları yox ola bilər

Mətbuat itiriləcək başqa brendləri də yada salır. Britaniya sözü sıradan çıxarsa, BBC-nin (British Broadcasting Corporation), BP-nin (hərçənd BP öz loqosunu kiçik hərflərlə bp-yə dəyişməklə “british” sözünü öz adından artıq çıxarıb və ən azı Britaniya mətbuatı “British Petroleum” adını işlətmir) bir brend kimi adlarının heç bir əhəmiyyəti qalmayacaq.

Bu ilin 18 sentyabrında keçiriləcək referendumda şotlandlar 5 milyonluq əhalisi olan əyalətin müstəqil dövlətə çevrilib-çevrilməməsi barədə suala cavab verməlidirlər.

Bu ayrılıq həm də Şotlandiyanın İngiltərə ilə 307 illik ittifaqına son qoyacaq.

Britaniyanın baş naziri bunu xüsusilə vurğulayıb ki, Şotlandiya onun üçün həm də şəxsi məsələdir, beləki, onun əcdadları kök etibarilə məhz bu əyalətə bağlıdırlar.

Cameron da şotland imiş…

“Mənim soyadım Qərbi Haylanddan gəlir. Deyəsən “qarğaburunlar” deməkdir. Bu tayfanın emblemində “Bir olaq” sözləri yazılıb. Mən həm şotland, həm də ingilis irsimlə fəxr edirəm” – deyib Cameron.

Şotlandiya Millətçi Partiyasının lideri Alex Salmond Britaniya baş nazirini "ağciyər" adlandırıb

Şotlandiya Millətçi Partiyasının lideri Alex Salmond Britaniya baş nazirini "ağciyər" adlandırıb



David Cameron izah etməyə çalışıb ki, Britaniya hazırda xarici investisiyalar üçün bütün Avropada ən cəlbedici ölkədir.

“Bu, bizim stabilliyimizə görə belədir, gəlin bu stabilliyi əngələ salmayaq” – deyib baş nazir.

David Cameron söyləyib ki, müstəqil Şotlandiya ilə vahid valyutanın işləməsi son dərəcə çətin olardı.

Şotlandiyanın müstəqilliyi üçün çarpışan millətçi SNP partiyası iqtisadi baxımdan məhz buna ümid edir və ən azı ilk dövrdə milli valyuta kimi funt sterlinqdən istifadəni davam etdirməyi düşünür.

London Təhlükəsizlik Şurasındakı kürsüsünü itirə bilər

Əgər Şotlandiya öz müstəqilliyinə “hə” deyərsə, NATO-nun bu əyalətin sahillərində yerləşən nüvə sualtı qayıqlarının da baza məsələsi ortaya çıxacaq.

Analitiklər deyirlər ki, bütün bunlar, Britaniyanı BMT Təhükəsizlik Şurasının daimi üzvlüyündən məhrum edə bilər.

Şotlandiyanın ayrılması Londonun Avropa İttifaqındakı nüfuzuna zərbə vuracaq, sözünün kəsərini azaldacaq.

David Cameron-a yaxın dairələr bildiriblər ki, o, tarixdə “Şotlandiyanı itirmiş baş nazir” kimi qalmaq istəmir.

Bununla belə, Cameron başa düşür ki, şotlandları dilə tutmaq üçün heç də ən münasib fiqur deyil, beləki Şotlandiya həmişə İngiltərədən daha sol-təmayüllü olub.

Mühafizəkarlar 59 mandatlıq Şotladiyada cəmi bir mandata sahibdirlər.

Referendum bu gün keçirilsəydi…

Lakin rəy sorğuları göstərir kİ, referendum günü bu gün keçirilərsə, şotlandların əksəriyyəti müstəqilliyə “yox” deyərdi.

NATO-nun Britaniyadakı atom sualtı qayıqları Şotlandiya sahillərindədir

NATO-nun Britaniyadakı atom sualtı qayıqları Şotlandiya sahillərindədir



Bununla belə, hələ çox sayda tərəddüd keçirən adamlar var və qarşıdan gələn 8 ayda ictimai rəyin hansı şəkildə dəyişəcəyi bəlli deyil.

Məhz buna görə də, Cameron çıxışında deyib ki, “əsrlərin tarixi havadan asılı qalıb. Birləşmiş Krallığın taleyi üzərindən sual işarəsi asılıb".

Şotlandiya Millətçi Partiyasının – SNP-nin lideri Alex Salmond Cameron-un belə bir çıxışı İngiltərə yox, Şotlandiyada etməli olduğunu söyləyib.

Britaniya baş nazirini bu çıxışa görə kəskin tənqid edən Alex Salmond onu açıq debata çağırıb.

Şotlandca “ağciyər”

David Cameron hələlik bu təklifdən imtina edib. Öz növbəsində Salmond Cameron-u şotland dilində “ağciyər” adlandırıb.

Britaniyanın bütöv və vahid bir ölkə kimi qalmasını istəyənlər bildirirlər ki, Şotlandiya hazırda yüksək dərəcədə muxtariyyətə malikdir.

Təhsil, səhiyyə, mədəniyyət, turizm kimi sahələr birbaşa Edinburqa aiddir. London yalnız müdafiə və xarici siyasəti öz əlində saxlayıb.

Şotlandiya bayrağı

Şotlandiya bayrağı



Şotlandiya müstəqil futbol federasiyasına malikdir və dünya çempionatlarında öz bayrağı altında çıxış edir. Futbolsevər bir ölkədə bu son dərəcə mühüm müstəqillik atributudur.

Müqayisə üçün deyək ki, Moskva belə bir hüququ keçmiş sovet respublikaları üçün tanımırdı.

Digər bir rəy sorğusu isə göstərib ki, Britaniyanın Uels və Şimali İrlandiya kimi iki başqa əyalətində yaşayanların əksəriyyəti şotlandların ayrılmasının əleyhinədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG