Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:38

Azərbaycanda tanınmayan dünyaca məşhur yazıçı


Evelyn Waugh
Evelyn Waugh
-

1965-ci ildə Kilsə Məclisi yüzillərdən bəri çıxıb gələn təməl katolik ənənələrini ləğv etdi, katolik kilsə xidmətçilərinin səlahiyyətini azaltdı, dini mərasimlərin dilini latın dilindən, mərasim keçirilən ölkənin dilinə dəyişdirdi.

Bu, köhnə dünyaya vurğun olan, katoliklik ənənələrini tərənnüm edən bir yazar kimi İvlin Voya ölümcül zərbə oldu...



Namiq Hüseynli


AZƏRBAYCANDA TANINMAYAN DÜNYACA MƏŞHUR YAZIÇI


İvlin Vo (Evelyn Waugh) XX əsrin ən məhşur yazıçılarından biri, satirik və mahir stilist, dünyaca məşhur şedevrlərin müəllifidir.

İvlin Vonun əsərləri oxucular arasında olduqca maraqla qarşılanır və bu günün özünə də o həm yumorist, həm də nəsrdə özünə xas stilə malik bir yazar kimi tanınır.

Azərbaycan oxucusu üçün İvlin Vo tamamilə naməlumdur, indiyə qədər bu böyük satirikin heç bir əsəri Azərbaycan dilinə çevrilməyib.

“Bu dahi yazıçı çətin xasiyyətli bir insan olub” – deyə onun bioqrafiyasını yazmış Selina Hastinqs deyir. Hastinqs kitabının elə ilk cümlələrində yazır:

“İvlin Vo haqqında ictimai rəy iki fakt əsasında formalaşıb: birincisi, o 20-ci əsr ingilis nəsrində ən yaxşı stilistlərdən biridir, ikincisi isə şəxsi həyatında o dəhşətli insan olub. Birinci faktı təsdiqləmək üçün əsərlərini oxumaq, ikincisini təsdiqləmək üçün onun həyatına müraciət etmək lazımdır”.

İvlin Vo orta təbəqədən olan bir ailədə dünyaya göz açıb və məşhur redaktor, naşir və esseçi Artur Vonun kiçik oğludur. İvlin ana tərəfdən hansısa üçüncü dərəcəli lord nəslindəndir, lakin onun ailəsini heç bir halda aristokratik ailə hesab etmək olmaz. Hərçənd ailənin mədəni səviyyəsi və maliyyə imkanları İvlini əvvəl nüfuzlu məktəbdə, sonra isə Oksford Univerisitetində oxumasına yetmişdir.

Onun böyük qardaşı Alek Vo (1898-1981) da yazıçı olub. Alek oğlan məktəbi olan Şerbonda oxumuş, lakin məktəbi bitirməyə az qalmış çap etdirdiyi “Gəncliyin kölgəsi” (“The Loom of Youth”) adlı mübahisəli romanına görə məktəbdən qovulmuşdur.

Roman Şerbon məktəbində oğlan tələbələr arasındakı seksual münasibətlərdən bəhs edirdi və məktəb rəhbərliyi bunun məktəbin nüfuzuna zərbə vuracağından ehtiyatlandığı üçün Alek Vonu məktəbdə qovur. Buna görə həmin məktəb Alekin kiçik qardaşı olan İvlini qəbul etmir və atası onu özəl Anqlikan kilsə məktəbi Lansinqə göndərir. Bu onun həyatına təsirsiz ötüşmür, onun dinlərə marağı heç vaxt ölmür, lakin Lansinqdə oxumağına baxmayaraq o elə uşaq yaşlarından inamını itirib aqnostik olur. Bütün həyatı boyu isə o qədim ingilis dini ənənələrini müdafiə edərək ingilis kimliyini ayaqda saxlamağa çalışmışdır.

Vo ilk gənclik illərində ağacoyma sənəti ilə yaxından maraqlanır, daha sonra isə mebellərin və ağacdan müxtəlif fiqurların düzəldilməsini öyrənməyə çalışır. Bundan əlavə onun jurnalistikayla da məşğul olduğu məlumdur.

Onun ilk romanı “Düşkünlük və tənəzzül” 1928-ci ildə ingilis qəzetlərində hissə-hissə çap olunur. Bunun ardınca “pis yola düşmüş gənclər”dən bəhs edən digər romanları da qəzetlərdə çap olunur, böyük oxucu kütləsinə çatır, tənqidçilər tərəfindən yaxşı rəylərlə qarşılanır.

Sonradan Vo Oksforda daxil olsa da orda imtahanları vermədiyi üçün univerisiteti bitirə bilməmişdir. Təhsildə belə uğursuzluğunun səbəbi mütəmadi sərxoşluğu idi. Onun ilk hekayəsi olan “Tarazlıq”dan sonra qəzetlərin birində bu hekayə haqda yazılmış rəydə deyilir: “sərxoş insanın ürəkbulanmasını dəqiqliklə və təsirli şəkildə təsvir edən bir hekayədir”.

Lakin, tələbəlik illərindən başlayan və ömrü boyu İvlinə yoldaşlıq edən içki onun işlərinə mane olmamış, iş qabiliyyətini azalda bilməmişdi. Oksfordakı həyat onun üzərində tamam başqa təsirlər buraxıb, onu islahedilməz bir insana çevirdi. O, Oksfordda sayları çox olan gənc aristokratların çevrəsinə düşməyə can atırdı. Onu istənilən çevrədə həvəslə qəbul edirdilər, çünki o maraqlı həmsöhbət, incə yumor hissi olan, bədii təfəkkürə sahib birisi idi. Belə çevrələrdə sərxoşluq heç cürə onun yaxasını buraxmırdı. İyirminci illərdə sərxoşluq artıq müharibənin acısından çıxmış bir cəmiyyət üçün çox yayılmış bir həyat tərzinə çevrilmişdi. İvlin Vo bu dövrün həyat tərzini özünün “İyrənc bədən” romanında satirik şəkildə, həm də kifayət qədər dəqiqliklə ifadə etmişdir.

İvlin Vo Oksforddakı ab-havanı bir qədər sonra “Braydshedə qayıdış” romanında (1945) təsvir edib. Müəllifin dediyinə görə, romanın mövzusu katolikliyə yüksəliş yolunun təsviridir. Lakin romanda ilk planda əsilzadə ailəsi Meçmarntların tarixçəsi və hekayə ustası Çarlz Rayderlə əsilzadə ailədən olan Sebastiyan Flaytın arasındakı sevgidən bəhs edir. Əsəri oxuyan tərəddüd etmədən bu qəhrəmanlar arasında sevgi olduğunu anlaya bilərlər. Selin Hastinq öz kitabında, İvlin Vonun Oksfordda oxuduğu illərdə homoseksual əlaqələrinin olduğunu yazır. Deyilənə görə əsərdəki Sebastiyan Flaytın prototipi yazıçı Alister Qremdir. Kitabda onun gənc oğlan kimi necə yaraşıqlı olduğundan bəhs edilir.

İvlin Vonun şəxsi həyatı yazdıqlarından tamam fərqlənir, o olduqca tez evlənir, lakin evliliyi uğursuz alınır, çox sonralar özü də evliliyini pis bir zarafat adlandırır. O 1928-ci ildə İvlin Florens Marqaret Vinfred Qardnerlə evlənir. Qəribə olan odur ki, onun ilk arvadının adı da onun kimi İvlin idi. Dostları onları ayırd etmək üçün, İvlin bəy və İvlin xanım deyə çağırırdılar.

Onun arvadı Burqkler lordu ilə Ledi Vinferd Herbertin kiçik qızı idi. Bu evlilik çox davam etmir, arvadı ona xəyanət edirdi və onunla birlikdə qalmaq istəmirdi. Bu onun üzərində ağır travmalar buraxdı və o əsl sevgi arxasınca gedib ikinci dəfə 1936-cı ildə arvadının məxsus olduğu aristokratik ailədən olan başqa bir qadınla Laura Herbertlə evləndi.

Qaynanası bu evliliyin əleyhinə idi və açıqca belə kürəkənin qızının başına hər cür pis oyun gətirəcəyini deyirdi. Lakin İvlin Vo sadiq və mehriban bir ər oldu. Bu evlilikdən onların altı uşaqları dünyaya gəldi. Amma Vo onların heç birinə övlad kimi qayğı göstərib, maraqlanmırdı. O deyirdi ki, kitablar uşaqlardan daha maraqlıdır, yaxşı kitab yazmaq, dünyaya uşaq gətirməkdən çox-çox çətindir. Belə davranışları qaynanasının onun haqqında dəhşətli şəxs kimi danışarkən yanılmadığını göstərirdi. Oğlanlarından biri Oberon Vo da atasının yolu ilə gedib, məhşur yazıçı və jurnalist oldu.

İvlin Vonu yaxından xarakterizə edə bilmək üçün müharibə illərində onun davranışlarını analiz etmək bəs edir. O, kifayət qədər cəsarətli adam olduğunu ortaya qoymuşdur, belə demək olarsa, əsgərlik yaşı çatmamasına baxmayaraq könüllü şəkildə döyüşlərə qatılmışdır, daim özünü ön cəbhədəki alaylara salmağa çalışırdı. Hətta, hərbi xidmətinin bir dövründə almanların işğal etdiyi Fransa ərazisinə soxulmaq üçün hazırlanmış “kommandos” dəstələrinə də üzv olur.

O əsl müharibə dəhşəti ilə 1941-ci ildə Krit adasında, ingilis hərbi gəmilərinin alman hərbi hava qüvvələrinin zərbələri qarşısında rüsvayçı şəkildə təslim olması zamanı qarşılaşır. Vonun qulluq etdiyi hərbi hissə Krit adasında mühasirəyə düşmüş ingilis hərbçilərini evakuasiya etmək üçün adaya yeridilir. Hətta burda İvlin Vo hansısa qəhrəmanlıq da göstərir. Daha sonra o hərbi hava qüvvələrində xidmət etmək üçün ərizə yazır, lakin elə ikinci dəfə təyyarədən atılanda yıxılır və ayağı qırılır. İvlin Vo bütün hərbi rəhbərlik üçün kabus kimi idi, onun işi-gücü rəhbərliklə mübahisə etmək, onlarla söz güləşdirmək idi.

Rəhbərlik isə özünəməxsus şəkildə ondan intiqam alırdı: onun daxilindəki vuruşmaq əzmini bildikləri halda, onu daim arxa cəbhədə qalan alaylara göndərirdilər. 1944-cü ildə o rəhbərlikdən romanını yazması üçün altı aylıq məzuniyyət istəyir və elə həmin ilin iyununda “Braydshedə Qayıdış” romanını bitirir. Həmin ilin oktyabrında isə onu diktator Titonun Yuqoslaviyada və Xorvatiyadakı partizan dəstələrində vuruşmağa göndərirlər. Orda onu Britaniyanın baş naziri Uinston Çörçilin oğlu Randolf Çörçildən başqa heç bir çətinlik gözləmirdi. Randolf Çörçil dözülməz insan idi, o daim səs-küylü və sərxoş olurdu. O dövrdə Xorvatiyada yerli “rakı”dan başqa heç bir içki yox idi. Randolf daim rakı içirdi, İvlin Vo isə özünü əsl aristokrat kimi aparıb bu içkini dilinə də vurmurdu.

Vo həmişə Randolf Çörçilə nifrətlə yanaşıb, hətta xeyli vaxt sonra, təqribən 60-cı illərdə maraqlı bir hadisə baş vermişdi. Vo və Randolf təsadüfən eyni xəstəxanada yatırlar, Randolf Çörçilin ağciyərində şiş tapılır, daha sonra məlum olur ki bu xoşxassəli şişdir, bu zaman Vo deyir: “Bu da müasir elmin qələbəsi: Randolfun bədənində yeganə xoşxassəli yer tapılıb onu da dərhal kəsib götürürlər”.

İvlin Vonun gerçək həyatda ətrafdakıları gülməkdən qırıb-keçirən, misilsiz yumor hissi varmış. Deyilənə görə, o dövrdə diktator Titonu tanımayan bir ingilis söhbət zamanı Titonun qadın olduğunu, başqa birisi isə Titonu hər gecə Roma mehmanxanalarından birinə qadınlarla gedib-gəldiyini eşitdiyini deyir. Buna cavab olaraq İvlin Vo deyir: “Hə elədir, mən onu görmüşəm, həmişə onun lezbiyan olduğunu bilmişəm”.

Vonun həyatını ətraflı tədqiq edən Selina Hastinqs onun nəzakətsiz hərəkətlərinin, sərxoşkən yaratdığı qalmaqallarının, qonaqları ilə kobud rəftarının əslində bir növ özünə inamı olmayan, qaba insanın maskalanması hesab edir. Vo özü deyirdi ki, “Əsas odur, insanda ətrafındakılarının gözündə özünə mövqe yaratmaq üçün maska, stil, davranış tərzi olsun”. Əlbəttə, onun belə davranışları öz şəxsiyyətindən mifoloji kimlik yaratmağa çalışan bir artistin davranışlarıdır və bu yolla oxucunun yaddaşında qala bilən yüzlərlə yazıçı və şair xatırlamaq olar.

Onun təbiətində yarımçıqlıq kompleksinin olduğu artıq bilinən şeydir, məhz buna görə Vo həmişə aristokratlığa can atır, köhnə, doğma İngiltərəni məhz belə aristokratların fonunda görmək istəyir. Onun əsərlərində geniş yer verdiyi katolisizm də burdan gəlir, ona görə, Roma kilsəsi əbədiyyəti təcəssüm etdirən bir strukturdur, ora mənsub olan insan varlığın əsas mahiyyətinə yetişir.

İvlin Vo əvvəl yaradıcılığa kiçik hekayələrlə başlamış, daha sonra iri romanlarla davam etmişdir. Əvvəl satirik, həyata gülüşlə yanaşan, elit təbəqəni güldürməyə yönəlmiş əsərlər yazan birisi olsa da, müharibə illərində gördüyü dəhşətlərdən sonra, nostalgiyaya qapılır, keçib getmiş İngiltərə haqqında, onun əsilzadəlik ənənələrindən bəhs edən elegiyalar yazır.
George Orwell
George Orwell

Bu mənada “Braydshedə qayıdış” onun ilk fərqli romanıdır. Burda qarşımıza tamam fərqli bir İvlin Vo, fərqli yazıçı, fərqli stil çıxır. Satirasını isə başqa ölkəyə saxlayır, o, Birləşmiş Ştatlardan bəhs edən ən yaxşı satirik əsəri “Unudulmaz”ı yazır. Burda o amerikalıları rahat, elit bir qəbirisanlıqda təsvir edir. Lakin, bu mini-romanı Amerika dərgiləri çap etməkdən imtina edir, nəşriyyatlar onu geri qaytarır. Bir müddət sonra, Voya bildirirlər ki, Amerikada bu mövzuda Sinkler Luis, Nataniel Uvest kimi yazarlar çox yazıblar, heç bir satira ilə amerikalıları təsirləndirmək mümkün deyil.

“Braydshedə qayıdış” çox-çox sonralar İvlin Vonun ən yaxşı kitabı, ən çox müsbət oxucu rəyi qazanmış, ən yüksək bədii dəyərə malik əsəri hesab olunacaqdı. Lakin, bu roman öz dövründə elə də uğur qazanmamışdır. Kitabın fəlsəfəsi İngiltərə kimi alternativ fikrə hörmətlə yanaşılan bir ölkədə çoxunun nifrətini qazanıb.Onun haqqında amerikalı tənqidçi Edmund Vilsonun fikrindən sitat gətirmək maraqlı olardı:

“Aristokratiyaya canatma İvlin Vonun gerçəkliyə satirik yanaşmasında bütün ədəbsizliyi ilə özünü göstərir. Aristokratik əsilzadəlik kultu Vonun təbiətində elə bir yerə gəlib çıxıb ki, o artıq bunu özü üçün əsl dinə çevirib”.

O dövrün nüfuzlu ingilis yazarı Corc Orvellin “Braydshedə Qayıdış” haqqında çox maraqlı yanaşması var:

“Bizim içinə doğru getdiyimiz yeni dünya o qədər anormal, o qədər dağınıqdır ki, onu anlamaq və onunla anlaşa bilmək mənasız özünü aldatmadan başqa bir şey deyil. Əlbəttə, belə mövqedə dayanmaqla çox şeyi görmək mümkündür, amma yeni dünya ilə hesablaşmaqdan boyun qaçırmaq çox böyük səhv olardı. Əksər hallarda cənab Vonun hədəfi məhz köhnə fikirlilər olsa da, “Braydshedə qayıdış” romanı yeni dünya ilə heç cür səsləşmir. Faciəvi inqilablar liberal ölkələrdə deyil, avtoritar ölkələrdə baş verir, cənab Vonun bunu anlamaması bir yandan siyasi dünyagörüşünün darlığını göstərir, digər yandan isə öz yazdığı kitablara özünün inanmamasını”.

İvlin Vo özü məlum romanının son nəşrlərindən birinin ön sözündə yazır ki, kitabdakı nostalgiya qoxusu müəllifin mədəni dünyagörüşündən deyil, onun yazılma illərinin dünya müharibəsinə təsadüf etməsi ilə əlaqədardır. Müharibə dövründə ingilis düşüncəsindəki əsilzadəlik qaydalarına ehtiram, öz yerini “axmaq ingilis” kütləsinin yetişdirilməsinə verdi (Vo “axmaq kütlə” dedikdə ordu üçün yetişdirilən savadsız kütləni nəzərdə tuturdu). Vo bu dövrü İncildəki “çəyirtkə illəri” adlandırılan qıtlıq illəri kimi xarakterizə edirdi. “Başa düşürsünüz, burda çəyirtkə rolunda ya alman bombardmançıları, ya da dünya arenasında ortaya çıxmış maraqsız, həm də acgöz insanlar çıxış edirdi” – Vo deyirdi.

Ümumiyyətlə, dünya ədəbiyyatında qədimdən bəri yazarlara diqqət versək, siyasətlə bağlı görüşlərinə görə, yazarlar ya aktiv siyasətçilərə, ya da ümumiyyətlə siyasətlə məşğul olmayanlara bölünür. İvlin Vo ədəbiyyat adamının siyasətdən tamam uzaq olmasını vacib bilən yazarlardandır. O özü bu haqda 1951-ci ildəki müsahibələrinin birində deyirdi:
İvlin Vonun məzarı
İvlin Vonun məzarı

“Mən heç vaxt siyasətlə məşğul olmamışam. Bizim bəlalarımızın böyük hissəsi aktiv siyasətlə məşğul olmağımızdan qaynaqlanır. Mən heç vaxt parlament seçkilərində səs verməmişəm. Lakin, inanıram ki, hər bir britaniyalının borcu siyasətçilər ölkəni müharibəyə qədər aparıb çıxardanda monarxın uğrunda döyüşə atılmaqdır. Mən bu borcumdan çıxmışam. Həmçinin mən dövlətim üçün uşaqlar yetişdirmişəm və ödəməli olduğum vergini ödəmişəm, öhdəmə çox ağır əmək götürmüşəm. Mənə elə gəlir ki, çalışdığım sahədə nələrəsə nail olmuşam”.

“Paris Review” jurnalına verdiyi başqa bir müsahibəsində isə o deyir: “Sənət adamı mühafizəkar olmalıdır. O öz əsrinə qarşı çıxmalıdır və dövrün yeniliklərinə aldanmamalıdır. O heç olmasa əsrinə qarşı müqavimət göstərməlidir. Hətta viktorian dövrünün böyük sənət adamları da anti-viktorian idilər”.

İvlin Vo üçün həyatın əsl çöküşü İkinci Vatikan Kilsə Məclisinin yığıncağı zamanı baş verdi. Belə ki, Kilsə Məclisi yüzillərdən bəri çıxıb gələn təməl katolik ənənələrini ləğv etdi, katolik kilsə xidmətçilərinin səlahiyyətini azaltdı, dini mərasimlərin dilini latın dilindən, mərasim keçirilən ölkənin dilinə dəyişdirdi. Bu, köhnə dünyaya vurğun olan, katoliklik ənənələrini tərənnüm edən bir yazar kimi İvlin Voya ölümcül zərbə oldu. Kilsənin sonuncu yığıncağı 1965-ci ildə gerçəkləşdi, 1966-cı il aprelin 10-da isə Vo dünyasını dəyişdi. O Somersetşir qraflığının Tonton kəndindəki evində həyata göz yumur. Özü də bu ölüm təsadüfən Pasxa bayramı günü səhər gerçəkləşir.

Onun bütün katolik qohumları bunu axirət dünyasındakı həyatı üçün yaxşı əlamət hesab etdilər. Vo gəncliyində dinə o qədər də aludə olmasa da, qocalığında tamam dini dünya görüşünə təslim olmuşdu. Bir dəfə o, Orvellə söhbətdə demişdi: “Siz dünyanı başa düşə bilməzsiniz, çünki inamsız insan varlığın yüzdə doxsanını görə bilmir”.

Ümumiyyətlə, İvlin Vo müharibədən sonra qapalı həyat tərzi keçirməyə başlamışdı, az səyahət edir, Londondan bir neçə yüz mil uzaqlıqadakı kənd evini nadirən tərk edirdi. O burda müharibə haqqında “Fəxri qılınc” romanını yazır və roman onun ölmünə bir il qalmış 1965-ci ildə çapdan çıxır. Ümumilikdə, Vo otuz illik ədəbi yaradıcılığı dövründə təqribən otuz kitab yazıb ki, bunların da çoxu satirik romanlar idi.

Bu günün standartlarına görə, İvlin Vo elə də çox yaşamayıb, cəmi 63 il ömür sürüb. Heç şübhəsiz kilsə islahatları onun ölümünü tezləşdirib. Dini nəzəriyyəçilər onun məyusluğunu anlaya bilərlər, ayinlərdə latın dilinin istifadə olunması kilsəyə başqa bir gözəllik və dəbdəbə gətirir.

İvlin Vonun yaradıcılığı özünəməxsus cəhətləri ilə fərqlənir. Onun romanlarının çoxunda Britaniya aristokratlarının və yuxarı təbəqənin üzvlərinin həyatından bəhs olunur. O özünün də əlaqədə olduğu aristokratları ələ salır, tənqid hədəfinə çevirir, bu təbəqədə çox yayılmış əxlaqsızlığı təsvir edir. Bundan əlavə o çoxlu sayda hekayələrin, üç bioqrafiyanın, öz avtobioqrafiyasının yarımçıq qalmış ilk cildinin müəllifidir. Onun səyahət qeydləri və jurnalist kimi yazdığı gündəliyi də çap olunub.

İvlin Vonun qəhrəmanları adətən karikatura obrazlarını xatırladır, çox gülünc, bəzən absurd portretləri təsvir edilən müasir ingilis centilmenləri olur. Onların arasında müəllifin diqqətini çəkmiş fırıldaqçılar, başqalarının cildinə girənlər, avaralar, çərənçilər, bir məsum gülüşü ilə başqalarını yoldan çıxaranlar, saf və nizam-intizamlı tiplər var.

Onun həyatının son dövrlərində yazdığı əsərlərdə sosial mühafizəkarlıq, daha açıq şəkildə isə dini mühafizəkarlıq nəzərə çarpırdı və bu, tənqidçilər arasında onunla bağlı fikir ayrılığı yaradırdı. İngilis tənqidçisi Martin Emis onun “Braydshedə Qayıdış” əsərini “aristokratik dəyərlərin mühafizə edilməsi”, həmçinin “gerçəklikdən imtina etmə və bədii cəhətdən çökmə” adlandırırdı.

Başqa bir amerikan ədəbi tənqidçisi Edmund Vilson isə Vonu “İngilis ədəbiyyatında Bernard Şoudan bəri ortaya çıxan ən böyük və birinci dərəcəli satira dahisi” hesab edirdi.

1966-cı ildə “Taym” jurnalı Vonun ölümü ilə əlaqədar verdiyi məqalədə onu ümumiləşdirərək “qəzəbli yumor hissi ilə ingilis cəmiyyətindəki aristokratik və dini dəyərlərin kökünü qazıyan qüvvələrə zərbələr endirən böyük yazar” adlandırıb.
XS
SM
MD
LG