Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:08
-
Gəncədəki 4 saylı internatın yataqxanasında, necə deyərlər, vur-çatlasındır. Kimisi əşyalarını bağlamalara toplayıb iri maşınlara yükləyir, kimisi isə yataqxananın həyətindəki toyuq-cücə saxladığı hinini söküb aparır. Şəraitsiz, ümumi yeməkxanası, ayaqyolusu olan internatın əksər evləri artıq boşadılıb.

4 AİLƏYƏ BİR EV...

8 ailə isə onlara qarşı haqsızlıq edildiyini, ev bölgüsünün düzgün aparılmadığından şikayətlənir. Öz ifadəsi ilə desək, «boğçası əlində, arzuları ürəyində» qalan Kəlbəcər köçkünü Sahibə Bayramova deyir ki, 4 ailəni cəmi 3-otaqlı bir evdə yerləşdirmək istəyirlər:

«Kommunal xərci ödəyirəm, talonumda ayrıdır. Ayrı təsərrüfatam. 4 ailəyə bir ev verir. Uşağım var. Məni atamgilin üstünə yazır ki, onlarla birgə yaşa. Qardaşım evlənib. Özünün ailəsi-uşağı, bacım, atam, anam, mən - necə övladımla orda yaşayım axı?».

4 saylı internatın yataqxanasında əsasən Kəlbəcər köçkünləri yaşayır. Az sayda Ağdamdan məcburi köçənlər də orada sığınıblar. Pəncərəsiz yataqxananı 28 ailə artıq tərk edib.
Sahibə Bayramova deyir ki, 4 ailəni cəmi 3-otaqlı evdə yerləşdirmək istəyirlər.

Sahibə Bayramova deyir ki, 4 ailəni cəmi 3-otaqlı evdə yerləşdirmək istəyirlər.


«QAÇQINLIQDAN Kİ ÇIXMIŞAM...»

Kəlbəcər köçkünü Gülnarə Cahangirova deyir ki, 3 övladı, yoldaşı və qayınatasının ailəsi internatın 2 otağında yaşayıblar. Sonralar qaynı ailə qurandan sonra məcbur qalıb kirayə ev tutublar. İndi gileylənir ki, kirayədə yaşadığı üçün onu siyahıya salmayıblar, ev verməkdən imtina ediblər:

«Darısqallığa görə 4 ildir mən kirayəyə köçmüşdüm. Vallah, bir neçə ev dəyişmişəm kirayələrdə. İndi bizə ev vermirlər ki, sən başqa yerdə yaşayıbsan. O vaxtdan əşyalarım evdədir. Hesabdan çıxmışam, qaçqınlıqdan ki çıxmamışam».

Hazırda yataqxanada yeni evə köçmək sevinci gözündə qalan 8 ailə qalıb. Əksəriyyəti indiyədək yataqxana binasında ayrı-ayrı otaqlarda kommunal xidmətlər ödədiyini, ayrı təsərrüfat kimi qeydiyyata düşdüklərini deyir.

«PREZİDENTİN GÖNDƏRDİYİ MƏMURLAR ÖZBAŞINALIQ EDİR»

Arzu Cəfərov

Arzu Cəfərov

Arzu Cəfərov:

«1992-ci ildən ayrı təsərrüfatam. Ayrı yaşamışam, evlənib boşanmışam. İndi ata-anamı mənim üstümə yazır ki, sən baxacaqsan. Mən həmişə ayrı yaşamışam. Bu gün sabah evlənəcəyəm. Prezidentin bura göndərdiyi məmurlar özbaşınalıq edir. İcra hakimiyyətinə müraciət etmişik. Ev verir, 2 otaq deyirəm, 1 otağı onlara versin, 1 otaq da mənə. Kommunal xərcləri ayrıdır, neft pulu ayrıca, təsərrüfat kimi almışam. İndi necə oldu ev paylananda bir ev olduq?».

«MƏSKUNLAŞMAĞA YER OLMASA, BAŞQA ÖLKƏYƏ SIĞINACAĞAM»

Nicat Qasımov:

«Mən evdə olmamışam, qeydiyyat aparanda yoldaşım, sənədlərim evdə olub, təqdim ediblər. Kupon verməyiblər ki, ailə başçısı yoxdur. Gənc ailəyəm. İndi deyir sənə ev düşmür. Çıxmalıyıq. Bu ölkədə məskunlaşmağa yer olmasa, başqa ölkəyə sığınacağam».

Köç

Köç

«2014-CÜ İLİN SONUNADƏK QƏSƏBƏ SALINACAQ»

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin sədri Süleyman Abbasov deyir ki, 3 gündür yeni evlərə köçməyə icazə verilib. Narazı qalanların şikayətinə gəldikdə isə, o qeyd edir ki, ev verilməyənlər yataqxanalarda daimi yaşamayanlardır:

«Eşidirlər ki, yataqxanalar köçür. Orda yaşayan da, yaşamayan da gətirib əşya qoyur ki, ona da ev versinlər. Əvvəldən faktiki yaşayanların qeydiyyatı aparılıb. Düşünürlər ki, onlar da köçkündür, verilməlidir. Haqlıdırlar. Amma onlara 2-ci etapda veriləcək. 2014-cü ilin sonunadək qəsəbə salınacaq».

Gəncədə salınan yeni şəhərcikdə 1500 ailə yerləşdiriləcək. Gəncədəki yataqxanalarda 1800 məcburi köçkün ailəsi məskunlaşıb. Bu ilin sonunadək ikinci 2000 min ailənin yerləşə biləcəyi şəhərcik inşa olunacaq.

Süleyman Abbasov əlavə edir ki, 2-ci etapda Hacıkənd qəsəbəsində yaşayanlarla yanaşı, kirayədə və qohum evində qeydiyyatı olan evsiz köçkünlərə də ev veriləcək. Ancaq şəxsi evi olan köçkün siyahıya salınmayacaq.
XS
SM
MD
LG