Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:36

“Milyon layk gəlsə, atam narkotikanı tərgidəcək, kömək edin!”


-

Prinston Universitetinin alimlərinin dediyinə görə, Facebook-un elə də çox ömrü qalmayıb. Onlar hesab edirlər ki, artıq üç il sonra bu sosial şəbəkə istifadəçilərinin səksən faizini itirəcək...


Yekatrina Krıjanovskaya


Facebookun 10 yaşı: XXI əsrin “uyuşdurucusu”nun yubileyi


Nə vaxtsa Lenin həbsdəykən deyibmiş ki: qəzet-jurnalsız qalmaq bir növ işgəncədir. Bu günsə Facebook-dakı xəbər lentini gözdən keçirə bilməmək işgəncədir.

Facebook 10 yaşını qeyd edir. Bu həm də bizim üçün bir bayramdır. Hər kəs üçün olmasa da ən azından bu sosial şəbəkədə qeydiyyatdan keçmiş milyarda yaxın adamın bayramıdır.

Facebook dünyaya nə verdi? Hər şeydən əvvəl sərmayəçilərin gözünü sevindirəcək reklam biznesi üçün yeni imkanlar açdı. Bəs Facebook bizə nə verdi? Həyatın elektron xronikası, onlayn rejimdə sevgi macəraları, itib-batmış məktəb dostlarına yenidən qovuşmaq...

Dövrümüzün qəhrəmanı

Bu sosial şəbəkə 2004-cü ilin fevralında Harvardın 19 yaşlı tələbəsi Mark Zuckerberg-in əməyinin nəticəsində ortaya çxıdı. Dövrümüzün qəhrəmanı olan və qısa müddətdə milyarderə çevrilən Mark bu gün də öz ofisində əməkdaşları ilə birgə işləyərək, təvazökar həyat tərzi keçirməkdədir.
Mark Zuckerberg (sağda)
Mark Zuckerberg (sağda)

Saytın yaradılmasından sonrakı bir saat sonra, o vaxtkı adı “The Facebook” olan sosial şəbəkənin artıq 1200 üzvü vardı. Tezliklə bu uğur məhkəmə davasına da səbəb oldu: Zuckerberg-in oxuduğu univerisitetdəki yuxarı kurs tələbələri bu görkəmsiz, kürən saçlı oğlanı ideya oğurluğunda günahlandırdı. Çox detallara varmayaq, Zuckerberg-in yoldaşları ilə apardığı çəkişmələr haqda hətta 2010-cu ildə film də çəkilib.

Ümumiyyətlə, Facebook özünə çoxlu diqqət cəlb edir, şübhələr yaradır. Bu sosial şəbəkəni dərindən öyrənənlər onu daha nələrdə günahlandırmayıblar, ona “Ərəb baharından” tutmuş, istifadəçilərin şəxsi həyatını nəzarətdə saxlamağa qədər minlərlə missiya yükləyiblər.

Günahkar yenə Facebook...

Elə bilirsiniz Facebook-da dostlarınızın sayı minlərlədirsə, həyatınızda hər şey yaxşı gedir? Əlbəttə yox! Miçiqan Univerisitetinin alimləri öyrənib ki, sosial şəbəkələrdəki aktivlik insanı tənhalığa gətirib çıxarır, depressiyaya sürükləyir və ümumiyyətlə belə insanların əksəriyyəti xoşbəxt olmurlar.

Səhifənizə “... ilə münasibətləri var” əlavə etdiniz? Çox gözəl, bu, sonun əvvəlidir: Facebook artıq cütlüyün nə vaxt ayrılacağını dəqiq bilir. Xüsusi sosial alqoritmin hesabına o sizin bu həyatda kiminlə ittifaq bağlamağınızın ən uyğun oluğunu hesablayar, onu tapıb sizə verər, özü də bunu bircə klikin köməyi ilə edə bilər. Belə ki, şəxsi həyatın gizliliyi ilə vidalaşa bilərsiniz!

Həmçinin ingilis mətbuatı yazır ki: Böyük Britaniyada hər qırx dəqiqədə, Facebookla bağlılığı dolayı olsa da, bir cinayət baş verir. Bu cinayətlər 17 yaşlı qızın çılpaq fotolarının yayılmasından tutmuş, profillərə baxış zamanı oğurlanmış əmlakların aşkarlanması, yaxud Tailandda bir həftəlik səyahətdə olan ailənin yaşadığı evin qarət olunmasına qədər (ailə üzvləri çimərlik paltarında rəsmlərini paylaşır...) cinayətlər var.

Bircə təsəlli yeri qalır: Prinston Universitetinin alimlərinin dediyinə görə, Facebook-un elə də çox ömrü qalmayıb. Onlar hesab edirlər ki, artıq üç il sonra bu sosial şəbəkə istifadəçilərinin səksən faizini itirəcək. Bu sosial şəbəkəyə hardan baxırsan bax, belə bir şey demək mümkün deyil. Bu araşdırmaya cavab kimi Facebook da öz “araşdırmasını” aparıb. Onların araşdırmasına görə isə 2021-ci ildə Pronston Universitetinin özü yer üzündən silinəcək.

Bir milyon ver!

Facebook ilhamlandırır. Müxtəlif adamları, müxtəlif şeylərə. Məsəlçün, bir ekvadorlu Facebook-da belə bir qrup yaradır: “Əgər bu qrupa bir milyon nəfər üzv olsa, onda mən Xose Romero kürəyimə 151 pokemon təsvirini döydürəcəm”. Cəmi bir gün sonra bu möcüzəyə tamaşa etmək istəyən əlli mindən artıq adam qrupa üzv olur. Xose buna dözüm gətirə bilməyib profilini silir, deyir pokemon mənim sevdiyim bir şey deyil.

İndi gör adamlar milyon layka görə nələrə hazırdır! Qızını ərə verməyə hazır olan kim, sızanaqlı oğlanla sevişməyə razılıq verən kim, küçədə anadangəlmə lüt gəzməyə, uşağının adını Dambldrom, Meqatron, Süngər Bob, İsa Məsih qoymağa söz verən kim.

Eləsi də var, ciddi mövzularda layk istəyir, deyək ki: “milyon layk gəlsə, atam narkotikanı tərgidəcək, kömək edin!” Yaxud “milyon layk gəlsə, sevgilim abort elətdirməyəcək”. Belə xəbərlər az qala hər gün xəbər lentimizdə özünü göstərir. Onların əlindən bezdinizmi? Siz tək deyilsiniz. Eynilə “milyon layk gəlsə, heç nə etməyəcəm” statusunun müəllifi kimi.

Böyük qardaş səni izləyir. Elə keçmiş sevgilin də

Bəli, Facebook sizin nə etdiyinizdən, necə göründüyünüzdən, harda olduğunuzdan xəbərdardır. O sizin məlumatlarınızı yığıb sonra bir əldən reklam verənlərə satır. Hər şeyin qarşılığını ödəmək lazımdır, hələ söhbət köhnə sevgilinizin həyat yolundan gedirsə. Burda isə hər şeydən xəbər tutmaq olar, tutaq ki: indi keçmiş sevgiliniz necə görünür, keçmiş arvadınızın əzələli aşnasının maşını nə rəngdədir. “Ələgəlməz məlumat” əlçatan və pulsuzdur, nə qədər tez-tez deyirsənsə yenilənsin, özü də sənin durub onun səhifəsinə heyran-heyran baxdığından xəbəri belə olmayacaq. Bu da sənə cəmi 15 dəqiqə əvvəl onun etdikləri.

Facebook-un caynağından qurtulmağı bacarmış adamlara görə bu sayt sadəcə şər yuvasıdır. Qoy olsun! Biz ki, statuslarımızı yeniləməyə, dünyanı qar yağdığından, gün çıxdığından hali etməyə, ucu-bucağı görünməyən yemək fotoları, müdrik aforizmlər yazmağa (hətta əgər müəllif bu cür söz deməyibsə belə!), bəzən hətta kimisə trollamağa davam edəcəyik. Yeri gəlmişkən, əgər sevgilinizlə “...ilə münasibəti var” ayarını açdıqdan sonra Facebook-da ortaq dostlarınızı sayı artıbsa, deməli sevginizin yaşamasına ümüd var. Alimlər sübut edib. Layk!

Çevirdi: Namiq Hüseynli
dw.de saytına istinadən

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG