Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:37

İlham Əliyev: «Son seçkilər müxalifətin rəzalət zirvəsi idi»


İlham Əliyev
İlham Əliyev
-
“Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.

Bunu fevralın 5-də prezident İlham Əliyev regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib.

“Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”

“MALİYYƏ VƏZİYYƏTİMİZ YAXŞIDIR...”

İlham Əliyev son 10 il ərzində Azərbaycanın hər bir nazirlik, idarə üzrə inkişafı üçün çox böyük işlər görüldüyünü və gələcəkdə bu işin davam etdiriləcəyini deyib. Prezident ölkənin maliyyyə vəziyyəti ilə bağlı da heç bir problemin olmadığını vurğulayıb.

“Maliyyə vəziyyətimiz yaxşıdır, sabitdir. Maliyyə sistemimiz sağlamdır. Növbəti illərdə həm neft-qaz, eyni zamanda, qeyri-neft sektorlarının inkişafı sayəsində ölkəmizə böyük valyuta axını gözlənilir. Bu vəsait əlbəttə ki, şəffaf şəkildə saxlanılacaq, əsas xərclər üçün istifadə ediləcək, sosial məsələlərin həllində istifadə ediləcək, eyni zamanda, infrastruktur layihələrinin icrası, sahibkarlığa dəstək məsələləri də diqqət mərkəzində olacaq”.

Dövlət başçısı növbəti 5 ildə infrastruktur layihələrinin icrasının tam başa çatmalı olduğunu deyib.

“Elektrik xətləri də yeniləşəcək, elektrik təsərrüfatı da müasirləşəcək, qazlaşdırma qeyd etdiyim kimi, ən azı 95 faizə çatmalıdır. İçməli su və kanalizasiya layihələri bütün şəhərlərdə başa çatmalıdır və əksər kəndləri də əhatə etməlidir. Burada rəqəmlər səsləndi ki, 10 il bundan əvvəl 26 faiz əhali 24 saat ərzində fasiləsiz su alırdısa, hazırda bu rəqəm 55 faizə çatıb. Ancaq 55 faiz də bizim üçün öyünməli rəqəm deyildir. Düzdür, Bakı şəhərində bu, daha da yüksək səviyyədədir. Bakıda 10 il bundan əvvəl cəmi 29 faiz əhali 24 saat ərzində su alırdısa, hazırda bu rəqəm 78 faizə çatmışdır. Ancaq Bakı kimi şəhərdə 100 faiz olmalıdır, bütün başqa şəhərlərdə də, həmçinin kəndlərdə də”.

“XALQIN BİRİNCİ XİDMƏTÇİSİ MƏNƏM VƏ BÜTÜN DÖVLƏT MƏMURLARI BELƏ İŞLƏMƏLİDİRLƏR”

İlham Əliyev ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəyini deyib. Korrupsiya və rüşvətxorluğun aradan qaldırılması üçün dövlətin əlindən gələni etdiyini deyən prezident nümunə kimi “ASAN xidmət”i misal çəkib.

O, bu xidmətin funksiyalarının bundan sonra da genişləndiriləcəyini vurğulayıb.
“Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcək. Burada heç kimdə immunitet yoxdur, olmayacaq. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.

İlham Əliyev indiyə qədər həyata keçirilən iki dövlət proqramının artıqlaması ilə icra edildiyini bildirb. O qəbul ediləcək növbəti - üçüncü proqramın da vaxtında icra olunacağının və ölkənin uğurlu, dinamik inkişafının təmin ediləcəyinə əmin olduğunu qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG