Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:47

Biz hamımız dəvəquşuyuq...


Firudin Həsənov
Firudin Həsənov
-

Nəzarətçilər qadından hər şeyini aldılar, vəsiqəsindən tutmuş ayaqqabısına, alt geyiminə kimi. İçəri keçdikdən bir neçə dəqiqə sonra qadın artıq səssiz ağlamağa başladı...


Firudin Həsənov


DƏVƏQUŞU

(Hekayə)


Hər şey elə ani, elə tez baş vermişdi ki, yazıq qadın torpaqlı yollarla təngnəfəs getdiyinə inanmırdı.

Hərçənd yazıq sözü bu qadına qəti uyuşmurdu. O, hündür, buruqsaçlı, çox cazibədarıydı. Həmişə zövqlə geyinər, kişilərin və elə qadınların da diqqət mərkəzində olar, bundan zövq alardı.

Amma indi burada elə bil bu saat ürəyi yerindən çıxacaqdı. Anlamırdı ki, ona nə olub. Fikirləşirdi ki, indi istəsə, hər şeyi dəyişə bilər, yəni bu hadisələr başqa cür cərəyan edə bilərdi. İndi, yaxın vaxtda özünə gələcək , baş verənləri olduğu kimi hamıya danışacaq və o pambıq kimi yumşaq, köhnə yastıq kimi rahat həyatı yenidən qayıdacaqdı.

Amma reallığa qayıdıb gözləri tez-tez arxada qalan sapsarı torpağı görəndə lap birtəhər olurdu. Hətta bir dəfə qışqırmaq da istədi ki, özünü pis hiss edir. Amma öz xasiyyətinə yaxşı bələd idi. Bunu etsəydi, özünü qeyri-ixtiyarı təlaşa salacaq, halı daha da pisləşəcəkdi. Beynində fraqmentlər bütöv parçalara qarışırdı, amma özünü güclə toplaya bildi.

"Qandallar... Axı bu nəyə lazım? Məni hara aparırlar?! Yəqin Jozi artıq xəbər tutub. Harda olsa özünü yetirəcək." Qadın başını qaldırmağa qorxurdu. O, heç vaxt olmaq istəmədiyi yerlərdə olmurdu, bu emosiyalar ona tanış deyildi. İndi isə xırda bir şeyin üstündə kimsə onu nəyəsə məcbur edirdi. Təcridxana, zindan… bu sözləri isə yalnız xəbərlərdə eşidib, qəzetlərdə oxumuş və beynindəki "Maraqsızlar” “qovluğu”na atmışdı.

Bir neçə dəqiqə, qanqal belə bitməyən bu torpaqlarla piyada gedəndən sonra azca həyat amilləri duyulan bir əraziyə gəlib çıxdılar. Qarşıda hündür sünbüllər bitir, yolun sağ tərəfində isə bir cığır görsənirdi.

- Məni hara aparırsız? Dəmir əlimi sıxır. - deyə qadın dilləndi.

- Qabağa bax, gözəlçə. Bura sənin üçün malikanə-zad deyil.

- Siz bilirsiz mən kiməm?

- Lap Çin imperatorunun qızı. Mənə nə?

Qadın ilk dəfə arxaya çönüb onu aparan adamlara baxdı. Onlardan biri yaşca cavan, amma çox xəbis görünüşlü bir qız, digəri isə bığlı, qaradərili bir kişi idi. Kişi yolboyu bir kəlmə söz belə demədi, heç mızıldanmadı da. Qız isə boşboğazın biri idi və qaradəriliyə durmadan nə isə danışırdı.

Nəhayət onlar cığırla getməyə başladılar və az sonra sünbül bitən yerlər qurtardı. Qarşıda taxtadan boz, sınıq-salxaq çəpər var idi. Nəzarətçi qız çəpərin iki taxtasın itələyib qapını açdı və onlar qadınla birgə içəriyə daxil oldular. Qadın yolboyu təcridxananı müxtəlif kökdə təsəvvüründə canlandırmışdı. Amma buranın təkcə həyətinə baxanda vahimədən tir-tir əsmək olardı. Qadın cəhənnəmin ən pis vaxtına düşmüşdü. Noyabr ayı, aramsız yağışların yenicə səngidiyi bir vaxtlardı, hər tərəf palçıq içindəydi. "Bura ki cəhənnəmdir". Bu cümlə bilmədən qadının ağzından çıxdı.

- Yox, madam. Cəhənnəm bura gəlmək üçün hazırlıq meydanıdır - dedi nəzarətçi və əlini qaradərilinin çiyninə vuraraq uğunub getdi. Kişini isə elə bil ildırım vurmuşdu, az qala ağzına girən milçəklər, uçan həşəratlar qaşındakı bir tükü belə tərpətmirdi. Mumyalanmışdı elə bil zalımın oğlu.

Çöldə qulaqbatıran sakitçilik olsa da, içəri girəndə ağız deyəni qulaq eşitmirdi. Həbsxana çox da böyük olmadığından içəridəki nəzarət-buraxılış yerindən "qəfəslər"dən gələn səsləri eşitmək olurdu. Nəzarət nöqtəsində qadından hər şeyini aldılar, vəsiqəsindən tutmuş ayaqqabısına, alt geyiminə kimi. İçəri keçdikdən bir neçə dəqiqə sonra qadın artıq səssiz ağlamağa başladı. Dəfələrlə anlaşılmazılıq olduğunu desə, qışqırsa da bu heç də ordakılar üçün qeyri-adi deyildi. Dağınıq divarların bu səslərə, nalələrə qarşı immuniteti yaranmışdı. Qadına bir dəst ağ , tünd qırmızı zolaqlı, kodlaşdırılmış paltar verib yuyunmağa yola saldılar. Bu həbsxana çox soyuq və natəmiz idi. Siçanlar dolaşan hamamdan çıxandan sonra isə qapının ağzında onu ayaqqabıları gözləyirdi. Ayağına yekə olan bu qaloşabənzər çəkmələr çox iyrənciydi. Adətən qadın insanlar içində bir paltarı ikinci dəfə geyməzdi. Onu demək lazımdır ki, çox qürurlu birisiydi. Amma hisslərini biruzə verməyi xoşlamırdı, çox soyuqqanlıydı və bu şeylərdə atasına oxşayırdı. Əri Jozi bunu hər mübahisələrində ona deyirdi.

Barmaqları sıxılmış bir vəziyyətdə, ona iki ölçü böyük olan bu çəkmələri geyinib, şappıldaya-şappıldaya yeriyərək nəzarətçilərə səslədi. Bu dəfə başqa bir nəzarətçi qadın içəri girib onun qolundan tutub aparmağa başladı. Bu nəzarətçinin çiyinləri idmançının çiyinlərindən yekəydi, döşləri düz qarnına kimi sallanırdı, ağzında nəysə gövşəyərək qadına dedi:

- Birinci dəfəsən burda?

- Hə.

- Əlbəttə, axmaq sual idi. Dəymə-düşər birisinə oxşayırsan. Narahat olma, özünü təmkinli apar, inamlı danış onlarla. Amma daha ağını da çıxarma, yoxsa Cerrinin mıxına keçərsən.

Bunu danışarkən, qadın onun üzünə baxırdı. Normal insanın alt və yuxarı dişini birləşdirsən, bu yekəpər nəzarətçinin bir dişi edərdi. Onun bu ürək-dirək olan sözləri heç də adama xoş gəlmirdi. Axı adamı ən çox qorxudan sakitləşdirici sözlər olur. Ən çox da əgər onu belə baltadiş birisi deyirsə. Yolda gedərkən hamının dilində dolaşan qəfəs kəlməsinə qadın artıq öyrəşmişdi. Qəfəs dustaqların qaldığı yerə deyirdilər. Bu adı çox fikirləşməmişdilər deyəsən. Dustaqlar saxlanılan yeri kim görsəydi, dərhal bu söz ağzından çıxacaqdı. Qəfəs bura qoyulacaq ən uyğun, sadə ad idi. Qadın düşünürdü ki, çox güman buranın ən normalı, bu Baltadiş olacaq. Dəhliz getdikcə daralırdı. Uzaqdan kiçik pəncərəsi olan dəmir bir qapı görsənirdi.

Qəfəsdə ilk gün

Çox güman bilinməzlikdən daha pis heç nə ilə rastlaşmamısız. Xərçəng xəstəliyi tapmış və ya uşaq gözləyən bir qadının həkimə baxaraq cavab gözləməsi kimidir bu. Və yaxud da daha kiçik ölçüdə götürsək yeni iş yerinə keçmək kimi. İnsanlar çox vaxt yeni hisslərdən qorxur və nəyi varsa, onu qoruyub saxlamağı seçirlər. Halbuki yeni emosiyaların, adrenalinin həvəsindədirlər.

Ən əski vaxtlardan qəbul olunmuş tabuları, bəndləri qırmaq, onlardan qurtulmaq, böyük ehtimalla məhz buna görə çətin olub. Belə baxsaq insan doğulan andan müəyyən sərhədlənmə, bloklanma oyununa cəlb olunub. Bizlər hamımız istəsək də, istəməsək də, fikir versək də, verməsək də, bu oyunun iştirakçılarıyıq. Həyata gəldiyimiz andan etibarən müəyyən sözlərlə, qavramlarla, çoxbucaqlı fiqurla özümüzü ətrafdakılardan, varlığımızdan sərhədləyirik. Amma fikir versək, söyüşlər də əslində heç bir ağır yük daşımır ayrılıqda, sadəcə biz ona o adı vermişik. O sözlər artıq beynimizin müəyyən hissəsinə siqnallarla təsir edir. Tısbağanın çanağına vurarkən, ona zərər toxunmur, lakin o qorxudan əsir, mənfi enerjiylə dolur. Bu siqnallar beyində təxminən bu cür işləyir. Ola bilər ki, insan bu oyunun iştirakçısı olaraq yumorla, zəkasıyla, əl gücüylə, anlamlarla bu tabuları, sərhədləri qıra bilsin, bu mümkündür. Bunu etsə yerdə qalan, saf hisslər olacaq və iti beyin, fəndgirlik artıq lazımsız alətə çevriləcəkdi.

İllər öncə qəbul olunmuş cinayətə görə cəzanın çəkildiyi zindanlar, təhsil almaq üçün yer olan məktəblər öz qabığını qıraraq, dəyişikliyə uğramayıb. Və bu strukturu, sistemi dəyişdirmək qeyri-mümkün kimi görsənməkdədir. Sanki zindanları, məktəbləri, iş yerlərini bir şirkət düzəldib yaşatmaqdadır.

Qadın dəhlizlə qapıya doğru gedərkən heç bu barədə fikirləşmirdi. İstədiyi təkcə hər şeyin yuxu olmasını anlamaq idi. O, özünü sakitləşdirməyə və bütün bunların yuxu olmasa da, müvəqqəti olmasına inanmağa çalışırdı. Tədricən səsləri əks-sədayla eşitməyə başlayırdı. Nəzarətçi açarla qapını açmağa başlayanda qəfəslərdən səslər səngiməyə başladı. Dustaqlar yeni adamın həsrətində idilər. Bu yenilik onlar üçün oksigenə bərabər idi, onlar bu yenilikdən qorxmurdular. Axı düşdükləri vəziyyətdən daha əzablı nə ola bilərdi ki?

Qapı açıldı və nəzarətçi qadının əllərini qandallardan azad edib onu 310-cu qəfəsə saldı. Bu həbsxana maraqlı bir cəhəti ilə digərlərindən seçilirdi. Şəhərdə yeganə qadın dustaqxanası olduğuna görə burada müxtəlif cinayət törətmiş dustaqlar yatırdı. Banka borcu olandan tutmuş ən ağır cinayət törətmiş, adam öldürəninə kimi hamı bir yerdə saxlanılırdı. Onları bir-birindən xəbərlərdə görməyə adət etdiyimiz qalın divarlar deyil, yanbayan sıx yerləşmiş dəmirlər ayırırdı. Lap zooparkda olduğu kimi. Yaxın yerləşən qəfəslərdəki dustaqlar bir-birilərini görürdülər. Yalnız günün müəyyən saatları, yemək vaxtları, çimmək üçün, iş görmək, paltar yumaq, kitab oxumaq, gəzişmək üçün ayrılan vaxtları dustaqlar birlikdə keçirirdilər. Hər qəfəsdə bir çarpayı, nazik, bozumtul yorğan və içi boş kiçik şkaf varıydı. Qadın azadlıqda olarkən həbsxananın yaxşı vəziyyətdə olduğunu düşünürdü. Çünki yaşadığı ölkənin iqtisadiyyatı çox yaxşı inkişaf etmişdi, gəlirləri aşıb daşırdı. Amma bunu da demək lazımdır ki, yalnız əhalinin üçdə biri bal içində yaşayırdı. Onlar məmurlar, iş adamları, televiziya maqnatları və bu kimi insanlar idi. Qalanları isə maaş vaxtını gözləyən, bayaq dediyim kimi əlində olanları itirməkdən qorxanlar idi. Çünki, o həmin üçdə bir hissə onlara başqa imkan tanımamışdı. Qadın isə heç vaxt o sosial təbəqədən kənara çıxmadığı üçün olanlardan bixəbəriydi. Onu dəhşət bürümüş, ağzı qup-quru qurumuşdu. Üstəlik onu bu qəfəsdə görə biləcək bütün dustaqların gözləri ona zillənmişdi.

- Danış, görək. Kimsən, haradan gəlmisən? -deyə qadının sağındakı qəfəs sakini dilləndi.

Qadının ürəyi tez-tez döyünməyə başladı və titrək səslə mızıldandı.

- Adım missis Ştrausdur - dedi qadın.

- Missis Ştraus?

- Hə, Petra Ştraus.

Qadın bunu demişdi ki, azca sakitlik çökdü və bir müddət sonra hamı gülüşməyə başladı. Qadın heç nə başa düşmürdü, axı burada gülməli nə var? Yoxsa mən dəlixanaya düşmüşəm, nədir?

- Nəyə gülürsüz?

- Bura səninçün karnaval deyil? Nə ləqəb qoyaq sənə? Özün de, bugün kefimiz yaxşıdır. Tapmasaq elə 310-cu deyəcəyik. Elə hamısından yaxşı budur. Onsuz da zəhrimara qalmışlar hər saniyə çoxalırlar. Yadda saxlamaq olmur.

Birdən ağ bənizli, üzü çil-çil olan, üzbəüz qəfəs sakini dilləndi. Onun danışığı, slavyan ləhcəsi, Petraya tanışıydı

- Mənim adım Yuliyadır, çoxları məni Cerri kimi tanıyır. Bu ləqəb mənə uzun müddət polisdən qaçıb gizlənə bildiyim üçün verilib. İki dəfə 112-ci qəfəsdəki Meri ilə buradan qaçmışam, hər iki dəfə də onu tutublar, mən isə qaça bilmişəm.Sonuncu qaçışımda özüm qayıtdım, yoldaşıma, uşaqlarıma görə. Bir restoranda içkili vəziyyətdə oliqarxın biri mənə sataşmaq istəyirdi, şüşəni boğazına elə soxdum ki, yerində gəbərdi.

- Həəə, Cerri. O murdara elə lazımıydı - bütün qəfəs bir ağızdan qışqırdı.

- İndi özün haqda söylə. Burada qayda belədir. Nə qədər tez qaynayıb - qarışsan sənin üçün o qədər rahat olar. Səni bura gətirən yekədöşə də çox fikir vermə. Cerri elə də pis qız deyil.

Bunu deyəndən sonra hamı əllərini dəmirə vurub səs-salıb gülüşməyə başladı, sonra yenə sakitlik çökdü. Çoxdandır ki, belə gözəlçə qəfəsə buyurmamışdı.

- Adım Petradır. Onu deyim ki, günahkar deyiləm.Hər halda hər şey bilmədən oldu. Ərim Jozeflə birgə özümüzə təzə ev almışdıq. İşlərimiz qaydasında gedirdi. Bir gün rəfiqəm, yəni Jozefin dostunun arvadı bizə gəlib, məndən xahiş etdi ki, məhkəmədə ona şahidlik edim. Mən sadəcə deməliydim ki, axşam saat onda, on birin yarısı rəfiqəm bizdə idi. Məndən xahiş etdi ki, ondan heç nə soruşmayım. Mən onun dediyi kimi etdim, lakin məhkəmə məni yalandan şahidlikdə təqsirləndirib, 6 aya qədər azadlıqdan məhrum etmə qərarı verdi. İndi heç bilmirəm necə olacaq. İnanıram ki, Jozef hər şeyi qaydasına qoyacaq. Petra danışarkən artıq ağlamaqdan səsi tutulurdu, amma özünü güclə saxladı. Cerri onun sözünü kəsdi.

- Axı nə qaydasına qoyulmalıdı? Məhkəmə qərarı verib.

- Yox, ərimin tanışları çoxdur, pulu da. O məni bu vəziyyətdə buraxmaz.

- Buradakı qadınları görürsən? Elə bilirsən onlar hamısı müqəssirdirlər? Elə bilirsən onlar burada olmağa layiqdirlər? Axı kim insanoğlunu məcburən burada saxlaya bilər? Ən böyük cəzanın belə əvəzi bu deyil. Biz burada işləyən xadimələrə belə həsəd aparırıq. Onlar bu cür iyrənc işdən çıxıb ən azı evlərinə gedib, eyni oksigenin azad olanını alırlar. Orada hər şey tam başqadır. Amma sənin kimi madamlar burada çox qalmırlar, onu düz dedin. Onlar üçün qanunlar başqa yolla işləyir. Amma bilirsən nə var? Bizlərdən çoxumuz artıq azadlığı istəmirik, çünki burada gördüyümüz günlərdən sonra heç nə bizim üçün əhəmiyyət daşımır. Bizi, günahlarımız yuyulsun deyə camaşırxanalarda məsxərəyə qoyaraq işlədirlər. Hər yoxlama aparan özünə bir qadın seçib, onu yataqda yoxlayır. Biz yaddan çıxmış və bundan sonra heç bir hüququ olmayan zibillərik. Azad ediləndən sonra dediyimizə dövlət inanmayacaq, ailələrimiz əvvəlki kimi bizi istəməyəcək, kişilərin ən axmağı, ən kifiri belə bizdən yan gəzəcək, iş yerləri vəsiqədə möhürü görən kimi bizdən üz döndərəcəklər. Uşaqlarım isə ömürümün axırına kimi onlara məktəbdə lağ edildiyinə görə məni sevməyəcəklər. Sən isə burada da azadsan.


- Sizi anlayıram. Doğrudur, bura düşməmişdən əvvəl belə fikirləşmirdim, amma həqiqətən anlayıram.

Petranın halı kəskin pisləşmişdi. Axı o da qadınıydı, qadınlar isə təxminən eyni oxşar hissləri keçirirlər.

- Sən heç nə anlamamısan, çünki hələ də ümidin var azad olmağa. Elə bilirsən ki, mənə, burdakılara rəhmin gəlir? Yox, sən özün içindəkinə görə narahatsan. Adamlar hamısı belədir, qarşıdakının halına baxanda içindəki vicdanı ona əzab verir və rahat olması üçün gözünə rəhm pərdəsi asmağa çalışır. Sən ancaq öz Jozini gözləyirsən.
İndira, bu qızcığaza hər şeyi başa sal.

Çox bilikli və müdrik, eyni zamanda şərqdən olduğu üçün bu qadına Qandinin şərəfinə ad qoymuşdular. İndira gülümsünərək başı ilə təzim edib, sakit, həlim səslə danışığa başladı. O danışarkən hətta Cerri belə ağzı açıq ona qulaq asırdı.

- Heç bilirsən dustaqla çəpərlərin o yanında, sünbüllüklərdən o tərəfə yaşayanların fərqi nədir? Mən bu barədə çox düşünmüşəm. Axı onların indiki yaşayışı çox mənasızdır. Eyni tərzdə, solğun həyat yaşayırlar. Udduqları havadan, gəzdikləri torpaqdan, kainatdan, ulduzlardan həzz ala bilmirlər. Biz heç olmasa varıq, ağrılarımız bunu daima yadımıza salır. Onlar isə ölü kimidirlər, çoxları belədir, 310-cu. Amma onları bizdən üstün edən bir şey var. Arzuları... Bəli, arzuları. Arzularının nə vaxtsa gerçəkləşəcəyinə ümid edirlər onlar. Lakin bizim arzularımızı, ümidlərimizi əlimizdən alıblar. Heç bir cinayətin əvəzi bu deyil. Bilmirəm nədir, amma bu deyil. Şüuraltımızda nə qədər bədbin birisi olsaq da, ən kiçik də olsa bir arzu, bir istək var. Cerridən isə onu aldılar, o axmaq sərxoşa görə. Allah bilir indi o sərxoş, hansı barda, hansı dərədədir.

- Əhsən, İndira. Əhsən. Sənin yerin natiqliyin, özün demişkən, Nirvananın lap təpəsidir - dedi Cerri.

310-cu, sənin adını isə, dəvəquşu qoydum. Bilirsən niyə? Heç bilirsən içəri girərkən bütün əşyalarını niyə aldılar? Çünki sənin artıq heç bir hüququn yoxdur, sən rəzalətə məhkumsan. Bir özünə bax, çəkmələrinə bax. Onların bağı belə yoxdur, çünki özünü öldürə bilərsən. Onlar sənə heç ölüm haqqı da vermədilər. Doğru deyirsən, buradan çıxanda sənin üçün lap çətin olacaq. Bilməyəcəksən başını hansı yerin dibinə soxasan, hamıdan gözünü gizlədəcəksən. Yəqin artıq anladın nə üçün. Çünki milyoner, adlı-sanlı, ləyaqətli Jozefin arvadı qəfəsdə olmuş, qorxunc bir məxluqdur. Ölüm anını gözləyən, qorxudan üzünü gizlədən dəvəquşudur.

Axı biz hamımız dediyin dəvəquşuyuq - gözləri dolmuş İndira dilləndi.

Cerri gözlərini tavana zilləyib bir müddət susdu, sonra özündən razı şəkildə dilləndi.

- Elədir, amma bizim dildə Ştraus lap dəvəquşu sözünə oxşayır. " Ti posle etoqo, naturalnıy straus, Petra"

Bundan sonra hamı qəhqəhə çəkib gülməyə başladı.

Azad olmağın iki üsulu

Gülmək həbsxanada bəzən təbii olsa da, çox vaxt çox süni və bilərəkdən yaradılmış olurdu. Bəzilərinin dumanlı, gözəl, sehirli istəkləri reallığa çevrilmədiyindən çıxış yolunu zarafatlarda görürdülər. Özləri üçün situasiyalar yaradıb onlardan çıxış yolları tapmağa çalışırdılar. Ən xırda oyunlardan tutmuş, münaqişələrə, davalara kimi. Onlar üçün reallıqla düşündükləri arasındakı uçurumu dəf etməyin yolu yalnız bu idi.

Aralarında çox hirsli, qəddar və eyni zamanda şən və durmadan zarafat edən Poli kimi qadınlar da varıydı. İndiranın dediyinə görə, Poli nə qədər pozitiv görsənsə də onda olan nevroz heç Cerridə də yoxuydu. İçlərində heç kimə qaynayıb-qarışmayan Melisa kimiləri də az deyildi. Təbii ki, bura hissləri istədikləri kimi ifadə etməkdən məhrum olanların kiçik cəmiyyətiydi.

Petra həbsxanadakı birinci günü demək olar heç yatmadı. Cəmi bir neçə dəqiqəlik gözünü yumub yuxuya gedə bildi. Yuxusunda qorxulu şəkildə əri Jozefi görüb oyandı. Petra özünü necə aparacağını bilmirdi. Bir tərəfdən onunla təsəlli tapırdı ki, buranın adamları heç də düşündüyü kimi qorxulu başkəsənlər deyil. Ən azı çoxlarına fikrini izah edib, münasibət qurmaq olar.

İkinci gün yerində uzanarkən İndira ona yaxınlaşaraq xoş sözlər də demişdi. O, həqiqətən çox sakit, xoş üzlü, mülayim və eyni zamanda ağıllı bir qadınıydı. Heç buraların adamı deyildi. Elə Cerrinin özü və üzdən gördüyü çoxları da ona pis təsir bağışlamadı. Petra fikirləşirdi ki, görəsən bu həbsxanaların əsas vəzifəsi nədir? Sanki İndirayla dərdləşəndən sonra onda da bu sorğulama hissləri doğmuşdu.

O, günortaya kimi düşünüb belə qərara gəldi ki, həbsxanaların əsas məqsədi cəmiyyətə insan qaytarmaq deyil. Belə olsaydı, o qədər dünya ölkələrində çalışan elm adamları çoxdan anlayardılar ki, belə yolla insanı cəzalandırıb, cəmiyyətə qaytarmaq yanlışdır. Bu ki adi gözlə görünür. Cəmi 30 saata yaxın müddət ərzində burada idi, amma çox sarsıntı keçirmişdi. Hələ burada yatanların ailələri, onların yaxınları, dostları nələr keçirir? Bəs zərərçəkənlər? Onlar cinayətkarın əzab çəkməsindən həzz alacaqlar? Bəs cəza olmasa cinayətin qarşısını necə almaq olar? Axı Tanrı özü belə bu işin yolunu cəza ilə göstərib. Yoxsa yox? Bu insanlığı məhv edən məsələ niyə heç kimi maraqlandırmır?

O, İndira danışarkən anlamışdı ki, ola bilsin oğurluq edənlər etdiklərinə şüuraltı özləri də inanır və bu məsələyə istək kimi baxırlarmış.Bir oğrunun sonrakı niyyətini belə izah etmək olardı. Bəs bütün cinayətlərin ilkin səbəbi nədir? Petra həqiqətən buradakılar üçün narahat olmağa başlamışdı. Buradan tez çıxmağı, sonra isə dustaqlara necə kömək edəcəyi barədə düşünməyi planlaşdırırdı.

İkinci günün sonuna kimi Jozefə bir məktub yazdı. Burada ondan xəbər alır və gəlib ona baş çəkməyini istəyirdi. Onun bu vaxta qədər gəlib çıxmamağına görə çox narahat idi.

Üçüncü gün Petra artıq özü-özündən iyrənirdi. Buradakı yeməkləri yeyə bilmir, gözünə yuxu getmirdi. Ayrı vaxtı səhər yeddidən tez oyansaydı heç nə anlamaz, key kimi olardı. Amma indi başı saat kimi işləyirdi. Həbsxanaın maraqlı sakinlərindən biri də Hantiydi. Nə vaxt dindirsən, nə isə soruşsan, sənə heyvanlardan danışardı. Petra ondan eşitmişdi ki, ayılar qış yuxusuna getməmişdən əvvəl dörd ay fasiləsiz günə altmış kilo balıq, ət yeyirlər. Ya da delfinlər cinsi əlaqədən həzz alan yeganə heyvanlardır.Hətta yeməkdən qabaq Hanti sakitcə Petraya demişdi ki - Dəvəquşular intihara ən çox meylli heyvanlardır. Gəl indi bundan sonra bu ləqəblə boğazından nə isə keçsin də.

Üçüncü gün həbsxanada bazar günüydü. Elan olunmuşdu ki, bir saata görüş vaxtıdır. Hamı həvəslə görüşü gözləyirdi. Kimsə uşaqlarını, kimsə dostunu, kimsə də dustaq yoldaşının dostunu. Petra isə sakitcə həbsxananın həyətində oturmuşdu. Birdən İndira və Poli qaça-qaça Petraya tərəf gəldilər.

- Petra, sənə şad xəbərimiz var - dedi Poli. Bir ortayaşlı kişi səni görməyə gəlib. Hündür, bığlı, yaraşıqlıdır. Cerri belə dedi, o görüb.

Petra Polinin təsvirindən anladı ki, gələn Jozidir. Sevindiyindən qızları qucaqladı. Onlar da sevinirdilər. Əsas da Poli. Petra bilirdi ki, Jozef üçün bu işi həll etmək asan olmalıdır, onu şəhərdə demək olar hamı tanıyırdı. İndira Petranı bir dəfə də qucaqladı və əyləşməyini xahiş etdi.

- Sən bilirsən ki, Hanti də tezliklə azad olmalıdır. O, günlərini sayır. Əgər buradan çıxsa, ondan muğayat ol. Heç kimi yoxdur. Ən böyük arzusu kosmosa qalxıb başıaşağı Yer planetinə baxmaqdır. Dedim ki, biləsən. Özündən də ehtiyatlı ol. Bizə görə narahat olma.

Petra çox pis olmuşdu. Özünü zorla toparlayıb soruşdu. Bəs sizin neçə iliniz qalıb. Cerrinin neçə ili qalıb?

- Mənim iki, Polinin də iki. Cerri isə....

- Nə qədər?

- Önəmli deyil, onsuz da azadlığa çıxmaq istəmir. Deyir ki, nə vaxtsa çıxsam özümü öldürəcəm.

- Axı niyə?

- Petra, bunu deyə bilmərəm. Yaxşısı budur, çox kədərlənmə. Çıxanda bizi yada sal.
Son xahişim budur ki, buradan çıxsan, imkanlarını dəyərləndir. Çox şey arzula, bizim yerimizə də yaşa. Amma istəklərində ehtiyatlı ol. Bil ki, yaşamaq üçün yaşamaq boşdur.

İndiranın sözü yarımçıq qaldı. Görüş vaxtı elan edildi.

Doğrudan da gələn Jozef idi, o hələ həmin gün Petranı həbsxanadan çıxardı. Ondan üç ay sonra Hanti də azad edildi. Hantinin danışığından Petraya məlum oldu ki, həbsxanada işləyən bığlı qaradərili nəzarətçi kişi lal imiş. Orada bir qadının döyüldüyü zaman bunu görərək nitqini itirmişdi. Lakin heç kim bilmirdi ki, o nəyə görə orada işləməyə davam edir.

Hanti indiyə qədər Petrayla Jozefin evində işləyir. Amma heç biri artıq çoxdandır dustaqlara baş çəkmirlər.

İndira və Poli isə azadlıqda təzəcə özünü öldürmüş Cerri üçün ağlayırlar.

Cerrinin yatdığı qəfəsə isə "Həbsxanalar dəvəquşu yetişdirir " cümləsi həkk olunub...
XS
SM
MD
LG