Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:10

Zindan görüşləri...


Balayar Sadiq
Balayar Sadiq
-

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin qalibindən



Balayar Sadiq



ZINDAN GÖRÜŞLƏRİ


1. Özümlə görüş

Tənha canavar tək ulayır əcəl,
Kədər dumanında, həsrət çənində.
Arzular mələyir körpə quzu tək,
Taleyin qurdağız dərələrində.

Əzablar bir sürü qara it olub,
Səbrimi gəmirir bir sümük kimi.
Göylərdən yiyəsiz ahlar tökülür,
Yandırır içimi, sökür içimi.

Köhnə divar kimi uçulur ömür,
Alnımdan tökülür alın yazısı.
Anama bir ovuc torpaq aparın,
Bir ovuc torpaqdı qara kağızım.

Ahım külə dönür dodaqlarımda,
Dərdə güzgü tutur gözümün yaşı.
Azadlıq qoxulu misralarımı,
Qəbrimin üstünə qoyun başdaşı.

Yığıb neçə-neçə körpə yetimin,
Yanıb külə dönmüş gülüşlərini.
Nakam azadlığa heykəl qoyuram,
Ömrümün bu “Zindan görüşlərini”.


2. Məmləkətlə görüş


Həqiqət kəfənsiz dəfn olunubdu,
Bu yurdun mamırlı qayalarında.
Üstündə buğlanan qan ləkəsi var,
Üzü süd qoxulu laylaların da.

Ümidin, inamın yolları üstə,
Ölüm hörük-hörük sərib saçını.
Qeyrət məzarının başında zülüm,
Asıb bayraq kimi öz qılıncını.

Oğul uğuruna qəmli analar,
Göz yaşı səpirlər su əvəzinə.
Allahın səbri də düşsə boğular,
Bu dərd dənizinə, qan dənizinə.

Mənim azadlığım “hanı” deyənin,
Gözünün yaşını zindanlar silir.
Hər gün azadlığın bayrağı altda,
Bir körpə azadlıq qurban kəsilir.

Məmləkət-zindandı, zindandı-məmləkət,
Ünvansız qəbirlər azadlıq qoxur.
Körpə misraların pıçıltısından,
Divarlar diksinir, qaranlıq qorxur.

Məmləkət bəzənib toy mağarı tək,
Əli xınalanıb dar ağacların.
Ilin hər fəslində, hər vədəsində,
Əyir budağını “bar” ağacların.

Mürgülü-mürgülü gəzir güllələr,
Hər tində, küçədə “Qulaq” sülənir.
Bu kor məmləkətin qapılarında,
Həqiqət əl açıb, qeyrət dilənir.

Qabarsız əllərin alqışı altda,
Neçə gözüyaşlı fəryad dəfn olur.
Dəmir zindanların qaranlığında,
Azadlıq qoxulu həyat dəfn olur.

Bu gün körpə kimi doğulan sözün,
Dünəndən torpaqda məzarı hazır.
Haqqın qatilləri bu məmləktdə,
Şairi səsindən, sözündən asır.

Qaranlıq quyudu, bu kor məmləkət,
Bəndə yox, Allah da eşitməz məni.
Qəbrimi çiynimə qoyub gəlmişəm,
Sözlər dar ağacım, sözlər kəfənim.


3. Sözlə görüş


Dostum,
Dünyanin azadlıq beşiyi başında
oxunan nəğmələr,
zindan qoxusu dadır.
Zindan divarları arasında
doğulan misralar,
Azadlıq dualarıdır

Soyuq qaranıqlar,
Tanrı səbrinin qapısıdır, dostum.
Azadıq nəğmələri
çilənmiş
göz yaşı qoxulu qaranlıqlar,
Zindanların
alın yazısıdır,dostum.

Zindanların bətnindən
doğulur Azadlıq.
Qaranlıq üstə iməkləyir,
Nəmli divarların
sükut ətəyindən tutub,
qədəm-qədəm yeriyir.

Körpə azadlığın qulağına çatan,
içində yarpaqlayan ilk səs,
Dəmir qapıların şaqqıltısı olur.
Azadlıq ah kimi doğulur,
Günah kimi ölür.

Azadlığın atası – qara sükut,
anası – zindandadı, - dostum
Tanrı ətəyindən yağan işıqlar,
Azadlığın qaranlıq kəfənindən,
utandı, dostum.

Utanır Əzabın ocağı, külü,
Utanır, Azadlıqdan,
utanır Ölüm.
Təkcə Azadlıqdan
Zülüm utanmır.
Utanmır, utanmır Zülüm,

Şəhid Azadlığın ahıdır,
Məmləkətlər üstə ucalan bayraq.
Külək vurub dalğalandıqca,
Azadlığın
ünvansız qəbri diksinir.
Göylərdə Tanrının səbri diksinir.

Dünyanın hələ doğulmamış,
şairi diksinir, şeiri diksinir.
Adəmin, Həvvanın,
könlündən keçən buğdanın
sirri diksinir.

Dostum,
bəs sənin içində
diksinən nədi?
Dar ağaclarının kölgəsi düşən yollardımı?

Yüyürüb, yüyürüb bir körpə azadlığın
boyuna çatılmayan qollardımı? -
içində tərpənir?
Alagözlü bir Azadlıq
sonalanıb, xınalanıb
bir Söz köçündə tərpənir.

Bu zindanın o üzü də
elə zindandı, şairim.
Uçan quşları qara daş,
axan suları qandı, şairim.
Barı burda – bu zindanda
Qaragünlü, Alagözlü bir Azadlıq
İşıq-işıq tellərini ürəyinə sərib sənin.
Orda – o qara zindanda
Tanrı insafından uzaq
qazılıbdır qəbrin sənin.

Min ildi ruhumda yol gəlir bu səs,
Kişnəyir içimdə dəli bir həvəs.
Azadlıq eşqinə möhürdü məhbəs,
Ay bəxti özündən qoca şairim.

Zaman qara sacdı,ömür-gün darı,
Çiynində Babəkin bitib qolları.
Məhbəslərdən keçir haqqın yolları,
Ay sözü ömründən uca şairim.

Bu alın yazısı yuyuldu qanla,
Çək tarix dərsinə, tarixi danla.
Yaxası qanamış misralarınla,
Haqqın qapsını açan şairim.

Şairim,
Azadıq ağacının
dadlı-dadlı meyvəsidi
misraların,sözlərin.
Tamını dadını zindanlar bilir
bu “meyvələrin”.

Bu ömür-gun köynəyinin,
Düyməsidi, qara zindan.
Bəlkə də Tanrı səbrinin,
Kölgəsidi qara zindan.

Qara zindan balası tək,
Səni oxşar, əzizləyər.
Öpüb qara saçlarını,
qarasını təmizləyər.

Şair, zindan qəfəs deyil,
Azadlığın sarayıdı.
Haqqa uzanmış əllərin,
Divar-divar harayıdı.

Şairim, haqqın yolunda,
Tökülən qanlar sağ olsun!
Azadlığa qucaq açan,
Qara zindanlar sağ olsun!

Taleyinə yaylıq kimi,
Düşən ayrılıq sağ olsun!
Bu dünyada zindan-zindan,
Qalan Azadlıq sağ olsun!

Sən də bu dünyada, sağ ol, şairim,
Sənin bu zindan ömründə
Böyük Azadlıq yaşadı,
Bu dünyada şairlərlə
Ulu Azadlıq yaşıddı.


4. Aclıqla görüş


Yoxsul daxmalardakı ömürlərin
saralmış bicənəklərinə
ac uşaqların yuxusu dağılıb.
Balasını ovundura bilməyən
anaların dodağında
sünbül-sünbül nəğmələr,
sarala-sarala qalıb.

Su çilənmiş təndir kimi
göz yaşı buğlanır
aç uşaqların üz qoyduğu
anaların dizi üstdə.
Yoxsul ataların
qəm yurd salmış ürəyində,
Əzab təndir-təndir qalanır.

Aclığın soyuq qəhqəhəsi
tökülür.
Məmləkətin ucuq təndirlərinə.
Inləyən, zarıyan acların səsi
yem olur
zamanın ac küləklərinə.

Ürəyindən dodağına çatmır
acların ahı.
Tanrım, görən mələklər
hansı varağa yazacaq
bu günahı?

Köçüb gedib bu yerlərin
qarışqaları da.
Yığıb aparıblar gəldiyi yolları da.

Tanrım, yəqin
qarışqaları diksindirib
ayaqlarının aclıq qoxusuna
batmaq qorxusu.

Yolların bərəkətinə hopacaq
aclıq qoxusu.
Deyən qarışacaq
qarışqa yollarının yuxusu.
Yolların çiynində
yolları alıb çiyninə
çıxıb gedib qarışqalar.

Bu ac məmləkətin taqəti yox,
aclıqdan çıxıb getməyə.
Bu ac məmləkətin torpağına
quru ağac kimi yıxılmış ömürlərin
taqəti yox, qalxıb getməyə.


5. Xəyalla görüş


Əziz balam,
Zamanın çopur qayalarından
qopub iri daşlar kimi
aramıza düşüb illər.
Hər gecə yuxularımda qanad çalır,
“ata” deyib hıcqıran o körpə əllər.
Hələ sənin nə yaşındı, əziz balam.
Uzatma əllərini
yuxularımın yaxasına.
Bir ömrün zindan qoxusuna,
Bir məhbusun
ağrı dolu yuxusuna əllərin bulaşar.
Uzatma əllərini, körpə balam,
Yuxularım qarışar.

Hacansa zindanların
qara ovcundan düşüb itəcəyəm.
Bir gün sənə azadlıq ətirli
nağıllar gətirəcəyəm.

Yaddaşında ağac-ağac,
çiçək-çiçək,
Azadlıq nağılları bitəcək.

Sonra aylar, illər keçər,
Hər ayın, ilin üstündən
soyuq-soyuq yellər keçər...

Bir gün illər yaddaşını
çəmən-çəmən sulayacaq.
Zaman sənin içindəki
ümidləri
ilxı-ilxı suvaracaq.

Onda, əziz balam, onda
bu dünyadan bezəcəksən.
Tüpürərsən ömrün-günün həvəsinə,
Bu dünyanın yalan-yalan nəfəsinə.
Yaddaş çığırına düşüb
gedəcəksən özünü axtarmağa.
Azadlıq nağıllarının kölgəsinə.
Gedəcəksən, mənim balam,
ya tez, ya gec gedəcək.

Ulu Tanrı işığını
səhərlərin dolçasına doldurub,
şəfəq-şəfəq uğuruna atacaq.

Zindanların qorxusu da,
Qanunların harayı da,
İnamının, cürətinin
addım səsində batacaq.

Gedəcəksən, mənim balam,
Yaddaşından keçən yolun
sorağıyla gedəcəksən.
Bu dünyanın ağrısına, əzabına
cavab tapmaq marağıyla gedəcəksən.

Bu yolun hər addımında
ömür-ömür ümidlərin
nakam qəbri gözə dəyir.
Qorxma, əziz balam, qorxma,
Bu uzaq yolun başında
Səni Azadlıq gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG