Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

BP rəhbəri Şotlandiyanın müstəqil olmasının əleyhinədir


BP şirkətinin baş icraçı direktoru Bob Dudley.

BP şirkətinin baş icraçı direktoru Bob Dudley.

BP rəhbəri Bob Dudley Şotlandiyanın müstəqil ölkə olmaq ideyasını kəskin tənqid edib.

-
Transmilli neft-qaz nəhəngi BP Britaniyanın bir hissəsi olan Şotlandiyanın müstəqil ölkə olmaq ideyasını kəskin tənqid edib.

Şotlandiyada müstəqillik barədə referendum 2014-cü ilin 18 sentyabrında keçiriləcək.

BP-nin baş icraçı direktoru Bob Dudley Şotlaniyanın işlədəcəyi valyutanın ətrafında yaranmış qeyri-müəyyənliklə bağlı narahatlığını bildirib və deyib ki, Britaniya bütöv ölkə kimi qalmalıdır.

Britaniya mətbuatı yazır ki, BP rəhbərinin tənqidi Şotlandiyanın birinci naziri Alex Salmond-un müstəqillik kampaniyasına böyük zərbə olub.

Cənab Salmond hər zaman əyalətin müstəqilliyi barədə çıxış edərkən, gələcək Şotlandiyanın güclü iqtisadi dayaqlara malik olacağını əsas gətirir, BP və onun Şimal dənizindəki neft-qaz yataqlarının gəlirinə bel bağlayırdı.

Bunu da demək yerinə düşərdi ki, BP şirkətinin baş qərargahı məhz Şotlandiyanın ərazisindəki Aberdin şəhərində yerləşir.

BP nədən narahatdır?

Bob Dudley BBC-yə müsahibəsində deyib ki, müstəqil Şotlandiyanın hansı valyutanı işlədəcəyindən, Avropa İttifaqı ilə münasibətlərindən və bu əyalətdəki bizneslərdən ciddi şəkildə narahatdır.

BP rəhbəri deyib ki, şirkət hələlik Şotlandiyaya gələcək investisiya planlarını dəyişməyib.

Qəzetlər yazır ki, Şotlandiya separatçıları Britaniya siyasətçilərinin tənqidinə artıq alışmışdılar, lakin ilk dəfə olaraq tənqid çox böyük biznesdən gəlib.

Bu da xəbər verilir ki, Şotlandiyadakı başqa şirkətlər də bu istiqamətdə narahatlıqlarını bildiriblər və deyiblər ki, müstəqillik Şotlandiyaya milyonlarla funt sterlinqə başa gələ bilər.

BP Britaniyanın Şimal dənizindəki ən böyük investorudur. Şirkət Şimal dənizi layihələrinə 2011 və 2016-cı illər arasında 10 milyard funt sterlinq investisiya yatırmağı planlaşdırıb.

Şotlandiyanın birinci naziri Alex Salmond referendumun müsbət nəticəsinə inanır.

Şotlandiyanın birinci naziri Alex Salmond referendumun müsbət nəticəsinə inanır.



Cənab Dudley deyib ki, bu layihələrə artıq başlanıb və bu iş davam edəcək, lakin şirkət Şotlandiyadakı minlərlə işçisinin gələcəyindən narahatdır.

BP-nin amerikalı rəhbəri deyib ki, Şotlandiyanın ayrılması şirkətin iki baş qərargah qurmasına səbəb ola bilər, bu isə əlavə xərclər deməkdir.

İngiltərə funt sterlinqi Şotlandiya ilə bölüşməyəcək

London siyasətçiləri BP rəhbərinin bəyanatını dəstəkləyiblər və ümid etdiklərini bildiriblər ki, Şotlandiyadakı başqa transmilli şirkətlər də öz mövqelərini bildirəcəklər.

Ekspertlər deyirlər ki, Şotlandiya əhalisinin əhəmiyyətli hissəsi BP-də və ona bağlı xidmət şirkətlərində çalışır və bir millət kimi praqmatik şotlandlar üçün Dudley-nin çağırışı həlledici ola bilər.

Lakin Şotlandiyanın millətçi hökuməti bu tənqidlərə cavab olaraq bildirib ki, BP dünyanın 80 ölkəsində işləyir və Şotlandiyanın onlardan biri olmasında heç bir faciə yoxdur.

Şotlaniyanın millətçi SNP partiyası bəyan edib ki, gələcək dövlət ən azı ilk dövrlərdə funt sterlinqdən istifadə edəcək və bu həm Londonun, həm də Edinburqun marağındadır.

Lakin Britaniyanın maliyyə naziri bildirib ki, Şotlandiya ayrılarsa, London onun funt sterlinqi işlətməsinə imkan verməyəcək.

Bob Dudley-nin şəxsi fikri nə deməkdir?

SNP lideri Salmond isə əmindir ki, Şimal dənizinin zəngin karbohidrat ehtiyatları Şotlandiyanın gələcəyi üçün böyük zəmanət verir.

O deyib ki, Şimal dənizi yataqlarında hələ çıxarılmamış 1, 5 trilyon funt sterlinqlik neft və qaz var.

London bu ümidləri əsassız adlandırır və bildirir ki, həmin o 1, 5 trilyon funtluq neft və qazı çıxarmaq üçün 1 trilyon funtun xərclənməsi lazım gələcək.

Ümumiyyətlə isə, Şotlandiyanın müstəqil həyatına başlaması üçün ona dərhal 6 milyard funt sterlinq lazım olacaq.

Nəzərə alınsa ki, şotlandların pensiya və ipoteka fondları Britaniya banklarına bağlıdır, onda vəziyyətin son dərəcə mürəkkəb olduğu anlaşılar.

BP-nin baş icraçı direktoru Bob Dudley deyib ki, onun şirkəti siyasi məsələlərə qarışmır və o Şotlandiyanın gələcəyi barədə yalnız şəxsi fikirlərini söyləyib.

Lakin BP-nin öz tarixinə az-çox bələd olanlar, və əlbəttə ilk növbədə Şotladiya əhalisi bu şirkətin rəhbərinə aid bəyanatın, baş nazirin bəyanatından çəkicə heç də az olmadığını bilirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG