Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:49

Tuneldə maşınlara əl yelləyən uşaq ata-anasına təhvil verildi


Foto: Arxiv
Foto: Arxiv
-
Soyadını, yaşadığı ünvanı belə xatırlamayan 9 yaşlı Səbir ötən gecəni Yasamal polisinin 29-cu bölməsində qalmalı olub.

Onu polisə fevralın 3-də Qafqaz Universitetinin müəllimi Fərhad Mehdiyev təhvil verib. Dediyinə görə, Səbirlə «Şamaxı yolu»ndan keçən avtomobil tunelində rastlaşıb. Alatoran çağı, üstəlik, qarlı-şaxtalı havada balaca bir uşağın maşınlara əl etməsi şəxsi avtomobilində yol gedən müəllimin diqqətini çəkib. Beləcə, o, avtomobili saxlayaraq uşağı götürüb:

«Düşündüm ki, bu uşaq gecənin soyuğunda dona bilər. Onu Bakıda yeni açılan sığınacaqlardan birinə aparmağa qərar verdim. Dəqiq ünvan bilmədiyimdən «102» xidmətinə müraciət etdim. Amma dedilər polisə təhvil verməlisən. Uşaq polisə aparılacağına görə narahat olsa da, onu mənə deyilən kimi, Yasamal polisinin 29-cu bölməsinə çatdırıb, oraya təhvil verdim. Səbirə harada rast gəldiyim barədə izahat da yazdım».

Bölmədən AzadlıqRadiosuna verilən məlumata görə, 9 yaşlı Səbirin harada yaşadığını, hələ ki, müəyyənləşdirmək mümkün olmayıb:

«Uşaq nə familiyasını, nə də yaşadığı ünvanı bilir. Biz dünən axşamdan həmin uşaqla bağlı bütün polis idarələri ilə əlaqə saxlayırıq ki, görək onu axtarışa verən olub, ya olmayıb. Üst-başından haradasa təkər qaraldan və ya başqa çirkli-paslı işdə çalışan uşağa oxşayır. Qobustan rayonunun Cəngi kəndindən olduğunu deyir. Qobustanla da əlaqə saxlamışıq. İndi araşdırmalar gedir. Bizə sahibsiz, kimsəsiz küçə uşaqları gətirilir. Onların hamısını dövlət və özəl uşaq evlərinə yerləşdiririk. Valideynləri tapılsa, təhvil veriləcək valideynlərə, olmasa, onu da uşaq evinə yerləşdirəcəyik».

«SIĞINACAQLARIN OLMAMASI CİDDİ PROBLEMDİR»

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bakıda belə himayəsiz uşaqların heç də az olmadığını bildirir. O, qarlı günlər başlayandan bəri bir neçə yeniyetməni sığınacaqlara göndərdiklərini deyir. Birlik sədrinin sözlərinə görə, ötən illərlə müqayisədə paytaxtın mərkəzində küçə uşaqlarının sayı azalsa da, ətraf məntəqələrdə onların sayı çoxalıb. Küçə həyatı yaşayanların çoxunun romalardan olduğunu deyən Kəmalə Ağazadənin fikrincə, onların arasında rayonlardan Bakıya işləmək üçün gələn, amma qalmağa yer tapmayan uşaqlar da az deyil:
Kəmalə Ağazadə
Kəmalə Ağazadə

«Bakının Suraxanı, Nizami, Nərimanov, Binəqədi rayonlarında, Biləcəri qəsəbəsində bu uşaqları daha tez-tez rast gəlinir».

Kəmalə Ağazadə deyir ki, küçədəki uşaqların tapılmasında, onların uşaq evlərinə göndərilməsində müəyyən işlər görülüb. Polis, Səhiyyə Nazirliyi, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində görülən bu işlər sığınacaqların olmaması ucbatından səmərəli nəticə vermir:

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimsəsiz və yersiz-yurdsuz uşaqların yaşaması üçün sığınacaqlar tikir. Amma bu işin başa çatdırılması günü-gündən yubadılır. Bizi ən çox narahat edən də belə sığınacaqların olmamasıdır».

Birlik sədrinin sözlərinə görə, küçə uşaqları ilə bağlı problemlər təkcə sığınacaqların olmaması ilə bitmir. Onun fikrincə, küçə uşaqlarının reabilitasiyası sahəsində ixtisaslaşan mərkəzlərin yoxluğu da ciddi problemdir:

«Elə bir təşkilat tanımıram ki, ortaya çıxıb bu işi öz üzərinə götürsün. Bir gün küçə həyatı yaşayan uşağın reabilitasiyası bir ay çəkir. Olduqca çətin məsələdir. İndi siz baxın görün aylarla, illərlə küçələrdə yaşayan uşaqların reabilitasiyasına nə qədər vaxt lazımdır. Bu sahədə işlər çox ləng gedir. Narkoloji kabinetlərdə taksokoman uşaqlarla bağlı heç bir iş aparılmır. Bunu tam məsuliyyətimlə deyirəm, mən bunu görməmişəm. Biz Səhiyyə Nazirliyi ilə birgə HİV-in profilaktikası layihəsini aparır və küçə uşaqlarının bütün problemlərini bu layihə çərçivəsində həll etməyə çalışırıq. Amma bütün bunlar bir təşkilatın gücü çatacaq iş deyil».

Kəmalə Ağazadəyə görə, küçə uşaqlarının problemlərini çözəcək daimi mərkəzlər olmadan bu işdə nəticə əldə etmək çətin məsələdir:
Bakıda küçə uşaqları - 2011
Bakıda küçə uşaqları - 2011

«Biz uşağı küçədən sığınacağımıza dəvət edirik, ona psixoloq yardımı göstəririk, ailəsi ilə əlaqə yaradırıq, ona pis vərdişlərdən çəkinməyi tövsiyə edirik. Amma nəticəsi nə olur? Günün sonunda ona deyirik ki, bax, bizim iş vaxtımız bitir, sən getməlisən. Demək, nəticə əldə etmək üçün daimi yerlər olmalıdır».

3-5 MİN YOXSA, 100

Küçə uşaqlarının sayına gəlincə, Kəmalə Ağazadə Azərbaycanda belə uşaqların sayca 3-5 min arasında dəyişdiyini güman edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Ülgün Səfərov həmin rəqəmlə razılaşmır:

«Bu, şişirdilmiş rəqəmdir. Heç cür bu qədər ola bilməz. Qeyd edim ki, bizim uşaq müəssisələrində 2006-cı ildə 21 min uşaq vardısa, 2013-cü ildə onların sayı 3 min civarında olub. Bu, bütün körpələr evi və internatda olan uşaqların sayıdır. Bizim fikrimizcə, bu gün küçələrdə olan himayəsiz uşaqların sayı 100-ə yaxındır və həmin sayın 3-5 min arasında olması inandırıcı deyil».

GÜNÜN SONUNDA POLİSDƏN ALDIĞIMIZ MƏLUMAT

Günün sonunda Yasamal polisindən AzadlıqRadiosuna verilən məlumata görə, fevralın 3-də «20 yanvar» dairəsi yaxınlığındakı avtomobil tunelindən aparılaraq polisə təhvil verilən 9 yaşlı Səbir Hüseynov Sabirabad rayonundan gəlibmiş. O, artıq valideynlərinə təhvil verilib. Valideynlər polisə bildiriblər ki, uşaq 3 gün öncə qohumlarıyla Bakıya gəlib və itkin düşübmüş...
XS
SM
MD
LG