Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53
-

Qadın hələ də qışqırırıdı. Halı kəsilmişdi, dodağından axan qan paltarını qırmızıya boyayırdı...


NAHİD


SƏS OĞRULARI

(Hekayə)


Masanın üzərindəki meyvə qabı divara dəyib ciliklənəndə, 12 yaşlı oğlan uşağı otağında gizlənib qulaqlarını yummuşdu.

Qadın qəzəbini artırdıqca daha ucadan qışqırır, əlinə nə keçdi divara, döşəməyə çırpıb hirsini soyutmağa çalışırdı.

Beşmətrəbəli binanın iyirmi birinci evindən gələn qışqırıq səsinə, ər-arvad davasına ilk olaraq ikinci mərtəbədə yaşayan ermənistanlı Mamed çıxdı.

Tavanı başına uçacağından qorxub, dava-dalaşın səbəbini bilmək üçün, pillələri qalxıb iyirmi birinci evin qapısı qarşısında dayandı.

Qadın “Mən də yaşamaq istəyirəm!” sözlərini ərinin üzünə qışqırdığı an, qulağında dərin, arası kəsilməyən uğultu yarandı.

Sillənin “şap” səsinə ermənistanlı Mamed də diksindi. Qadın zərbənin təsirindən özünü ayaqda saxlaya bilməyib yerə yıxıldı. Otağındakı dolabda gizlənmiş 12 yaşlı oğlan uşağı dizlərini sinəsinə sıxıb ağlamağa başlamışdı.
Dördüncü mərtəbədən tatar Yelena hay-həşirin qopduğu yerə gələndə, ermənistanlı Mamed işarə barmağını dodağına dayayıb sual verməməsini istədi.

Qadın bir neçə an sol yanağını tutub dayandı. Üzünə dəyən sillənin ədalətsizliyi, qadın gücsüzlüyü ona elə bir əzab verdi ki, ucadan, arası kəsilmədən qışqırmağa başladı.

Birinci mərtəbədən gürcü Alik, beşdəki Qarabağ qaçqını Eldar və yoldaşı Günay da səsə çıxdı.

Bir neçə dəqiqənin içində iyirmi birinci evin qapısı qarşısında xeyli adam toplşamışdı.

Hər gələn “nə olub?” sualını verib, qulağını qapıya tərəf uzadırdı.

Səsə birinci mərtəbədən gələn gürcü Alikə, tatar Yelena “Arvad öyrənib ki, əri ona xəyanət edir” deyib qulağını yenidən qapıya uzatmışdı.

Beşinci mərtəbədən səsə çıxan qaçqın Eldarın “nə olub?” sualına gürcü Aliksə “Deyirlər kişi arvadını kimləsə tutub. Deyəsən Arvad başqasıyla yatırmış” dedi. Günay ərini dürtüşdürərək “Nə deyir? Nolub, nolub” sualına əri “Az deyəsən kişi içib arvadını döyür” deyib “dayan görək nə eşidirik” sözünü də əlavə etdi.

Hələ üstəlik ikinci mərtəbədən qalxan naxçıvanlı Hökümə arvad, dördüncü mərtəbədən düşən bakılı Hicranı “Görürsən hay-həşir var, özün düşürsən bə ma niyə demirsən” deyib giley də etdi.

Kişi arvadını susdurmaq üçün yaxasından yapışıb var gücü ilə yerdən qaldırdı. Əlini ağzına tutub bağıra-bağıra “İt qızı, qışqırma” deyib yenidən sillə vurdu.

Yerə yıxılmağını qoymayıb ikici silləni də arvadın yanağına möhürlədi. Qadının dodağı partlamışdı. Yeddi yaşlı oğlan uşağı hələ də ağlayırdı. Daha atasından “Ozmo”, rəngli karandaşlar, oyuncaq maşınlar istəməyəcəyini öz-özünə pıçıldayırdı.

Beş mərtəbəli binanın üçüncü mərtəbəsinin qapısı qarşısında insan izdihamı varıydı. Hər kəs pillələrdə özünə yer edib iyirmi birinci evdən gələn qışqırıq, dava səslərinə qulaq asırdı.

Binanın girəcəyində dayanıb içəri keçməyə çalışan Taleh “Ayə, nolub e orda” deyə-deyə sualına cavab axtarırdı.

Qadının qışıqırıq səsi hələ də kəsilmirdi. 12 yaşlı oğlan uşağı barmaqlarıyla tapança görkəmini canlandırıb, dolabın içində hazır dayanıb atasını gözləyirdi.

Belindən qalxan göynərtili ağrı Talehi diksindirəndə o, hələ də içəri keçib hər şeyi öz qulağıyla eşitməyə çalışırdı. Polislər binanı çoxdan mühasirəyə almışdı. Dövlətin “toplaşmaq qadağandır” qanununu pozanların yeddisini həbs edib, “asayişi” bərpa etmişdilər.

Qadın hələ də qışqırırıdı. Halı kəsilmişdi, dodağından axan qan paltarını qırmızıya boyayırdı, gözlərinin ətrafı qaralmışdı, ancaq yenə də susmurdu.

Bakı-2013

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG