Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:47

Naxçıvanda internetə genişzolaqlı qoşulma və gizli kameralar...


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov internetlə bağlı sərəncam verib. Sərəncama əsasən, Naxçıvan şəhərində internetə genişzolaqlı qoşulma, İP TV və telefon xidmətlərinin genişləndirilməsi təmin edilməlidir. Sərəncamda həmçinin simsiz internet şəbəkəsinin ən müasir texnologiyalar əsasında inkişaf etdirilməsi nəzərdə tutulur.

Bir müddət öncə Naxçıvanda bunun əksinə internetə qoyulan qadağalarla bağlı mətbuatda məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, muxtar respublikadakı internet klublar bağlanır, bəzi saytlara giriş məhdudlaşdırılır.

«KLUBLARDA KAMERALAR YERLƏŞDİRİLİB, İZLƏYİRLƏR»

Naxçıvan sakinləri bildirir ki, internetə qoyulan qadağalar hazırda da var. Onlar deyir ki, bağlanan obyektlər sonradan açılsa da, bu klublar məhdud saatlarda fəaliyyət göstərə bilir. İnternet istifadəçisi olan Naxçıvan şəhər sakini Qurban Həsənəliyev qeyd edir ki, bəzi saytlara girişdə maneələr davam edir:

«Nə olsun ki, sərəncam verilib? Birinci inanmırıq ki, bu sərəncam tamamilə yerinə yetiriləcək. Öz iş yerlərini, evlərini keyfiyyətli internetlə təmin edəcəklər, sadə camaat isə qalacaq. İnternet qoşdurmağa görə aylarla, illərlə müraciət edənlər var. Heç birinə maraq göstərilmir. Naxçıvanı bilərəkdən informasiya blokadasına salıblar, insanlar doğru məlumatı internetdən almağa çalışırlar. Heç buna imkan verərlər? Onsuz da müxalif fikirli saytlara internet klublarda məhdudiyyət tətbiq edirlər. Bu cür saytları açmaq olmur. Klublarda kameralar yerləşdirilib, izləyirlər. Kim bu cür saytlara tez-tez girməyə cəhd edirsə, çağırıb hədələyirlər».

Naxçıvan Muxtar Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə Vasif Talıbovun internetlə bağlı sərəncamını vaxtında yerinə yetirəcəklərini bildirdilər. Ancaq nazirlikdən Naxçıvan sakinlərinin qadağalarla bağlı iddialarına cavab vermək istəmədilər.
XS
SM
MD
LG