Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:33

Qadın əlindəki bellə buz qatına son zərbəni endirdi...


Foto: Arxiv
Foto: Arxiv
-
Ard-arda iki gün yağan qar, yolların buz bağlaması Bakı və Sumqayıtın bir çox yaşayış yerlərində nəqliyyatı iflic etdi. İşıq-qaz, su problemi də, həmişəki kimi, «darıxmağa» qoymadı...

ÜŞÜYƏN QADINLAR

Qardan sonra daha çox mərkəzi küçələr, metro stansiyalarının önü təmizlənir. Buz bağlamış, amma üstünə duz, ya da qum tökülməyən yolları əyin-başı nazik kommunal təsərrüfatı işçiləri, əsasən və çox vaxt təkcə qadınlar təmizləyir. Soyuqdan tir-tir əsən, əlləri soyuqdan göyərmiş qadınlar... Biri danışmağa güc tapır özündə:

«Saat 12-dən, 1-dən işə başlamışıq. Səhər obaşdan işə çıxanlar da olub. Qar təmizləyirik. Əvvəlcə bellə buzu sındırır, sonra təmizləyirik. Bu cür işləməyə məcburuq. Növbəli çalışırıq. Günorta saat 2-dən sonra o biri növbə gələcək».

Bunları söyləyən qadın bayaqdan bellə döyəclədiyi, ancaq sındıra bilmədiyi buz qatına var gücü ilə son zərbəni endirir və... «axır ki, sındırdım» – deyir. Onun şaxtadan qızarmış üzünə acı təbəssüm qonur...

SÜRÜCÜ: «İŞLƏMƏK OLMUR...»

Avtobus sürücüsü Tələt Babayev deyir ki, buzlu yollarda sükan arxasına keçmək qəhrəmanlıqdır. O üzdən bu günlər işə çıxmayan sürücüləri qınamağa dəyməz, çünki hamı qəhrəman doğulmur:
Bakı - 31 yanvar 2014
Bakı - 31 yanvar 2014

«İşləmək olmur, belə havalarda avtobuslar yollarda qalır».

Bakı şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi Xalid Ələkbərov deyir ki, küçələrdə heç bir problem yoxdur:

«Bütün sistem, nəqliyyat işləyir. Hamı yollardadır. Küçələri təmizləyirlər. Heç bir problem yoxdur».

SAKIN: «ELEKTRİK ELƏ ZƏİF İDİ Kİ, TELEVİZOR GÖSTƏRMİRDİ»

İşıq-qaz probleminə gəlincə, bu günlər Bakıətrafı əksər kəndlərdə bu problem yaşanır. Ən yaxşı halda elektrik və qaz məhdudiyyətlə verilir. Əhmədli sakini Təranə Əliyeva deyir ki, bu günlərdə bir kəlmə ilə desək, «donmuşuq»:

«Bu günlər işə piyada gəlib-getmişəm. İşıq-qaz bu günlər bizdə elə olub ki, olmasa ondan yaxşı idi. Elektrik elə zəif idi ki, televizor göstərmirdi».

Hövsanda yaşayan Tamilla Məmmədlinin sözlərinə görə, dünən (fevralın 2-də) qəsəbə sakinləri elə vəziyyətdə olub ki, camaat evdə odun yandırmağa məcbur qalıb:
Foto: Arxiv
Foto: Arxiv

«Hövsanda şaxtadan su da donmuşdu. «Azəriqaz»a neçə gün idi müraciət edirdik, nəhayət, bu gün gəldilər. Dünən, srağagün qaz olmamışdı. Ancaq bu gün verdilər».

«AZƏRİQAZ» VƏ «BAKIELEKTRİKŞƏBƏKƏ»: PROBLEM YOXDUR

«Azəriqaz» İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri Araz Ağayev fevralın 3-də şəhərin qaz təminatında problem yaşanmadığını söyləyir:

«Hazırda Bakının heç bir ərazisində problem yoxdur. Problem vardı, dünən aradan qaldırılıb. Bu gün Sumqayıtda gündüz saat 2-dən 4-dək qazın verilməsində məhdudiyyət olacaq. Bu da qəza-bərpa işləri ilə bağlıdır. Saat 4 üçün o da aradan qaldırılacaq».

«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, əksər problemlər Bakı kəndlərindədir, onlar da «Bakıelektrikşəbəkə»yə aid deyil:

«Qazın olmaması ilə bağlı dünən Hövsan qəsəbəsində 2 saat elektrik olmamışdı. Orada müəyyən yüklənmə yaranmışdı. Əməkdaşlarımız yüklənməni aradan qaldırandan sonra elektrik enerjisi bərpa olundu. Bizim ərazilərdə bir problem yoxdur».

Foto: Arxiv
Foto: Arxiv
«EVƏ GETMƏYƏ AVTOBUS TAPMIRAM, TAKSİ DƏ QİYMƏTİ İKİQAT ARTIRIB...»

Sumqayıt sakini Kənan Məmmədov son günlər Bakıda qohumlarının evində gecələdiyini deyir:

«Çünki evə getməyə avtobus tapmıram. Taksilər də qiyməti ikiqat artırıb».
Qarın gətirdiyi hava sosial şəbəkələrdə də dartışılır. Fikrət adlı istifadəçi yazır: «Yaxşı ki qar qış ərzində ən çox bir-iki dəfə yağır, yoxsa bəzi məmurların ucbatından insanlar soyuqdan donarlar». Turançı adlı istifadəçi də eyni fikri bölüşür: «Hələ yaxşı ki, Allah bizə belə məkan bəxş edib. Gərək qədrini bilək. Yaxşı ki, qar bir-iki gün oldu. Aylarla olsa, bizim axırımız necə olardı?».

Sinoptiklər fevralın 4-də havanın yağmursuz keçəcəyini, amma yenə şaxta olacağını deyirlər. Gecə 5-6 dərəcə, gündüz 2 dərəcəyədək şaxta gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
XS
SM
MD
LG