Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:48

Əlil məmura rüşvət əvəzinə gözünü verdiyini deyir


Vahid Piriyev
Vahid Piriyev

İsmayıllı rayon sakini, 3-cü qrup əlil Vahid Piriyev icra hakimiyyətinin hüquq şöbəsinin müdirindən şikayət edir.

“İCRA HAKİMİYYƏTİNDƏ MƏNDƏN RÜŞVƏT İSTƏDİLƏR”

Vahid Piriyev deyir ki, ondan rüşvət uman məmur, sonradan şikəst olmasına baiskar olub:

Piriyevlər ailəsi
Piriyevlər ailəsi
“Gözlərim kordur. Bu hadisə 2012-ci ilin sentyabr ayında baş verib. 7 il idi ki, ailə qurmağıma baxmayaraq övladım olmurdu. Qohumlar arasında uzun məsləhətləşmələrdən sonra belə qərara gəldik ki, bir uşaq götürüm. Mən həmin uşağı adıma keçirtmək üçün lazım olan sənədləri toplamaqla məşğul oldum. Kasıb olduğum üçün, həm də əlilliyimə görə, hamı mənə kömək etdi. Sonda qəyyumluq haqqında sənədi almaq üçün rayon icra hakimiyyətinə getdim və hüquq şöbəsinin müdiri Valeh Hüseynovla görüşdüm. O, məni dinlədi və bildirdi ki, sən 3-cü qrup əlil olduğuna görə, qanun sənə uşaq verilməsini qadağan edir. Ancaq sən gətir üç min manat pul ver, işin yoxdur, mən sənədləri qaydasına salacam. Mən ona dedim ki, heç yerdə işləmirəm, aldığım pensiya da çox aşağıdır, bu məbləğə heç cür gücüm çatmaz”.

MƏMURUN HƏYƏTİNDƏ GÖZÜNƏ MİSMAR GİRDİ...

Vahid Piriyev qeyd edir ki, Valeh Hüseynov pulunun olmadığını bildikdə ona həyətində işləməyi təklif edib:

“Əlacsız qalıb razılaşdım. Mən sənət bacarmırdım, ancaq müəyyən işləri görürdüm...Günlərin bir günü, Valeh müəllimin həyətində işləyəndə mismar çıxıb gözümə girdi. Əvvəldən bir gözüm görmürdü, bu dəfə o biri də kor oldu. Valeh müəllimin yoldaşı yalvardı ki, polisə şikayət etməyim, hara lazımdırsa məni aparıb əməliyyat elətdirəcəklər. Valeh müəllim məni taksi ilə poliklinikaya, Mehriban həkimin yanına gətirdi və orada da bərk-bərk tapşırdı ki, heç yerə şikayət etməyim. Valeh müəllim məni Bakıda Zərifə Əliyeva adına göz institutunda əməliyyat elətdirdi, ancaq yenə gözüm açılmadı. Orada həkimlər məsləhət bildilər ki, digər əməlliyatları İranda keçirim. Mən Valeh müəllimlə əlaqə saxlayıb vəziyyəti ona dedim. O, bildirdi ki, borc tapıb gedim, sonra o, borcu qaytaracaq. Mən İranın Tehran şəhərində ayrı-ayrı vaxtlarda 3 dəfə əməliyyat olundum. Bu dəfə də heç bir faydası olmadı və İranlı həkimlər bildirdilər ki, sənin müalicən ancaq Almaniyadadır”.

PREZİDENTƏ, H.ƏLİYEV FONDUNA YAZILAN MƏKTUBLAR...

Vahid Piriyev deyir ki, İrandan axırıncı dəfə qayıtdıqdan sonra Valeh Hüseynova zəng edib vəziyyəti danışıb. Həkimlərin ona Almaniyaya getməyi məsləhət bildiyini deyib:

“O mənə dedi ki, prezidentə, H.Əliyev fonduna məktub yollamışam, cavab gözləyirəm. Valeh müəllim bizə cürbəcür elektron poçt ünvanları verdi ki, lazım gəlsə özünüz də maraqlanın, cavab gözləyirəm. Anam internetdən başı çıxan insanlara bu ünvanları yoxlamağı xahiş edib və məlum olub ki, belə ünvan mövcud deyil. Onda başa düşdük ki, Valeh müəllim yalan danışır, bizi aldadır. Bundan sonra mən onun qəbuluna gedib əməlliyat olunmağım üçün pul lazım olduğunu bildirdim”.

“PROKUROR BİZİ GÜNAHKAR ÇIXARDI”

Vahid Piriyev deyir ki, Valeh Hüseynov sonradan ona qəti pul verməyəcəyini bildirərək şikayətdən qorxmadığını söyləyib:

“Dedi ki, get, kimə istəyirsən de, prokuroru da, polis rəisini də, müstəntiqi də mən yedizdirirəm, heç kimdən qorxmuram. O məni şantaja keçdi ki, sən pulu başqa məqsədə istəyirsən. Mən iki dəfə yeni icra başçısı Mirdamət Sadıqovun qəbuluna düşmək istəmişəm, hər dəfə də Valeh müəllim məni yoldan qaytarıb. Rayon prokuroruna şikayət etdim, sonda prokuror Valehi günahsız, bizi günahkar çıxardı. İcra başçısı Mirdamət Sadıqovla çox çətinliklə görüşdüm. O, sağ olsun, mənə 700 manat pul verdi. Başçı dedi ki, gedin Valehi məhkəməyə verin, ancaq yerli vəkillər kömək etmədilər”.

“ÖVLADLIĞA GÖTÜRDÜYÜM UŞAĞIN BÖYÜMƏSİNİ GÖRMƏK İSTƏYİRƏM”

Vahid Piriyev indi də prezidentə, imkanlı şəxslərə müraciət edərək kömək umur:
“Mən bir balaca da olsa gözümün görməyini istəyirəm. Heç olmasa o övladlığa götürdüyüm uşağın necə böyüdüyünü görüm...”

Sərvər Əliyeva
Sərvər Əliyeva
Vahid Piriyevin anası Sərvər Əliyeva da oğlunun dediklərini təsdiq edir:

“Valeh müəllim üst-üstə bizə 2350 manat pul verib. Sonradan icra başçısı da 700 manat pul verib. Məhkəmədə təsəvvür edirsinizmi vəkillər bizə kömək etmədilər. Valehin neçə yerdə evi, altında xarici maşını, Cülyanda hektarlarla torpağı var. Prezident rüşvətə qarşı mübarizə apardığı vaxtlarda Valeh Hüseynov rüşvət üstə oğlumu kor edib”

VALEH HÜSEYNOV: “ADAMIN ALLAHI OLAR...”

İsmayıllı rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Valeh Hüseynov Vahid Piriyevin dediklərinin həqiqətə uyğun olmadığını bildirir:

“Əvvəla məsələ olduqca çox şişirdilib. Olanı düz deyəndə nə olar ki? Mən ondan pul istəməmişəm, ona hüquqlarını izah etmişəm ki, övladlığa uşaq götürmək üçün birinci məhkəməyə müraciət etmək lazımdır, sonrakı mərhələ bizlikdir. Həmin vaxtlarda mənim yaşadığım ünvanda “santexnik” işi vardı, usta lazım idi. Təsadüfən Vahid dedi ki, bacarıram. Dedim elə gedib usta axtarınca gəl işlə. İşlədiyi vaxtlarda, vaxtlı vaxtında, halal xoşu olsun, günorta yeməyi, axşam yeməyi, gündəlik əziyyət haqqı ödənilib. İndi bu adam ustadır, bilmir ki, belə ola bilər? Özünün sırf səhlənkarlığı ucbatından, başına bu iş gəlib. Bizi də xəcalətli qoyub. Vahidə 3000 min manat pul vermişəm, Bakıda Zərifə Əliyeva adına institutda əməliyyat elətdirmişəm, bir sözlə çox xərc çəkmişəm. Başına qaxmıram, halal xoşu olsun, indi də gecə gündüz Allaha yalvarıram ki, gözü açılsın, nəzir demişəm. Məmur olanda nə olar ki, bizim də övladlarımız var, qəlbimiz var, vicdanımız var. Baxın, mən işdə olmuşam, bu adam o qədər səhlənkarlıq edib ki, mismar çıxıb gözünə girib. Əgər mənim işimdə bir cinayət tərkibi varsa, cəzamı çəkməyə hazıram. Prokurorluğun qərarı, özünün izahatı hamısı qanuni olub. Adamın Allahı olar, başqasına şər atmaz. İndi mən nə edim, yəni köçüm gedim bu ölkədən?”

Vahid Piriyevin şikayətinə İsmayıllı rayon prokurorluğunda da baxılıb. Ancaq cinayət işinin açılması lazım bilinməyib.
XS
SM
MD
LG