Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:02
-
«Naxçıvan səhiyyəsində nöqsanlar mövcuddur. Kadr çatışmazlığı, tibbi heyətin biliyinin zəif olması quraşdırılan müasir avadanlıqlardan səmərəli istifadə əmsalını aşağı salır».

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 31-də keçirdiyi müşavirədə muxtar respublika Səhiyyə Nazirliyini tənqid edib. O, həmçinin səhiyyə sahəsində yoxlamalar zamanı rast gəlinən çatışmazlıqlara da toxunub:

«APARILAN YOXLAMALAR ZAMANI...»

«Aparılan yoxlamalar zamanı yerlərdə bir çox tibb müəssisələrinin qapısının bağlı olması, onların dərmanla təchizatında problemlər aşkar edilib. Səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin həcminin artmasına, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsinə baxmayaraq, bu sahədə nöqsanlar mövcuddur».

Vasif Talıbov problemlərin tezliklə aradan qaldırılması ilə bağlı Naxçıvanın səhiyyə nazirinə göstəriş verib.

SADƏ NAXÇIVANLILAR NƏ DEYİRDİ?..

Naxçıvan səhiyyəsində sadalanan problemlər zaman-zaman mətbuatda da öz əksini tapıb. İstər qapısı bağlı müəssisələr, istərsə də pulsuz dərmanların verilməsində yaradılan problemlərlə bağlı. Mətbuata açıqlamalarında Naxçıvan sakinləri xidmətin aşağı, savadlı həkimlərin az olması ucbatından müalicə və müayinə olunmaq üçün qonşu ölkələrə üz tutduqlarını deyiblər. Hətta bəzi şikayətlərdə bildirilirdi ki, həkimlərin və tibbi personalın məcburi iməciliklərə aparılması səbəbindən yerlərdə müraciət etdikləri xəstəxanaların qapıları bağlı olub. Vaxtında müdaxilə olunmayan xəstələr isə sonradan ciddi problemlərlə üzləşməli olublar. Verilən məlumatlara görə, bu səbəbdən həyatını itirən xəstələr də olub.

Hələ o vaxtlar Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin əməkdaşları mətbuata açıqlamalarında səslənən tənqidlərlə razılaşmadıqlarını bildirirdilər. Onlar səhiyyədə heç bir problemin olmadığını, xidmətin və həkimlərin biliklərinin yüksək səviyyədə olduğunu iddia edirdilər.

Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu

«NAXÇIVANDAN MÜALİCƏ ALMAQ ÜÇÜN İRANA, TÜRKİYƏYƏ GEDİRLƏR»

Əslən naxçıvanlı, ixtisasca həkim, ADP sədri Sərdar Cəlaloğlu muxtar respublika səhiyyəsindəki problemlərin bir göstərişlə həll olacağını inandırıcı saymır:

«Bu gün Azərbaycanın bütün səhiyyə sistemində problemlər var. Naxçıvanda isə bu problemlər daha çoxdur. Həkimlərin maaşları aşağı səviyyədədir. Naxçıvan blokada şəraitində olduğundan orada dolanışıq çətindir. Bu səbəbdən Naxçıvan boşalıb. Oradakı savadlı həkimlər də tərk edib muxtar respublikanı. Mən hesab edirəm ki, oradakı həkimlərin maaşları digər regionlardan artıq olmalıdır ki, onlar qalıb işləyə bilsinlər. Naxçıvanda əhalinin böyük əksəriyyəti bu və ya digər səbəblərdən müalicə almaq üçün İrana, Türkiyəyə gedirlər. Çünki savadlı həkim qalmayıb orada. Orada həmçinin sovetdən qalma kütləvi iməciliklər mövcuddur. Səhiyyə müəssisələrinin qapısının bağlı olmasının səbəblərindən biri budursa, digəri də həkimlərin iş vaxtı başqa qazanc dalınca qaçmalarıdır. Ailəsini necə dolandırmalıdır axı?».

«İRADLARIN HAMISI NƏZƏRƏ ALINACAQ»

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyindən Ali Məclis sədrinin iradlarını qəbul etsələr də, geniş danışmaqda boyun qaçırdılar. Nazirliyin aparat rəhbəri Nihad Hüseynov iradlarla bağlı təcili yığıncaq keçirəcəklərini bildirdi:

«Verilən tapşırıqlarla bağlı yığıncaq keçiriləcək. İradların hamısı nəzərə alınacaq. Çatışmazlıqlar aradan qaldırılacaq».

Naxçıvanda 43-ü xəstəxana, 119-u ambulator-poliklinika olmaqla 162 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 765 həkim, 2 min 500 orta tibb işçiləri çalışır. Muxtar respublikada əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı 17.5-dir. Bu, Azərbaycan üzrə statistik göstəricidən iki dəfə azdır.

Şərhləri göstər

XS
SM
MD
LG