Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:40

Xristian və bütpərəst qadınlar hicab geyinəcəklər


Çeçenistanda hicab dükanı, 2011
Çeçenistanda hicab dükanı, 2011
-
Söhbət 1 fevral - Qlobal Hicab Günü çağırışına qoşulan qadınların cəmi birgünlük aksiyasından gedir. Bu təşəbbüslə çıxış edən nyu-yorklu müsəlman qadın ümid edir ki, bu yolla hicab geyən qadınları daha yaxşı başa düşmək olar.

Müsəlman qadınlarının baş örtüyü ilə bağlı islam ruhanilərinin mübahisə apardığı bir vaxtda mövzuya birbaşa aidiyyəti olan şəxs - mömin bir müsəlman qadını Qlobal Hicab Günü keçirmək təşəbbüsü ilə çıxış edib. Maraqlıdır ki, bu çağırış nə İslamın vətəni olan qızmar Ərəbistandan, nə də hansısa digər müsəlman ölkəsində səslənib.
Hicab təşəbbüsünü hələ 2013-cü ilin fevralında irəli sürən Nyu-York sakini Nazma Khan-dır.

O deyib ki, belə bir günün bütün dünyada qeyd olunması «hicab və abırlı həyat tərzini seçmiş milyonlarla müsəlman qadının hüquqlarının tanınması üçündür».

AMERİKANI «ABIRSIZLIQDAN» QURTARMAQ

Nazma xanımın bəyanatı bir qədər ziddiyyətlidir. Məsələn, onun fikirləri dolayısı ilə hicabsız gəzən qadınların «abırsızlığına» işarə kimi də yozula bilər.

Nazma xanım bu məqsədlə keçirəcəyi hicab günü tədbirində, özünün dediyi kimi, «hicabsız» və «qeyri-müsəlman» xanımlara bir gün ərzində hicab geyinmək imkanı verəcəyini deyir. Yəni, baxıb görsünlər ki, abırlı olmaq necə bir təcrübədir.

Əslən Banqladeşdən olan və ordan valideynləri ilə ABŞ-a köçmüş Nazma Khan yazır ki, bu ölkədə orta məktəbə gedərkən bütün sinifdə tək hicablı qız olduğunu görüb və «dəhşətə gəlib». O deyir ki, bu çox çətin bir təcrübə olub:
Nazma Khan
Nazma Khan

«Nyu-Yorkda, böyüdüyüm Bronksda hicab ucbatından çox diskriminasiyaya məruz qalmışam. Orta məktəbdə mənə «Batman» və ya «ninzya» deyib lağa qoyardılar. 11 Sentyabr hadisələrinin ardınca - universitetə daxil olduqdan sonra məni «Osama bin Laden» və ya «terrorçu» deyə çağırmağa başladılar. Bu, bir dəhşət idi. Mən də düşünüb bu qərara gəldim ki, bu diskriminasiyaya son qoymağın yeganə yolu bütün bacılardan hicab təcrübəsindən keçməyi xahiş etməyim olardı».

Xəbər verilir ki, bu təşəbbüs internet vasitəsilə qaldırılıb və 67 ölkədə müsəlman və qeyri-müsəlmanların diqqətini çəkib. Hərəkata aid ədəbiyyat 23 dilə tərcümə olunub.
Müsəlman saytlarından birində deyilir ki, məsələn, İngiltərədən bütpərəst Jess Rhodes bu təşəbbüs barədə eşidən kimi hicab geyinmək qərarına gəlib. Üstəlik, bir neçə gündən sonra İslamı dərindən başa düşmək üçün «Quran»ı oxumağa başlayıb və nəticədə müsəlman olub. (Hərçənd, BBC-yə müsahibəsində həmin Jess Rhodes deyib ki, İslamı qəbul etməyib, sadəcə arabir hicab taxacaq).

Təşəbbüsə qoşulanlar arasında Kaliforniyadan olan 28 yaşlı Esther Dale də var. O, rəfiqəsinin məsləhəti ilə bir günlük hicab kampaniyasına qoşulacağını bildirib. BBC xəbər verir ki, Dale mömin mormondur və xristianlığın bir təriqəti olan Sonuncu Günün Müqəddəsləri kilsəsini tərk etmək niyyətində deyil.

HİCAB HAVA MƏKANI

BBC-nin reportajında bildirilir ki, hicab hətta müsəlman aləmində də tənqidlə üzləşən və mübahisə doğuran məsələdir.

Britaniya sakini, müsəlmanlıqdan imtina etmiş əslən iranlı Maryam Namazie deyib ki, o, hicabı qadınlara qarşı zülm və əsarət kimi görür:

«Kim «İran Air»in təyyarəsi ilə uçubsa bilir ki, təyyarə İranın hava məkanını tərk edən dəqiqə qadınların əksəriyyəti hicabını açır. İranı az-çox tanıyanlar bilir ki, bu ölkədə qadınlar çadraya və seksual aparteidə qarşı necə uzun və iztirablı mübarizə aparıblar».

İngiltərədən bütpərəst Jess Rhodes hicabsız və hicabla
İngiltərədən bütpərəst Jess Rhodes hicabsız və hicabla
Lakin hicab gününün təşkilatçıları tamamilə əks fikirdədirlər. Onlar hicabın «zülm» və «əsarət» simvolu olduğuna dair tənqid və iddiaları rədd edirlər.

Nazma Khan yazır ki, Dünya Hicab Günü təşəbbüsünün ilk ilindəcə 1 milyondan artıq davamçı toplamaq niyyətindədir. Lakin iddia olunan davamçıların sayına baxmayaraq, Amerikanın özündə bu təşəbbüs mətbuatın diqqətindən kənarda qalıb.

Belə xəbərləri dərhal göydə qapan çoxbilmiş Britaniya qəzetlərində də bu barədə heç nə yazılmayıb.

Dünya Hicab Gününə həsr olunmuş məqaləni dərc edən yeganə qəzet «The Salt Lake Tribune»dur. Qəzet ABŞ-ın Yuta ştatında əhalisi 190 min nəfər olan (müqayisə üçün deyək ki, Azərbaycanda Şəki rayonunun təxminən bu qədər əhalisi var) şəhərin ən böyük nəşri sayılır.

MORMON DARBALAĞI VƏ HİCAB

Həmin qəzetin müxbiri Peggy Fletcher Stack-ın məqaləsi «Mormon qadınlar darbalaq günü keçirdikləri kimi, müsəlman qadınlar da Dünya Hicab Günü keçirmək istəyirlər» adlanır.

Sərlövhə sizi aldatmasın. Xanım Peggy Fletcher Stack lağlağı eləmir və hicaba bir az da rəğbətli yazı yazıb. Əslində Amerikada indi heç mormonlara da lağ eləyən yoxdur.
Məsələ burasındadır ki, Amerikada xristianlığın bir təriqəti olan mormonlar kilsəyə gedərkən xüsusi alt paltarı geyinirlər. Bu alt paltarının əsas elementi bəyaz darbalaqlardır və yalnız kişilər üçün icazəlidir. Hərçənd, belə alt paltarını geyinmək qadınlara da qadağan olunmayıb, Sonuncu Günün Müqəddəsləri kilsəsi bunu məsləhət görmür.

Peggy Fletcher Stack-ın sözünün canı odur ki, artıq 2 ildir, mormon qadınlar, əsasən də feministlər kişilərlə bərabər hüquqa malik olduqlarını göstərmək üçün dekabrın 15-də kilsəyə gedərkən altdan darbalaq geyinirlər.

Səudiyyəli atlet Sarah Attar London Olimpiadasında, 2012
Səudiyyəli atlet Sarah Attar London Olimpiadasında, 2012
​«İndi isə müsəlman qadınlar fevralın 1-də dinindən asılı olmayaraq bütün qadınları bircə günlük hicab geyinməyə çağırırlar» - yazır jurnalist.

O qeyd edir ki, bir çox müsəlman qadınlar baş örtüyündən – hicabdan dini mənsubiyyətlərini və kimliklərini nümayiş etdirmək üçün istifadə edirlər.

NİYƏ ƏRƏBİSTAN YOX, AMERİKA?

Bu məqamda bu təşəbbüsün niyə hər hansı isti müsəlman ölkəsində yox, uzaq, ucqar və fevralı şaxtalı-qarlı Amerikada ortaya çıxmasının mənasını izah etmək mümkündür.

Hicabın icbari olduğu İran, Səudiyyə Ərəbistanı və ya əksər qadınların hicab geyindiyi başqa ölkələrdə hicabdan kimlik simvolu kimi necə istifadə edəsən? Oralarda hamı hicablıdır da.

Mormon darbalağının və müsəlman hicabının kimlik simvolu kimi bir prinsipial fərqi də var.

Hicab zahiri simvoldursa, mormonun mormon olduğunu o soyunandan sonra aşkar etmək mümkündür. Yəni, mormon kişi öz arvadının kilsədə ona qarşı gizli «darbalaq üsyanı» etdiyindən yalnız evdə və ehtimalən gecə saatlarında xəbər tuta bilər.

Yadıma M.F.Axundovun məşhur «Müsyö Jordan və Dərviş Məstəli şah» komediyasında bir səhnə düşür. Hətəmxan ağa qızının nişanlısı Şahbaz bəyi Parisə getmək sevdasından çəkindirir. Deyir ki, parisliləri tanımaq üçün Parisə getməyə ehtiyac yoxdur, biz nə ediriksə, Paris əhli də onun əskini edir. Sonra da sadalayır, «...biz hər şeyə inanırıq, onlar heç nəyə...». Müdrik adammış bu Hətəmxan ağa, internetin olmadığı zəmanədə.

Hazırladı: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG