Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:08
-
Səhər hamıdan tez oyanıb çay qoyur, süfrə açır, toyuqlara dən səpir, odun daşıyır, paltar tikir, hətta sapı belə iynənin gözündən keçirir. 102 yaşlı Sona nənə ömrün ahıl çağını yaşamaqdadır. Özünü gümrah hiss edən nənə axırıncı dəfə təxminən 50 il əvvəl bərk xəstələndiyini və yalnız onda iynə-dərman qəbul etdiyini deyir.

«ATAM KOLXOZU QURANLARDAN OLUB»

Sona Gülalı qızı Nəsirova 1912-ci il iyulun 1-də Cəlilabad rayonunun Parnaim kəndində dünyaya göz açıb. Atasının kolxoz qurucularından olduğunu deyir:

«Sözü ötən, iş bacaran olduğundan atamı kolxozun sədri seçmişdilər. Amma onun ölümündən sonra bir müddət qara günlər yaşadıq. Müharibə başlamışdı. Tərs kimi həmin il taxılımızı siçanlar apardı. Bizim kimi çox ailə aclıqla sınağa çəkilmişdi».

«TOYUMUZ OLMAYIB»

Başsız qalan anası övladları ilə birgə İmişli rayonunun Mirili kəndinə köç edib. Elə özlərinə təzəcə sığınacaq qurublarmış ki, qapıları döyülüb - Nəsrullanın adından Sonaya görə elçi gəlib: Sona nənə toyuqlara dən səpir

Sona nənə toyuqlara dən səpir


«Toyumuz olmadı. Anam bir qazan aş bişirdi, üç-beş qonşu yığıldı. Xeyir-dua verib məni yola saldılar».

Təzə evlənənlər kolxozun üzvü idilər:

«O vaxt bekar buraxmırdılar adamı. Pambıq da yığmışam, əlimə oraq alıb kişilərlə birgə taxıl da biçmişəm. Dişimiz, dırnağımızla özümüzə ev tikmişik. Yoldaşım fərasətli idi, hara gedirdisə cibi dolu pulla qayıdırdı. Ovçuluq da edirdi. Qarlı qış günlərində tüfəngini əlinə alıb çöldə-düzdə olardı. Heç bilirsən mənə nə qədər ceyran, qırqovul, turac əti yedirdib? Arazdan balıq tutub daşıyırdı evə».

HƏR İL FEVRAL GƏLƏNDƏ...

Bir-birinin ardınca uşaqları dünyaya gəlib: Bayraməli, Qardaşəli, Salaməli. Onların böyüyüb boya-başa çatdığı bir vaxtda - 1968-ci ildə Sona xanımın sevimli ömür-gün yoldaşı qəfil xəstəlik tapır: «Pambıq da yığmışam, əlimə oraq alıb kişilərlə birgə taxıl da biçmişəm»

«Pambıq da yığmışam, əlimə oraq alıb kişilərlə birgə taxıl da biçmişəm»


«Qaynım Bakıya apardısa da, dərdinə əlac olmadı. Fevralın 19-da keçindi, 20-sində torpağa tapşırıldı. Uşaqlarının heç birinin toyunu görmədi. Bayaqdan fikrim ona görə dağınıqdı. Hər il fevral ayı gələndə acılarım təzələnir, ta o ay çıxanadək özümdə olmuram».

KÖHNƏ ŞƏKİLLƏRİN HAMISI YANIB

Sona nənə 50 il əvvələ aid şirinli, acılı xatirələri elə danışır ki, elə bil bu əhvalatlar dünən olub. Əslində, köhnə vaxtlara aid nə varsa, hafizəsində qoruyub saxladıqlarıdır. Evlərində baş verən yanğın zamanı tarixi şəkillərin xəmirlə yapışdırıldığı fotoalbom da yanıb. Evdən güclə çıxara bildikləri sənədlər arasında «Əmək qəhrəmanı» medalının vəsiqəsi də var. Sona nənə zarafatla deyir ki, yanan evin əvəzində yenisi tikilib, amma içindəki yanğını heç cür söndürə bilmir: Bayraməli Nəsirov

Bayraməli Nəsirov


«Yay-qış su içirəm. Gecə buz kimi soyuq su içməsəm başım yastığa gəlməz».

«İNDİ ONU 40 NƏFƏR «ANA» DEYƏ ÇAĞIRIR»

Sona nənənin böyük oğlu, 1948-ci il təvəllüdlü Bayraməli Nəsirov deyir ki, onlar da valideynlərinin yolu ilə gedib:

«Üçümüz də kolxozda işləmişik. Anamız bizə həm ana, həm ata, həm bacı, həm iş yoldaşı, həm də sirdaş olub. Toyumuzu edib, övladlarımızı saxlayıb, pərvanə tək başımıza fırlanıb. İndi 40 nəfər - övladlarımız, gəlinlərimiz, nəvələrimiz də onu «ana» deyə çağırır».

Sona nənənin 20 nəvəsi, 18 nəticəsi var. Məktəbə getməməyinə, kitab oxumamağına baxmayaraq, çoxlu bayatı bilir. Saçlarına həna qoyduğundan yaşından ən azı bir qərinə cavan görünür...

Şərhləri göstər

XS
SM
MD
LG