Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:04
-

Məhəmməd Əmin Rəsulzadənin böyük Türk şairi Tofiq Fikrətin ölümündən duyduğu acı


Məhəmməd Əmin Rəsulzadə


BÖYÜK BİR İTİK


Təvatürlə aldığımız müəssif xəbərlərə görə türk şairi Tofiq Fikrət bəy ölmüşdür. İştə, tarixi-qədim”in bir cilvəyi-dühası daha!

Türk ədəbiyyatının Osmanlı şivəsi ilə aşina olanlar bu gün sənət naminə duyduğumuz böyük bir təsirlə vəfatını xəbər verdigimiz Tofiqin “tarixi-qədim”ini bilməz degildirlər.

“Tarixi-qədim”i, bu dövri-Həmididə degil, əsri-hürriyyətdə belə Türkiyə həqayiqinə sığmayan dəhşətli mənzuməyi görməyən, bilməyən varsa – qanlı müharibəyi görsün.

Fikrət dünyanın yaradılışından bəri keçirdigi dəhşəti, vəhşəti kəndisinə məxsus bir qüvveyi-təsvir ilə qələmə almış:

“Din şəhid istər, asiman qurban

Hər zəman, hər məkanda qan, qan, qan!” – deyə, Adəm oğlunun daima qan içində qan içib, qan qusduğunu bildirmişdir.

Bir şair üçün təsaviri-xəyaliyyəsini həqayiqi-həyatda görmək; kəndisinə daldığı zəman kəndi hissiyyatını oxşamaq üçün yazdığı nəşidələri görmədigi, bilmədigi ağızlardan eşitmək nə böyük bir hədiyyə, nə böyük bir zövqdür!

“Tarixi-qədim” bütün dəhşətlərilə təkərrür etdi. Şair xəyalında təcəssüm etdirdigi əlvahi-fəcayei bizzat tamaşa elədi. Nə dəhşətli, nə mənfur, nə üryan bir həqiqət təsvir etmiş olduğunu bütün şairligilə dərk etdi. Dərk etdi də dayanamadı. Haman gözlərini qapadı, bütün dünyayı boğan qanları, məmurələri yakan vulkanları, gözləri qapayan sisləri görmək istəmədi.

Tofiq Fikrət öldü!

Qəribədir ki, aldığımız xəbərlərdən bir qismi Tofiqin çıldırdığını, digər qismi isə vərəmlədigini bildiriyorlar.

Fikrət çıldırmış!.. Çıldıra bilər; çünki insani duyğularla həssas olan bu qəlbi-rəqiq bəşəriyyətin min dürlü vəhşətlərlə cilvələnən çılğın simasını görüncə çıldırmaya bilməzdi!

Tofiq vərəmləmiş!..
Tevfik Fikret

Tevfik Fikret


Bütün bəşəriyyətin dərdi ilə dərdmənd, bütün dünyanın fərəhi ilə fərəhmənd olan bu qəlbi-müşfiq afaqı çulğayan səfaləti görüncə əlbəttə ki, vərəmlənər!

lll

Şairləri çıldırtan, böyük qəlbləri vərəmlədən bu qanlı illər millətlərə yalnız maddi degil, mənəvi bir çox xəsarətlər dəxi toxundurmuşdur. Millətlər yalnız məmləkətlər, şəhərlər, qələlər itirməmişlərdir. Bu itiklər nə qədər ağır olsa da qaytarılır, əvəzi bulunur şeylərdir. Halbuki dühayi-hərb millətlərdən qaytarılmaz qurbanlar almışdır. Bəşəriyyətin ən böyük faciəsi də buradadır.

Belçikalılar yalnız Liej, Mubij, Namyur, Anvers və Brüssellərini degil, Emillərini Verxarnlarını da ğaib etdilər.

Fransızlar yalnız zəngin Şimal quberniyalarını degil; müharibənin ta ibtidasında ikən Joreslərini itirdilər.

Avstriyanın xəsarəti yalnız Qaliçiyadan ibarət degildir. Adleri itirmək Avstriya demokratiyasından ötrü daha böyük itikdir.

Romaniya yalnız xarabəzara dönən şəhərlərini degil, Karmen Silvasını da ağlayır.

İngiltərə zahirdə heç bir şeyi itirməmişdir, deniliyor. Halbuki Kiçnerini itirmiş.

Almaniya yalnız koloniyalarını degil, “Milləti-müsəlləhə” müəllifi Fon Der Qoviç Paşasını da ğaib etmişdir.

Rusiyanın bu xüsusdakı itgisi dəxi digər mühariblərdən daha fəci, daha ağırdır. Rusiya Meçnikovunu itirmişdir.

Türkiyənin itirdigi dəxi yalnız Ərzurum, Bağdad, Trabzon degildir. Tofiq Fikrət də getmişdir!

Belçika təkrar istiqlalını qaytara bilər, fəqət Verxarn dirilməz! Fransa bəlkə Elzas-Lotaringiyanı da qaytarar, fəqət Jores qayıtmaz! Rusiya düşdügü böhranı keçirər, özünü düzəldər, fəqət vətənindən uzaqda keçinən Meçnikovu artıq görə bilməz!

Türkiyə çox ümidvar ki, Ərzurum, Bağdad, Trabzonu qaytarsın. Fəqət Tofiq Fikrət bir daha dönməz!

İştə, bəşəriyyətin ən böyük faciəsi burada!

lll

Bu faciədə yalnız bir cəhət vardır ki, mucibi-təsəllidir. Ölən, itən nə Verxarndır, nə Meçnikov, nə də Fikrət.

Gözdən yox olan şey başqa qaliblərə bənzəyən bədənlərdir ki, bu kibi böyük ruhların məhfəzəsi olmaq şərəfini qazanmışlardır. Yoxsa nə Belçika şairinin mənəviyyəti, nə Rusiya elminin şəxsiyyəti-aliyyəsi, nə də türk sənətkarının o təqlidedilməz xüsusiyyəti ölməz. Çünki bunlar layəmutdur. Çünki bunlar nə zəmanın, nə də məkanındır. Zəman keçər, məkanlar alt-üst olar; fəqət onlar yaşar, daima yaşarlar!...

Heç kimdən ötrü olmasa da, bu gün mərsiyəsini yazdığımız böyük Tofiq üçün bütün səmimiyyətlə söyləyə bilərəm ki:

Yalandır, Tofiq ölməmiş. Tofiq nə çıldırar, nə də vərəmlər! Çıldıran bir nərəsə varsa, bu ruh Fikrətin fəvəranına təhəmmül etməyən şüur; vərəmləyən bir vücud varsa, bu Tofiqin təəssüratına tab etməyən ürəkdir!

Yoxsa Tofiq əyarındakı şairlər ölməz, məhv olmazlar. Onlar fərdanın, fərda onlarındır!

Əvət, ey ustad, ey gözəl türk sənətkarı, ey aşiqi-nalani-hürriyyət, ey nəvazəndeyi-alami-bəşəriyyət, ey ruhi-fəyyazi-şairiyyət, əmin ol ki, sən:

“Uğraş, dedin, çalış, ara, bul, qoş, atıl, bağır, durmaq zəmanı keçdi, çalışmaq zəmanıdır!”

Dedinsə, bu xitabın boşa getmədi. Türk gəncligi çalışdı, çalışmağa əzm etdi; bu əzmi heç şübhəsiz ki, “ümid olunan feyzi” verəcək!

Əvət, ey şanlı şair, səndən aldığı imani-fərda ilə ruhlanan türk gəncligi ruhi-pürfütuhinə qarşı təzim edər və hərimi-səmimiyyətindən çıxan bir sədayi-şükranla der ki:

“Fərda sənin, sənin bu təcəddüd, bu inqilab!”.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 20 sentyabr 1917, №570


_______

İtik - itki

Təvatür – ağızdan ağıza yayılma, rəvayət

Nəşidə – məsəl yerinə keçmiş məşhur beyt və ya misra

Fəcaye – faciələr

Məmurə – aləm, kainat

Rəqiq – incə, nazik; həssas

Müşfiq – şəfqətli, mərhəmətli; mehriban

Fərda – gələcək zaman

Nəvazəndə – oxşayan, mehribanlıq edən

Pürfütuh – fateh, fəth edən

Məhfəzə – qab, mücrü

Layəmut – ölməz, əbədi

Fəvəran – fəvvarə vurma, qaynayan

Əyar – meyar

Müəssif – təəssüfli

Cilvə – işıqlı

Təsavir – təsvirlər

Təkərrüz – təkrarlama

525.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG