Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:44

Mayakovski Stalinə görə özünü güllə ilə vurubmuş?


Mayakovskinin intihardan sonrakı fotosu
Mayakovskinin intihardan sonrakı fotosu
-

Ölümündən öncə yazdığı məktubu Mayakovski, heç şübhəsiz, birbaşa Stalinə ünvanlamışdı:

"Yoldaş hökumət, mənim ailə üzvlərim Lilya Brik, anam, bacılarım və Veronika Vitoldovna Polonskayadır. Əgər sən onları babat dolanışıqla təmin edə bilsən – minnətdar olaram".



Aleksandr Andryuxin


MAYAKOVSKİ STALİNƏ GÖRƏ ÖZÜNÜ VURUBMUŞ?


Aktyor Yevgeni Leonovla görüşənə qədər mən Mayakovskinin taleyi ilə çox da maraqlanmırdım.

Ancaq doxsanıncı illərin əvvəllərində Yevgeni Pavloviçdən aldığım müsahibə zamanı o, etiraf eləmişdi ki, şairlərdən ən çox sevdiyi Leonid Martınov və yaradıcılığının ilk dönəmindəki Mayakovskidir.

Şairin OQPU (Dövlət Siyasi Baş İdarəsi. RSFSR NKVD-si nəzdində yaradılan və 1923-34-cü illərdə fəaliyyət göstərən bu qurum birbaşa partiyanın Mərkəzi Komitəsinə tabe idi – A.Y.) əməkdaşları tərəfindən qətlə yetirilməsi barədə həmin vaxtlar mətbuatda gedən yazılardan söz açmaqla mən özümün bu barədə məlumatlı olduğumu göstərmək istədim.

Ancaq bunu eşidən aktyor gözlərini qıyaraq dedi:

- Mayakovskinin özünü güllə ilə vurduğunu şəxsən mən tam dəqiqliyi ilə bilirəm. Onda şairin həndəvərində heç bir çekist-filan yox imiş.

Mənim bu sözlərdən dərin heyrətə qapıldığımı həzzlə süzən Yevgeni Pavloviç 1930-cu il 14 aprel tarixində şairin Lubyankadakı mənzilində nələr baş verdiyini ən dəqiq təfərrüfatlarına qədər mənə anlatmağa başladı. Eşitdiklərimdən hədsiz heyrətləndiyim üçün ağzım lap açıla qalmışdı: axı, Leonov bütün bunları haradan bilirdi?

Bu sirrin örtüyünü qaldırmaq çox da çətin olmadı. Şairin sonuncu sevgilisi olan Veronika Polonskaya aktyor Mixail Yanşinin arvadı olub, Yanşin isə Y.Leonovun sənətdə himayədarı, hamisi imiş və "Turbinlərin həyatı" adlı tamaşada Lariosik surətini yaratmağı da Leonova məhz o, həvalə edibmiş.
Vladimir Mayakovski, 1929
Vladimir Mayakovski, 1929

Leonovun danışdıqlarına şübhə bəsləməmə hər hansı əsas yox idi, çünki həmin faciə baş verən gün Yanşinin evə dönən xanımı hər şeyi öz ərinə, o isə bunları sonradan sevimli tələbəsinə anladıbmış.

Tapançalı qadın

Əlbəttə, Mayakovskinin məhz OQPU əməkdaşları tərəfindən öldürülmə versiyası adama xeyli effektli görünür. 1990-cı illər üçün isə bu, həm də ideoloji baxımdan doğru versiya idi.

Öz üsyankar xarakteri və mühacirətdə olan ağqvardiyaçı xanımlara duyduğu hədsiz düşkünlüyü nöqteyi-nəzərindən o, Sovet hökuməti üçün aşkar təhlükə mənbəyi sayıldığından aradan götürülübmüş. Ancaq cinayət işində xeyli uyğunsuzluqlar var.

Məsələn, protokolda Mayakovskinin özünü mauzerlə vurduğu qeyd olunur, həkimlərin onun bədənindən çıxartdığı isə "Brauninq" gülləsi imiş. Sonradan mauzer məsələsi sənədlərdən harayasa qeybə çəkilib və yerində sadəcə "Brauninq" peyda olub.

Polonskayanın ifadəsində deyilir ki, cəsəd ayaqları qapıya doğru uzanıbmış, protokolda isə bunun tam əksi yazılıb: şairin başı qapıya doğru imiş. Bundan başqa, milis protokollarında əli tapançalı qadını görən şəxsin - poçtalyon Timofey Siqalayevin adı yerli-dibli çəkilmir.

Bu kişinin mövcudluğu barədə mən təsadüfən, onun Peredelkinodakı Yazıçılar Evində işləyən ahıl nəvəsindən eşitmişdim. O vaxtlar biz, yəni Qorki adına Ədəbiyyat İnstitutunun məzunları, məşhur yazarlara qonaq getməyi yaman xoşlayırdıq…

Nəvəsi mənə danışmışdı ki, babası Timofey Siqalayev binanın girişində ikən pilləkənlərlə başılovlu enən və əlində tapança tutan bir xanımla rastlaşıbmış. Yevgeni Leonovu dinləyərkən mən həmin detalı xatırladım və həmin vaxt poçtalyonun məhz Polonskayanı görə biləcəyini… anladım!

Aktrisa özü bu faktdan nə istintaq protokolunda söz açır, nə də xatirələrində. O, müstəntiqlərə etiraf edibmiş ki, əlaqələrini tamamilə kəsəcəyini Mayakovskiyə bildirəndə şair hirslənib, özündən çıxıbmış. Halbuki xatirələrində qadın başqa şərtlərdən bəhs edir: guya o, şairə ərə getməyə razılıq versə də, teatrdan əsla ayrılmayacağını bildiribmiş. Protokolda və xatirələrdə sonrakı bölüm isə bir-birindən çox da fərqlənmir: qadın mənzili tərk edəndən bir qədər sonra atəş səsi eşidibmiş.

Həyat yoldaşının Mayakovski ilə eşq macərası yaşaması xəbərinin əri Mixail Yanşini dərindən sarsıdacağını bilsə də, Polonskaya baş verən olayı ona səmimi etiraf etməkdən başqa çarəsi yox imiş.

Kriminal mənşəli mauzer
Mayakovski və Lilya Brik
Mayakovski və Lilya Brik

Mənim Leonovdan öyrəndiyim ölüm versiyası faktiki olaraq Polonskayanın öz ərinə danışdığı versiyadır və o, hər şeyi yerbəyer etməklə yanaşı, uyğunsuzluqları da ortadan qaldırır.

Məsələ belə olubmuş.

Polonskaya aralarındakı
Almaniya - Mayakovski və Lilya Brik çimərlikdə, 1922
Almaniya - Mayakovski və Lilya Brik çimərlikdə, 1922
məhrəmliyin bir yanlış olduğunu Mayakovskiyə elan edəndən sonra onlar həmişəlik ayrılırlar. Şair, adəti üzrə, öz "Brauninq" tipli tapançasını çıxarıb, qadının gözləri qarşısında özünü öldürməklə onu hədələyir. Bu, onun üçün xarakterik hərəkət imiş: işləri bir azca dalana girən kimi tapançasını çəkib, özünü vurmaqla yanındakıları qorxudurmuş.

Bənzər "cəhdi" o, düz üç dəfə Liliya Brikin yanında təkrarlayıbmış: birinci dəfə atəş açılmayıb, ikinci kərə güllə ondan yan keçib, üçüncü cəhddə isə qadının əri Osip Brik tapançanı şairin əlindən tutub alıbmış.

Faciənin baş verdiyi axşam ərəfəsində Mayakovski yenə də öz "Brauninq"ini əlində oynadırmış. Həmin vaxt o, yazıçı Valentin Katayevin evində imiş və bir müddətə aktrisa V.Polonskaya ilə evdəki xəlvət bir otağa çəkildikləri vaxt qadının əri Yanşin qonşu otaqda oturubmuş. Şairin əlində tapança oynatdığını görən Veronika Vitoldovna ağıllı tərpənir və durub, otağı tərk eləyir. Oynaşının xasiyyətinə artıq yaxşı bələd olan aktrisa anlayıbmış ki, şair - epataj düşkünüdür və özünü göstərmək üçün tamaşaçı axtarır. Ona görə də bənzər hallarda təcili qaydada onu təkbaşına qoymaq - ən yaxşı çarə imiş.

Ancaq faciəli 14 aprel günü səhər şairin evində olan Polonskaya fərqli davranır: səsini başına ataraq, Mayakovskinin üstünə cumur, tapançanı onun əlindən alıb, "Kömək edin!" deyə çığırmaqla, mənzili tərk edir. Əlindəki tapançayla qadın birinci mərtəbədəki girişə yetişəndə orada poçtalyon Siqalayevlə rastlaşır. Həmin an yuxarı mərtəbədə atəş açılır. Sən demə, masadakı siyirmədə şair mauzer tipli daha bir tapança saxlayırmış.

Polonskaya təkrar mənzilə qayıdanda Mayakovski hələ sağ imiş. Qonşular "təcili yardım"a zəng edirlər. Polonskaya aşağı enir ki, maşını qarşılasın. Bir qədər sonra o, iki sanitarın müşayiəti ilə geri dönəndə artıq Mayakovski keçinibmiş. Həkimlərin gəlişini gözləyən qonşular hələ diri olan şairi ayaqları önə doğru qapıdan çıxartmasınlar deyə, yaralını başı qapıya doğru döndəribmişlər.

Sonra mənzilə üç nəfər gəlib: OQPU-nun Gizli şöbəsinin rəisi Yakov Aqranov və onun tabeliyindəki iki əməkdaş. Onlar, şahid qadın xaric, digər şəxslərin məkanı tərk etməsini tələb ediblər. Həmin vaxt Polonskaya Mayakovskinin əlindən tutub aldığı "Brauninq"i onlara təhvil verib. Aqranov qadına tapşırıb ki, bu tapança barədə müstəntiqə heç nə deməsin.

Onu da xatırladım ki, bütün bunlar istintaq qrupu oraya gələnə qədər baş veribmiş.

Kriminalistlər sonradan təyin etmişdilər ki, mauzerə düşən patron tapmayan Mayakovski həmin silaha kalibr baxımından uyğun gələn "Brauninq" gülləsi qoyubmuş. Sonradan mauzerlə bağlı qeydlər cinayət işindən çıxarılır, Polonskayanın əlində tutaraq, şairin mənzilindən çıxdığı "Brauninq" barədə qeydlər isə saxlanılır.

Bunu Aqranov uyğun görür. Niyə?

Leonov bunun da cavabını bilirdi: çünki həmin mauzeri Mayakovskiyə vaxtilə şəxsən Aqranov özü bağışlayıbmış və bu silah kriminal keçmişə malik imiş.

Tacir sözü

Mayakovskinin öz-özünə atəş açması faktı kriminalistlər tərəfindən birmənalı şəkildə öz təsdiqini tapıb. Buna baxmayaraq, ölüm faktında çekistlərin də nə isə bir rolu olduğu şübhəsi hələ də qalmaqdadır. Bəs buna səbəb nədir? Məsələ də elə bundadır. Doğrudanmı Mayakovski öz əsərləri və üsyankar ruhu ilə Sovetlər ölkəsi üçün aşkar təhlükə idi?
Vladimir Mayakovski (solda) və çex şairi Josef Hora Praqada, 1926
Vladimir Mayakovski (solda) və çex şairi Josef Hora Praqada, 1926

İş də burasındadır ki, o, tamamilə təhlükəsiz idi! Ağıllara şübhə toxumları səpmək baxımından A.Platonov özünün "Baharın qurucuları" (sonradan əsərə "Çevenqur" adı verilmişdi) romanı ilə Mayakovskidən qat-qat təhlükəliydi.

Bəlkə gizli xidmətlər Mayakovskinin də mühacirətə gedəcəyindən qorxurdular?

Həqiqətən də, sənayeləşmə hərəkatının lap başlanğıcında Mayakovski köçüb, Fransaya getsəydi, bu, Sovet İttifaqı üçün ağır zərbə olardı. Halbuki həmin vaxt Mayakovski artıq Yakovleva ilə bütün münasibətlərini nöqtələdiyi üçün Parisə köçmək fikrindən tamamilə daşınmışdı.

Çekistlərlə bağlı məqamlardan daha sonra söz edəcəyik, hələlik isə gəlin, şairin son dəqiqələrindən danışaq.

Polonskayanın dilə gətirdiyi hekayətdə nə isə bir qəribəlik var. Sanki o, nəyi isə gizlətməyə çalışır. Bəlkə heç o, otaqdan qaçıb çıxmayıbmış və Mayakovski elə sevgilisinin gözləri qarşısında canına qıyıbmış? Şairin epataj davranışlara düşkün biri olduğunu bildiyimizdən bu cür final bizə daha ağlabatan görünməkdədir. Elə isə qadının bu faktı əri Yanşindən gizli tutmasının səbəbi nədir? Əgər olay həqiqətən bu şəkildə baş versəydi, yaşadığı ağır psixoloji sarsıntıdan bir an əvvəl qurtulmaqdan ötrü qadın bütün detalları mütləq öz əriylə paylaşardı.

Əgər həqiqətən Polonskaya onu tərk edəndən sonra Mayakovski özünü vurubsa, onda belə çıxır ki, onun canına qəsd etməsinin bu qadınla ayrılmaqdan daha ciddi sayılacaq səbəbləri də varmış…

İndi isə gəlin, XX yüzilin əvvəllərinə üz tutaq. Həmin dövrlə bağlı maraqlı bir sənəd arxivlərdə küllənir. Maraqlı cəhət onun məzmunu deyil, sənədin ətəyindəki imzalardır: birinci gildiya taciri Maks Pavloviç Brik (Osip Brikin atasıdır) və Abram Şatskin (Komsomol təşkilatının qurucusu olan Lazar Şatskinin atası. Sonralar A.Şatskin, Stalinin təbiriylə desək, sağ təmayüllü-solçu blokun, yəni Stalinə müxalif blokun təsisçilərindən biri olmuşdu).

Soyuq 1919-cu ildə Mayakovski Liliya ilə ROST plakatları üzərində işləyirdi, ixtisasca hüquqşünas olan Osip Brik isə özünə heç cür iş tapa bilmirdi. Bir gün oğlunun Poluektov dalanındakı evinə qonaq gələn ata Brik onun hansı şəraitdə yaşadığını görüncə, dili-ağzı quruyur. Üstəlik, öyrənir ki, Osya küçədə şüarlar bağıran birisiylə arvadını da paylaşır. Həmin an o, oğlunu özünün ticarət ortağı olan Şatskinin oğluyla tanış etmək qərarına gəlir.

Lazar Şatskin onda çox burulğanlı bir həyat sürürdü. 15 yaşından inqilabi hərəkata qoşulmuş, sonralar isə Vətəndaş müharibəsi cəbhələrində vuruşmuşdu. Daha sonra Stalinin şəxsi köməkçisi Boris Bajanovla dostluq qurmuşdu. 1918-ci ildə o, Kommunist Gənclər İttifaqı yaratmaq barədə ideya ilə şəxsən Leninə müraciət edir.

O vaxt Yakov Aqranov Xalq Komissarlarının Kiçik Sovetində katib idi və birbaşa Leninin özüylə işləyirdi. İstiqanlı adam olan Lazar Y.Aqranovun dərin rəğbətini qazanır və hazırladığı sənədləri Stalinə təqdim etmək üçün onları Aqranovun köməyi ilə bir nüsxə də çoxaltdırır. Həmin dövrdə Stalin hələ adıçəkilən qurumda çalışmırdı. Gələcəkdə "xalqların atası" olacaq Stalin Aqranovun bu təşəbbüsünü yüksək dəyərləndirir və VÇK-da (Ümumittifaq Fövqəladə Komissiyasında – A.Y.) işə düzəlməsi üçün Dzerjinskiyə bu gənclə bağlı tövsiyə məktubu göndərir. İşləri yolunda getdiyi üçün Y.Aqranov sonralar OQPU-nun Gizli şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlir. O da var ki, 1936-cı ildə onun taleyi bir çoxlarınınkı kimi olur və o da güllələnir.
İosif Stalinin portreti
İosif Stalinin portreti

Ancaq bunlar sonralar baş verdi. Leninin tövsiyəsinə əsasən, 1919-cu ildə Şatskin Rusiya Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi seçilir və tanışlıqla Osip də Ümumittifaq Fövqəladə Komissiyasında işə düzəlir. Nəticədə Aqranovla Osip o dərəcədə yaxınlaşır ki, Aqranov həm Brik ailəsinin, həm də Mayakovskinin dostuna çevrilir.

İndi isə gəlin, 1928-ci ilə nəzər salaq. Həmin il Moskvada Proletar yazarlarının Birinci Ümumittifaq qurultayı keçirilir. Tədbirin məqsədi aydın idi – bütün mövcud ədəbi birlikləri vahid təşkilatda birləşdirmək və ümumi nəzarət altında saxlamaq. Yaradılacaq quruma Mayakovskini sədr qoymaq nəzərdə tutulmuşdu. Ancaq onun bəxti gətirmir, çünki Qorki tezliklə vətənə qayıdır və bu ölkədə həmişəlik qalıb-qalmamaq barədə tərəddüdlərə qapılır. Qorkinin daxilindəki təbəddülatı həssaslıqla duyan Stalin proletar ədibinə Sovet Yazıçıları İttifaqında rəhbər vəzifə təklif edir. Qorki buna razılıq verir.

Bəs Mayakovski necə olsun?! Sənətdə Solçu Cəbhə yaradan bu şairi isə həmin qurultaya, ümumiyyətlə, dəvət eləmirlər.

Mayakovskinin LEF (Solçu Sənət Cəbhəsi. 1922-28-ci illərdə SSRİ-nin aparıcı şəhərlərində fəaliyyət göstərən yaradıcı birlik – A.Y.) sıralarını tərk etməsi çoxları üçün gözlənilməz addım olur. Halbuki bunda qeyri-adi heç nə yox idi. Əgər o, solçulardan vaxtında ayrılmasaydı, inqilab müxaliflərindən biri olacaqdı. Hər şeyə rəğmən, o, özünü müxalifətçi kimi tanıtmağa heç vaxt meyl göstərməmişdi.

Çarəsizlərin işbirliyi

1928-ci ilin payızında, Parisə səfərdən üç gün öncə baş verən uğursuz bir hadisənin sonradan Mayakovskinin ölümünə yol açdığı təxmin edilir. Həmin il ölkədə yaranmış ab-havaya nəzər salaq.

Durum gərgindir. Ordu kəndli qiyamları ilə bacara bilmir. Rəsmi göstəricilərə görə, 1929-cu ilin əvvəlinə qədər kəndlilərin 5.721 etiraz çıxışı və 1.307 terror aksiyası baş vermişdi. Elə güman vardı ki, bir az da belə davam edərsə, Sovet hakimiyyəti yıxılacaq. Partiyada parçalanma vardı. Ən sadiq silahdaşları da Stalindən üz döndərmişdilər. Onun şəxsi köməkçisi Boris Bajanov İrana qaçmışdı. Onu məhv etmək məqsədiylə göndərilən Yakov Blumkin müxalifət ideyalarına könül vermiş və Trotski ilə əlaqəyə girmişdi. Stalinin "sağçı-sol təmayüllü blok" adlandırdığı birlik də məhz onda yaranmışdı. Onun əsas ideoloqu isə komsomol təşkilatının keçmiş başçısı və sonra partiya ÇKK-sının (Mərkəzi Nəzarət Komissiyası (MNK) – A.Y.) üzvü olan Lazar Şatskin idi.

"Pravda" qəzetinin redaksiya heyətinin üzvü olan bu adam 1928-ci ilin payızında redaksiyada Mayakovski ilə görüşür. Onların nə barədə danışdığını təxmin eləmək çətin deyildir. O vaxta qədər bənzər davranışlara əsla yol verməyən Mayakovski mövcud iqtidar barədə tənqidi fikirlərini açıqlayır.

REF (İnqilabçı Sənət Cəbhəsi – A.Y.) yaratmaqla o, RAPP-ı (Rusiya Proletar Yazarlar Assosiasiyasını – A.Y.) amansız tənqid atəşinə tutmağa başlayır. Xatırladaq ki, həmin vaxt RAPP partiyanın ana xəttini təbliğ edən əsas qurum sayılırdı.

Bəs görəsən Mayakovski söhbət əsnasında çevriliş tərəfdarlarını dəstəkləmək barədə Şatskinə razılıq vermişdimi? Hər halda. Bunun qarşılığında Lazar Abramoviç də Stalinin Qorkiyə verdiyi vəzifənin Mayakovskiyə qismət olacağını bildirmişdi. Əlbəttə, bundan ötrü ən əvvəl Kremldə oturan «dağlı balası» hakimiyyətdən salınmalıydı.

Ən yaxın plenumda Stalinin tutduğu vəzifədən çıxarılması planlaşdırılırdı və bundan ötrü adi səsvermənin keçirilməsi də yetərli olacaqdı. Adətən tərəfsizliyi ilə seçilən Mayakovski, çətin ki, özünü çevriliş tərəfdarı hesab edəydi. Çox yəqin o, bu cəhdi də mövqelərin növbəti dəfə təyini məqsədiylə, həm də o vaxtlar vaxtaşırı keçirilən toplantılardan biri sayırdı.

İki od-atəş arasında

Aydın məsələdir ki, Stalin bu davranışlara başqa cür dəyər biçirdi. Müxalifətin nəyə hazırlaşdığından onun bixəbər qaldığını düşünmək avamlıq olardı.

Buna qarşı hansı tədbirlər alacağı isə məsələnin digər tərəfiydi. O dövrdə Stalin hələ bizim indi bildiyimiz iqtidarına malik deyildi. Müxalifətin o vaxt necə güclü olduğunu aşkar göstərən faktlardan biri isə RSFSR Xalq Komissarları Sovetinin sədri Aleksey Rıkovun yerinə əslən Sibirdən olan bolşevik, partiyanın nüfuzlu şəxslərindən sayılan Sergey Sırtsovun təyin olunması idi.
Nikolay Buxarin
Nikolay Buxarin

Zəif və tərəddüdçü Rıkov və Buxarinlə müqayisədə bu adam əsl lider idi. Keçmiş komsomolçulardan Reznik, Lominadze və tükənməz ideyalar generatoru kimi ad çıxaran Şatskin onu aşkar şəkildə dəstəkləyirdilər. Vəzifəyə təyin olunduğu ilk günlərdən etibarən Sırtsov xalq arasında görünməmiş rəğbət qazanmışdı. Stalin isə öz tərəfindən dövlətçiliklə bağlı bir sıra qərarlar qəbul eləmiş, birinci beşillik planın (1928-ci ildə) 25 faiz artıqlamasıyla yerinə yetirildiyini bildirmişdi. Bu isə onu göstərirdi ki, ölkə düzgün istiqamət götürüb və buna görə də fasiləsiz həftə rejiminə (dörd iş günündən sonra istirahətə) keçidin vaxtı çatıbdır.

Siyasət aləmində Stalin ilə Sırtsov arasında gedən rəqabət həmin ilin payızında yeni müstəvidə, Mayakovski uğrunda mübarizədə özünü göstərməyə başladı. Stalinin çevrəsindəkilər şairi öz tərəflərinə çəkmək məqsədiylə aktiv fəaliyyətə keçdilər. Mayakovskinin RAPP-a hücumlarına o ara göz yumuldu, ona OQPU-da və Politexnik muzeyində keçirilən konsertlərdə, hətta Böyük Teatrda şəxsən Stalinin qatıldığı tədbirdə səhnəyə çıxmaq üçün imkanlar yaradıldı.

Buna cavab kimi, Sırtsovun adamı sayılan Şatskin Stalinin hakimiyyətdə qalma şanslarının sıfıra bərabər olduğunu göstərmək məqsədiylə yüksək vəzifəli müxalifətçilərin (başqa sözlə, çevriliş tərəfdarlarının) adlarını Mayakovskiyə açıqlamağa məcbur oldu.

Ancaq açdığı plakat sərgisinə "rəsmi şəxslərin" gəlmədiyini görən Mayakovski anlayır ki, Stalin onun müxalifətçilərlə əlaqələrindən xəbər tutub. Buna görə də şair REF sıralarını təcili qaydada tərk edərək, RAPP-a üzv yazılır və bununla göstərmək istəyir ki, qəti şəkildə rəsmi hakimiyyəti dəstəkləyir.

Ölümcül meyl

Mayakovskinin müxalifət sıralarını tərk edib, RAPP-a üzv olmasını Stalinin bir qələbə kimi qeyd edib-etməməsi bu gün heç kimə məlum deyildir. Şairin bu cür ora-bura vurnuxması OQPU-nun Gizli şöbəsinin rəisi Yakov Aqranovu narahat etməyə bilməzdi.

Bu adam daxilən Sırtsova rəğbət bəsləsə də, zahirən neytral, tərəfsiz bir mövqe sərgiləyirdi. Sadiq stalinçi sayılan Mayakovskinin müxalifətçilərin – dövlət çevrilişi tərəfdarlarının adlarını bilməsi isə təkcə Aqranovu deyil, Şatskini də qorxuya salırdı.

Buna görə də inqilab nəğməkarının canına qəsd gözlənilən bir şey idi. Bunu kimlərin törətdiyini Stalin o dəqiqə anlayacaqdı. Üstəlik, yeri düşdü-düşmədi, Mayakovskinin tapançaya əl atmağa adətkar olduğunu, kim də bilməsə, Aqranov çox yaxşı bilirdi.

Buna əsas verəcək səbəblər də istənilən qədər idi. Həmin dövrdə şairin psixoloji durumu yetərincə gərgin idi. RAPP üzvləri ona təkcə etinasız yanaşmaqla qalmır, həm də öz yoldaşlarını sataraq, qarşı cinaha keçdiyini imkan düşən kimi onun başına qaxırdılar.

Mayakovski RAPP-ın rəhbəri Vladimir Sutırin ilə görüşməyə nə qədər can atsa da, o, görüşdən daim qaçır. Şairin şəxsi həyatı da yolunda getmirdi. Lilya ilə Osip qəfildən Avropaya getdikləri üçün Mayakovski vətəndə öz qorxu-təlaşlarıyla baş-başa qalmışdı.

Brik ailəsi xaricə gedəndən sonra həmin mənzildə OQPU-nun əməkdaşı Lev Elberq məskunlaşır. Öz gündəliyində bu adamdan bəhs edərkən Lilya onu "Snob" ayaması ilə xatırlayır. L.Elberq deyir ki, şairdən muğayat olmağı ondan şəxsən Lilya xahiş edibmiş. Bundan təlaşa qapılan Mayakovski tez özünü küçəyə atır və orada rastlaşdığı RAPP üzvü Jarkovdan soruşur:

- Tezliklə məni həbs edəcəklər, eləmi? Bəs bu barədə RAPP-da nə danışırlar?
Mayakovskinin çəkdiyi rəsm: "Ruletka"
Mayakovskinin çəkdiyi rəsm: "Ruletka"

Məhrəm münasibətlərinin qırılması barədə Polonskayanın sözləri şairə vurulan sonuncu zərbə olur və onun iç dünyasına zülmət çökür…

Mayakovskinin dilinin açılmasından qorxanlar da belə uyğun bir məqam gözləyirmişlər.

Aprelin 14-də şair dünyadan köçür. İki gün sonra, aprelin 16-da isə ÜK(b)P ÇKK-nın (Mərkəzi Nəzarət Komissiyasının) və MK-nin plenumu çağırılır. Stalinin tədbirdə "ÜK(b)P-də sağ təmayül barədə" çıxışından sonra müxalifətə qarşı əsl savaş başlanır.

Bundan yeddi ay sonra Sırtsovun dövlət çevrilişi hazırlığı cəhdinin üstü açılır.

Dekabr plenumu ərəfəsində Lominadzeni məcbur edirlər ki, bununla bağlı bir hesabat hazırlasın. Nəticədə bütün müxalifətçilər rəhbər vəzifələrdən çıxarılır və daha aşağı vəzifələrə təyin olunurlar.

1935-ci ildə həbs olunan Lominadze sonradan intihar edir. Sırtsovla Şatskini isə 1937-ci ildə güllələyirlər.

Sonda onu da vurğulayaq ki, ölümündən öncə yazdığı məktubu Mayakovski, heç şübhəsiz, birbaşa Stalinə ünvanlamışdı:

"Yoldaş hökumət, mənim ailə üzvlərim Lilya Brik, anam, bacılarım və Veronika Vitoldovna Polonskayadır. Əgər sən onları babat dolanışıqla təmin edə bilsən – minnətdar olaram".

Bundan məqsəd nə idi? Ömürlük pensiya, yoxsa yaşayış şəraitinin yaxşılaşdırılması? Çətin ki. Hər halda o, demək istəyirmiş ki, cinah dəyişdirməyin cəzasını o, öz həyatını qurban verməklə, çəkib, odur ki, dövlət çevrilişinə cəhddə iştirakına görə yaxınlarına divan tutulmamasını xahiş edir.

"Anam, bacılarım, yoldaşlar, məni bağışlayın!"

Adətən deyirlər ki, bu cümləylə Mayakovski dünyadan bu cür köçdüyü üçün bağışlanmasını umur. Mən isə belə düşünmürəm: əslində o, müxalifət tərəfə keçdiyi üçün öz doğmalarını ağır zərbə altda qoyduğunu anlayırmış.

Həmin cümlə ilə o, özünün yol verdiyi səhvi təkrarlamağı heç kəsə məsləhət görmürmüş, çünki bundan "çıxış yolu yoxdur". Gicgaha sıxılan güllədən başqa.

Azərbaycan dilinə çevirdi - Azad Yaşar

Mayakovskinin qəbri Novodeviçi məzarlığında, Moskva
Mayakovskinin qəbri Novodeviçi məzarlığında, Moskva
XS
SM
MD
LG