Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:59

Kreml «Dojd TV»ni efirdən yığışdırır


-
Rusiyada bir sıra internet provayderləri “Dojd TV”-nin yayımını dayandırıb. Buna səbəb Dojd televiziyasında keçirilən ziddiyyətli sorğudur. Dojd-un tamaşaçıları isə hesab edirlər ki, Kreml müxalifət yönümlü Dojd-a yenə təzyiq edir.

Bu həftə Leninqradın ikinci dünya müharibəsi vaxtı blokadasının aradan qaldırılmasının 70 –ci ildönümüdür. Dojd televiziyası bununla bağlı tamaşaçıları arasında sorğu elan edib: “Yüz minlərlə insan həyatını xilas etmək üçün Leninqrad təslim olmalı idimi?”.

Bu sual bir çox rusiyalının xoşuna gəlməyib. Leninqradın 900 günlıük mühasirəsində 1 milyon insan acından ölüb.

Dojd qoyduğu sualın belə mənfi reaksiya doğurduğunu görərək dərhal sualı yığışdırıb və müharibə vaxtı ölənlərin ailələrindən üzr istəyib. Ancaq bu üzrxahlıq Akado və NTV–Plyus kimi internet provayderlərini qane ertməyib. Onlar Dojd-un yayımını dayandırıblar.

Dövlət telekommmunikasiya operatoru Rostelekom bildirib ki, Dojd ətrafında ifrat mənfi vəziyyət düzəlməyincə, bu televiziya yayımlanmayacaq.

Hətta Rusiya prezidentinin sözçüsü Dmitry Peskov deyib ki, Dojd qəbul olunmuş bütün hədləri keçib.

"SUAL BƏHANƏDİR"

2012-ci ildə, öz dediyi kimi, həddən artıq siyasi fəallığına görə NTV-dən qovulan və Dojd-a keçən veteran jurnalist Pavel Lobkov isə hesab edir ki, bu sorğu Dojd-u efirdən yığışdırmağa yalnız bəhanədir.

“Blokada haqda sual birdən-birə belə vacib olub- bu siyasi cəhətdən normaldır. Ancaq siz kanalı bağlayanda daha çox ictimai dayaq qazanmaq istəyirsiz və bu zaman insanların şüuruna yox, altşüuruna, təhtəlşüuruna əsaslanmağa çalışırsınız. Bu təhtəlşüurda tabu mövzular isə blokadadır, inqilabın bəzi məqamlarıdır, 1930-cu illər repressiyalarıdır. Biz indi deyirik ki, ölkəni yenidən qurmaq çox baha başa gəlib”.

Dojd Rusiyanın televiziya məkanında dövlətin nəzarətində olmayan nadir kanallardan biridir. 2010-cu ildə yaradılan bu televiziya tənqidi məlumatları ilə, Kseniya Sobçak kimi aparıcıları ilə xeyli tamaşaçı toplayıb.

2011-ci ildə Rusiyada hökumət əleyhinə nümayişlər olanda siyasətlə maraqlananlar və eləcə də Rusiyadan qıraqda olanlar dəqiq məlumatı Dojd televiziyasından alırdılar.

Dojd Aleksey Navalny kimi məşhur, ancaq dövlət televiziyalarına burxaılmayan bloqçuya da efir vaxtı ayırırdı.

BAŞ PROKUROR ARAŞDIRMAYA ƏMR VERİR

Bəzi provayderlərin Dojd-un yayımını dayandırması ilə iş bitməyib. Dojd-un qalmaqlalı sorğusu ilə bağlı Rusiyanın baş prokuroru Yuri Chaika Sankt Peterburqdan olan deputatların müraciətinə cavab olaraq araşdırma aparılmasına göstəriş verib.

Siyasi təhlilçi Boris Vishnievski özü əslən Leninqraddandır. Onun valideynləri Leninqradda blokadanı yaşayıblar. Vishnievski şəxsən Dojd-un sorğusunu özü üçün təhqiramiz sayır, ancaq hesab edir ki, Dojd bu sorğusu ilə qanunları pozmayıb.

“Baş prokuror Chaikaya müraciət edən deputatlar bir qanun belə göstərə bilməzlər ki, Dojd öz sorğusu ilə bu qanunu pozmuş olsun. Sorğuda nəyisə soruşmağı heç bir qanun qadağan etmir. Mən həmçinin xatırladım ki, bu sual yeni deyil. 30 il qabaq böyük Rusiya yazıçısı Viktor Astafyev bütöv bir kitab yazdı və bu kitabın əsas ideyası bu idi ki, Leninqrad təslim edilməli idi. Biz indi baş prokurorun yanına gedək ki, Astafyevin kitabını kitabxanalardan yığışdırsınlar? Məncə, bu baş verənlıər absurddur”.

"SƏBƏB UKRAYNADIR"

Kremlin Dojd-a qarşı indiki addımlarının məhz bu dövrə düşməsini təsadüfi hesab etmirlər. Hazırda 2 böyük hadisə var: Soçi olimpiadası başlanır və qonşu Ukraynada mitinqlər gedir.

Filosof İqor Chubais deyir ki, yaxşı təşkil olunmuş müxalifətin intizamlı, idarə olunan nümayişləri Putin hökumətinin xoşuna gəlmir. Rusiya hökuməti istəmir ki, belə nümayişin keçirilə biləcəyini Rusiyada ağıllarına belə gətirməsinlər. Chubaisın fikrincə, Dojd-un efirdən yığışdırılması Ukrayna mitinqlərini işıqlandırması ilə bağlıdır. Putin bu görüntüləri Rusiya televiziyasından yığışdırmaq istəyir və Putin istəmir ki. belə inqilabçılıq Rusiyaya sirayət eləsin.

“Ukrayna ətrafında vəziyyət qızışır. Putin Brüsseldə dedi ki, hərbi gücdən istifadə problemin ən pis, ən təhlükəli həllidir. Əgər hadisələr doğrudan da bu istiqamətdə gedirsə, o fikirləşə bilər ki, bu hadisələr barədə tam, bəzən təbii ki, ziddiyyətli məlumat verən yeganə televiziya efirdən yığışdırılmalıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG