Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Telekanalı canlı efirə görə yoxlamağa başladılar - Qalmaqal


Rusiyanın 1-ci kanalında "Dojd" televiziyasının qalmaqallı proqramından kadr

Rusiyanın 1-ci kanalında "Dojd" televiziyasının qalmaqallı proqramından kadr

-

Rusiyanın ən nüfuzlu müstəqil telekanalı olan "Дождь"un canlı efirində keçirilən sorğu qalmaqal yaradıb.


Tamaşaçılara belə bir sual verilib: “Sizcə yüz minlərlə insanın həyatını xilas etmək üçün Leninqradı təslim etmək olardımı?”

Rusiyada 2-ci Dünya Müharibəsi zamanı Leninqradın (indiki Sankt-Peterburqun) nasist ordusuna müqavimət göstərməsi qeyri-adi rəşadət, qəhrəmanlıq nümunəsi hesab edilir.

Qalmaqal o həddəcən böyüyüb ki, bəzi operatorlar telekanalın verilişlərinin kabel yayımından imtina ediblər. Onlar bunu müharibə qəhrəmanlarına, Leninqradın həlak olan müdafiəçilərinin ruhuna hörmətsizlik adlandırıblar. Eləcə də ictimai rəyə sayqısızlıq. Telekanal ertəsi gün üzr istəyəndən və sorğunu “yanlışlıq” adlandırandan sonra bəzi operatorlar onunla əməkdaşlığı bərpa ediblər.

"Дождь"un baş redaktoru Mixail Zıqar deyib ki, kimlərsə bu məsələdən istifadə edib onları gözdən salmağa çalışırlar. Onun sözlərinə görə, telekanal həmişə faşizmə qarşı sərt mövqeyi ilə seçilib.

Rusiyada elektron media, xüsusən də ölkənin böyük hissəsinə yayınlanan TV-lər hökumətin nəzarətindədir. Müstəqil düşüncəli, müxalifyönlü insanlara ən çox yer ayıran “Дождь"dur.

Rusiya Jurnalistlər Birliyinin sədri Vsevolod Boqdanov telekanalın yayımının bəzi bölgələrdə dayandırılmasını “qeyri-sivil” addım adlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, "Дождь"dan olan narazılıqları bölüşür. Onun fikrincə, telekanal “mənəvi-etik qırmızı xətti keçib”: “Əgər biz belə sorğulara azca da olsa tolerant yanaşsaq, xalqın genetik yaddaşının eroziyası başlanar”.

Bu arada prokurorluq telekanalla bağlı yoxlamaya başlayıb.

Prokurorluğun sözçüsü deyib ki, telekanalın kütləvi informasiya vasitələri haqda qanunu pozub-pozmaması, sorğu ilə nifrət oyandırmağa, ədavət qızışdırmağa, insan ləyaqətini alçaltmağa çalışıb-çalışmaması araşdırılır.

Müharibə zamanı Leninqradın mühasirəsi 2 il çəkmişdi. Müxtəlif hesablamalara görə, nasistlərin hücumları, eləcə də aclıq və soyuqdan şəhərdə 300 mindən 1,5 milyona qədər insan tələf olmuşdu. Bunların əksəriyyəti aclıqdan qırılmışdı. Şəhərdəki aclığa görə, insanlar siçovul əti də yeyirdilər. Hitler, göstərdiyi müqavimətə görə, Leninqradı yer üzündən silməyi düşünürdü. Sonradan Leninqrada qəhrəman-şəhər adı verildi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG