Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27
-
AZƏRBAYCANLI DEPUTAT İNTERNETİ DEMOKRATİYAYA TƏHLÜKƏ ADLANDIRIR

“...indi bu nəhəng “hörümçək” həm də demokratiyaya, insan haqlarına ara-sıra zədələr vurmağa bais olan qüvvə kimi səciyyələndirilir”. “Media forum” saytının yazdığına görə, internetlə bağlı bu fikirləri azərbaycanlı deputat Rəfael Hüseynov Avropa Şurası Parlament Assambleyasındakı çıxışında səsləndirib.

“İndi XXI əsrdir. Avropada və dünyada yenə nəhəng bir kabus dolaşır. Doğrudur, bu kabus o əvvəlki kabusdan fərqli olaraq mahiyyəti etibarilə işıqlıdır, hər bir insana yardımçı olmağa, həyatı daha rahat etməyə köklənib. Lakin bütün müsbət keyfiyyətlərinə baxmayaraq həmin yeni kabusun – bütün dünyanı bürümüş internet şəbəkəsinin təəssüf ki, öz qüsurları, öz təhlükələri də var. Bir neçə il əvvəl internet fəzasındakı sərbəstlik demokratiyanın vacib təzahürlərindən biri kimi dəyərləndirilirdisə, indi bu nəhəng “hörümçək” həm də demokratiyaya, insan haqlarına ara-sıra zədələr vurmağa bais olan qüvvə kimi səciyyələndirilir”.

“...BAHALI MAŞINI OLANLARA MÜAVİNƏT VERİLİR, AMMA...”

“Yeni Müsavat” bir neçə gün əvvəl Yevlaxda özünü yandıran əlil Nizami Kərimovun vəziyyətinin ağırlaşdığını yazır.

Qəzetin yazdığına görə, əlilin özünü yandırmasından sonra Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rövşən Məhərrəmov işdən azad edilib. Qəzet bu rayonda ünvanlı sosial yardım almaq istəyənlərin sayının çox olduğunu bildirir.

Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə dəfələrlə üz tutduğunu deyən Nəmərli kənd sakini Aynurə Xalqverdiyeva heç yerdə işləmədiyini, üç övladı ilə 87 yaşlı atasının evində yaşadığını və heç cür də yardım almadığını deyir.

“Atam cəmi 120 manat pensiya alır. Deyirlər ki, guya onun pensiyasını yeyirik. Heç o pul atamın dərmanlarına, çörəyinə çatmır. Qışın günüdür, bax görürsüz, əynində qalın bir paltarı da yoxdur. Almağa imkanımız yoxdur, nə eləyək? Atam müəllim olub, canını bu millətin yolunda qoyub. Ona pensiyanı bizə görə kəsməyiblər, 33 il işlədiyinə görə verirlər. Mənə niyə sosial yardım düşməməlidir?” Onun sözlərinə görə, qəbula gedərkən, deyirlər ki, imtina kağızı yazmışıq, hara istəyirsən, şikayət elə: “O kağız parçasını qazana atıb, qaynadıb, yemək olmur, axı..? Düz bir ildir ki, bu idarəyə ayaq döyürəm. Onlara verdiyim sənədləri geri tələb edirəm ki, aparıb, Bakıda göstərim. Qoy, orda desinlər ki, sənə sosial yardım düşmür. Heç sənədlərimi də vermirlər. Uşaqlarım qışın günündə “şəpit”də gəzirlər. Bu rayonda 10 hektarlarla göldə balıq saxlayanlara, qara bahalı maşını olanlara, qalstuklulara, kostyumlulara yardım düşür, amma bizim kimilərə yox... Məcburam ki, mən də özümü onların bahalı maşınlarının altına atım, bəlkə onda dövlət ayılar”.

AZƏRBAYCANIN BAŞQA ÖLKƏLƏRƏ NÜMUNƏ OLACAQ GƏNCLƏR SİYASƏTİ

“Yeni Azərbaycan” qəzeti yazır ki, “Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir”. Qəzet bu siyasətin də əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayır.

Qəzetə görə, gənclər də ölkədəki bu “gənclər siyasətini” yüksək qiymətləndirirlər.


AVRO-4 ÖLKƏDƏ NƏLƏRƏ SƏBƏB OLACAQ?

“Bizim yol” yazır ki, “Avro-4 standartının tətbiqindən sonra ölkədə köhnə avtomobillərin qiyməti qalxacaq.

“Təzə maşınlar isə onsuz da ucuz deyil. Qiymətləri artmasa da heç ucuzlaşmayacaq da. Qiymət artımı daxili bazarda “ikinci əl” avtomobillərdə olacaq. Bahalaşma tədricən baş verəcək: “Bahalaşmanı daha çox bir il sonra - get-gedə köhnə avtomobillərin satışı azaldıqca hiss edəcəyik. Yeni standartlara keçid daha çox əhalinin aşağı təbəqəsinə təsir edəcək. Orta və yuxarı təbəqə onsuz da təzə avtomobillərə üstünlük verir. Bu proseslərdən zərər görən də daha çox aşağı təbəqə olacaq”.

Qəzetin yazdığına görə, xaricdən avtomobil gətirənlər də artıq özlərinə başqa peşə axtarmağa başlayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG