Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

Anar Nağılbaz: «Çox istərdim ki, insanların rifahı yaxşılaşsın, sözləri boğulmasın...»


Anar Nağılbaz

Anar Nağılbaz

-
«...Ailəsi ilə birgə atıldı çölə. Bu nə iş? Yerində park tikirlərmiş».

Bu misralar Anar Nağılbazın sonuncu, bir ay əvvəl - dekabrın son günlərində internetdə yayılan «Yeni il arzuları» repindəndir. Evindən çölə atılan yoxsul ailədən söz açılır. Amma Anar Nağılbazı son günlər mətbuatın gündəminə gətirən təkcə bu deyil. O, «facebook»da rəsmi səhifəsində söz haqqından danışır, «Art for democracy»nın tədbirində görünür.

Anar Nağılbaz düşündüklərini AzadlıqRadiosu ilə bölüşür.

- İncəsənətin demokratiya ehtiyacı varmı?

- Bu incəsənət demokratik ölkəyə şamil edilirsə, incəsənətin buna çox böyük ehtiyacı var. Demokratiya deyəndə hansısa sahədə, fikirlərdə azadlıqlardan söhbət gedir. Heç olmasa, öz hüquqlarını bilib öz haqqını tələb etməlisən. İncəsənət də bunun üçün çalışmalıdır, jurnalistlər də. Hesab edirəm ki, insanların da azadlıqları əlindən alınmamalıdır.

- Sizcə, hüququ bilməməkdənmi doğur problemlər?

- Demək olmaz ki, yalnız məmurlar belə edirlər. Belə deyil. Bəzən vətəndaşlarımız da sui-istifadə edirlər. Bəzən «youtube»da görürsən Yol Polisi ilə necə davranırlar. Düzdür, o tərəfdən də olur hüquq pozuntuları.

- Azad sənət üçün nə lazımdır?

- Azad sənət nümayiş etdirmək üçün azad cəmiyyətdə olduğunu hiss etməlisən. Bunu hiss edəndən sonra öz hüquqlarını biləsən. Harada olursansa ol, hər bir sahədə öz hüquqlarını tələb etməyə cəsarətin, qüvvən, düşüncən olmalıdır. Çəkinməyəsən və bu yöndə lazım gəlsə, öz sənətinlə də bunu nümayiş etdirəsən.

- Sənətkar ictimai-siyasi, sosial həyatda gördüyü problemləri öz sənətində əks etdirməlidirmi?

- Sən bu cəmiyyətin bir üzvüsənsə, razılaşmadığın işləri deməlisən. Düzdür, tək səs də nəticə vermir. Amma bu tək-tək səslərdən yığışıb cəmiyyət formalaşdırırıq. Haradasa, bizdə avropalaşma üzdədir, yollar, körpülər formasındadır. Amma insanların düşüncələri, baxışları dəyişməlidir. İncəsənət bu baxımdan ən böyük vasitədir. Bir çox tanınmış repçilər hər zaman cəmiyyətdə olan əyriliklərə öz fikirlərini bildiriblər. Bu nə nəticə verib? Desəz ki, bizim oxumağımız boş-boşuna oxumaqdır, bu, belə deyil. Yadınıza salmaq istəyirəm ki, hələ ötən əsrin 90-cı illərində səsimiz eşidilib. 1992-ci ildə «Narkodünya» mahnısı bir il ərzində böyük səs saldı, həmin ilin axırında narkotik ilə mübarizə idarəsi yaradıldı.

- Amma indi bəzi siyasi, ictimai fəallığı olan gəncləri narkotik ittihamı ilə tuturlar.

- Mən eşidirəm ki, onlara yalan ittihamlar irəli sürülüb. Məhkəmələrdə yəqin aydın olar. Amma məncə, gənclərin azadlıqlarına bəzi polis məmurları mane olurlar. Bunu daha yuxarılara aid etmək istəməzdim.

- Gənclərin azad fikirliliyinə qarşı çıxan polislərdir?

- Bilirsiniz, bizdə kimsə bir vəzifəyə getdi, tez öz yaxınını qabağa çəkir, belə hallar olur. Cəmiyyətimizin formalaşmasına belə halla mane olur. Baxırsan, Türkiyədə bir ailənin üzvü iqtidaryönlüdür, o biri müxalifətyönlü. Bir yerdə yaşaya bilirlər, müzakirə apara bilirlər.

- Sizcə, Azərbaycanda müxalifətçi vəzifə sahibidirmi?

- Hesab edirəm ki, olmalıdır. Niyə də olmasın. Amma bu gün olub-olmamağından açığı xəbərim yoxdur. Millət vəkilləri arasında varmı? Əslində mən dərinliyə getmək istəmirəm.

- Dərinliyə bilərəkdən getmək istəmirsiz? Azərbaycanda tez-tez eşitmək olur: «Mən siyasətə qarışmıram».

- Mən özümdə hələ ki, o qüvvəni hiss etmirəm. Mən sadəcə bu elin bir oğluyam. Çalışıram ki, ümumi, bizim çayımızın içində inkişafımıza mane olan daşlardan da birini mən çıxarım.

- Çıxarmaq istədiyiniz «daş» hansıdır?

- İstəyirəm ifadə azadlığı olsun.

- Sizcə, söz azadlığına nə mane olur?

- Birinci, hamının tələb etməməsidir. Dinc aksiyalar şəklində, məsələn, elə «facebook»da bir səhifə açıb imza toplayasan. Dünya da eşidəcək sənin səsini. Hesab edirəm, yuxarı dairələr də görsə ki, «el gücü sel gücü» mexanizmi işə düşüb, heç kim selin qarşısında tab gətirə bilməz. Heç kim də bizim haqqımızı tapdalaya bilməz. Hamı bir olsa nə var ki...

- Anar bəy, sizi narazı salan nədir?

- Məni narazı salan şeylər çoxdur. Məsələn, 23 ildir sənətdəyəm... Rep, bildiyiniz kimi, azad ifadəni dəstəkləyən incəsənət növüdür. Müasir musiqi cərəyanlarının klubunu yaratmaq istəyirdik. Layihəmiz hazır idi. İndiyə qədər çoxlu müraciətlər etmişəm bunun üçün, amma cavabsız qalıb. Bu da yəqin ifadə azadlığını istəməyənlərin sayının çox olmasından irəli gəlib.

- Anar Nağılbaz üçün söz azadlığı yalnız incəsənətdəmi pozulur?

- Əlbəttə ki yox! Mən gündəlik xəbərləri, yazıları izləyirəm. Sevindirici hal odur ki, adamlar fikirlərini bildirə bilirlər, amma daha sonrakı talelərini bilmirəm, necə olur.

- Bayaq dediz ki, «Narkodünya» repindən sonra səsiniz eşidildi. Azərbaycanda hansı problemi repə gətirmək istərdiz ki, səsiniz eşidilsin.

- Mövzularım var, çoxdur. Üzə çıxarmaq qərarına hələ gəlməmişəm.

- Nədənsə ehtiyat edirsiz? Düşünürsüz ki, atanız keçmiş millət vəkilidir, ona, sizə təzyiqlər olar?

- Hər şeyi yüz ölçüb bir biçən adamam. İstəyirəm ki, mövzumu elə çatdırım ki, nə şiş yansın, nə kabab. Bugünkü günlərdə məncə, bütün vətəndaşlarımıza ehtiyat lazımlı şeydir. Ehtiyat igidin yaraşığıdır. Hamıya da bu igidliyi qorumağı arzulayardım.

- Bu narazılığınız sizi hansısa partiyaya apara bilərmi?

- Bunu zaman göstərər. Hüquq bilgilərim olsa da, siyasi hazırlığım yoxdur. Amma hər şey zamanla həll olur. Çox istərdim ki, ölkəmizdə insanların rifahı yaxşılaşsın, sözləri boğulmasın, bəzi özbaşına məmurlar tərəfindən mülkləri əlindən alınmasın, üstünə şər atılıb zindanlara sürüklənməsinlər. Yenə də hesab etmirəm ki, bu, ən yuxarı dairələrə gedib çatır. Bu, bəzi məmurların işləridir və hesab edirəm ki, biz də səsimizi çatdırmalıyıq.

Şərhləri göstər

XS
SM
MD
LG