Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:54

«Qərbi Çıraq»da neft hasilatına başlandı


Çıraq neft platforması
Çıraq neft platforması
-
Xəzər dənizində Qərbi Çıraq platforması hasilata başlayıb.

Məlumatı BP şirkəti yayıb.

Bildirilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yatağının işlənməsi çərçivəsində «Qərbi Çıraq» platformasından hasilatın başlanması ilə 2010-cu ildə sanksiya verilmiş Çıraq Neft Layihəsi (ÇNL) başa çatmış olur.

«Qərbi Çıraq»dan hasilat 28 yanvar tarixində öncəqazma quyularından biri olan J05 quyusundan başlayıb. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30” sualtı ixrac boru kəmərinə ötürüləcək və bu kəmərlə də Səngəçal terminalına ixrac ediləcək. Hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq”.

«AÇC HƏLƏ ONİLLİKLƏR BOYU ÖZ HASİLATINI DAVAM ETDİRƏCƏK»

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell hasilata başlanmasını «əlamətdar hadisə» adlandırıb:

««Qərbi Çıraq» bizim Xəzər dənizində təhlükəsiz və səmərəli şəkildə inşa və istismar etdiyimiz səkkizinci dünya səviyyəli dəniz platformasıdır. Bu vaxtadək AÇG yatağından 2.3 milyard bareldən artıq neft hasil edilib. Bu gün hasilata başlamış bu yeni platforma kimi yeni texnologiyalara və qurğulara gələcəkdə də davamlı investisiyaların qoyulması ilə AÇG hələ uzun onilliklər boyunca dünya səviyyəli yataq kimi öz hasilatını davam etdirəcək».

«Qərbi Çıraq» platforması dənizin 170 metr dərinliyində, mövcud «Çıraq» və dərinsulu «Günəşli» platformaları arasında quraşdırılıb. Yeni platformanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma həmçinin gündəlik 285 milyon standart kub fut qaz ixrac etmək gücündədir.

AÇG-də iştirak payları: BP (operator – 35.78%), ARDNŞ (11.65%), «Şevron» (11.27%), İNPEKS (10.96%), «Statoyl» (8.56%), EksonMobil (8%), TPAO (6.75%), İTOÇU (4.3%), ONGC Videş Limited (OVL) (2.72%).

Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün xərclənib, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyularının qazılmasına sərf olunacaq. Bu iri investisiya AÇG yatağında layların neft verməsini optimallaşdırmağa xidmət edəcək.

«Qərbi Çıraq» platformasının tikintisi Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq yerli ehtiyatlardan istifadə etməklə ölkə daxilində həyata keçirilib.
XS
SM
MD
LG