Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:53

Baş həkim maşınını işçilərinə yuduzdurur


Sosial şəbəkələrdə yayılan foto
Sosial şəbəkələrdə yayılan foto
-
Sosial şəbəkələrdə ağ xalatlı tibb işçilərinin maşın yumasını əks etdirən fotoların yayılması böyük səs-küyə səbəb olub.

Avropa.info saytı yazır ki, bu hadisə Bakıdakı 9 saylı uşaq poliklinikasında baş verib. Poliklinikanın baş həkimi Aida Hüseynova saytlara açıqlamasında avtomobilin ona məxsus olmasını təsdiqləyib. Ancaq baş həkim maşını yuyanların konkret olaraq hansı vəzifəni daşımasına təfsilatı ilə aydınlıq gətirməyib.

Avropa.info-nun əməkdaşları bu faktı dəqiqləşdirmək üçün poliklinika ilə əlaqə saxlayıb. Hadisə ilə bağlı vəziyyətin bir qədər gərgin olduğunu bildirən əməkdaşlar baş həkimin iclas keçirdiyini dedilər. Bu səbəbdən də sorğumuzu əsəbi halda Zərifə Hüseynova adlı şöbə müdiri cavablandırdı:

“Mən başa düşmürəm bu mətbuat mövzu tapmır yazmağa. Burada nə olub ki? O adamlar tibb bacısı deyil. Xadimədirlər. Adları da Roza və Nazardı. Aida xanım Rusiyada təhsil alıb və o qədər gözəl insandır ki, xadimələr könüllü olaraq onun maşınını təmizləyir. Siz məsləhət görürəm bu mövzudan uzaq durasınız. Mənim evimdə də “Əməkdar jurnalist” var. İndi ona deyim? Gedin neftdən yazın, ölkədəki problemlərdən, həkimlərin maaşının az olmasından yazın. Mən sizə deyim ki, bizim özümüz də tez-tez burada pəncərələri yuyuruq. Burada nə qəbahət var?”

QUZANLI SAKİNLƏRİNİN ZİBİL DƏRDİ

“Bizim Yol” qəzeti yazır ki, Quzanlı sakinləri qazdan və işıqdan korluq çəkmirlər. Zibildən əziyyət çəkirlər.

“Qəsəbədə kanalizasiya da yoxdur. Hər kəs həyətindən aralı quyu qazıb tualet tikdirib. Qəsəbənin digər başına gedirik. Burada da bir zibil qutusu qoyulub. Tullantılar ətrafa səpələnib. Qəsəbədə yaşayan Cəlal Fərzəliyev deyir ki, “axırıncı dəfə bura zibili yığmağa ötən ilin sentyabr ayında gəliblər. Dörd aydır heç kim buradakı zibilləri daşımır. Bu zibilliklərdən uşaqlarımıza infeksiya düşür. Qonşunun bir nəvəsi reanimasiyadadır, digəri də 6 aylıq olanda öldü. Gedin, o zibilə baxın. Görün necə qurd düşüb. İt leşindən belə ordadır. Kimin nəyi var ora atır”.

ƏLAVƏ SƏLAHİYYƏT KORRUPSİYANI AZALDACAQMI?

“Azadlıq” qəzeti Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusunun artırılmasından yazır. Korrupsiya qarşı Mübarizə İdarəsinin statusunun, rəisin isə səlahiyyətlərinin artırılması korrupsiya ilə mübarizə üçün nə dərəcəli əhəmiyyətli addımlardır və bu onların fəaliyyətinə müsbət təsir edəcəkmi? Qəzet bu sualı ekspertlərə ünvanlayıb.

Müzəffər Baxışov
Müzəffər Baxışov
Hüquqşunas Müzəffər Baxış deyib ki, bu idarə formal xarakterli bir qurumdur. Onun fikrincə, “Azərbaycanda korrupsiyaya qarşı mübarizədən söhbət gedə bilməz. Çünki dövlət hakimiyyətinin mahiyyəti korrupsiya ilə bağlıdır”.

25 PALÇIQ VULKANI ÜZRƏ TURİST MARŞRUTU SALINACAQ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ölkədəki 25 palçıq vulkanı üzrə turist marşrutunun salınmasını təklif edir.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin müdiri professor Adil Əliyev Trend agentliyinə deyib ki, vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. Palçıq vulkanları ekoturizmin inkişafı üçün çox gözəl obyektlər hesab edilir:

palçıq vulkan
palçıq vulkan
“Xaricdən gələn turistlər vulkanlarla maraqlanırlar. Bəzi turistlər vulkanlarla müalicə olunmaq məqsədilə gedirlər. Əgər bu işlə məşğul olunsa, bu, respublikaya valyuta gətirəcək”.

Adil Əliyev deyib ki, Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır. Həmin vulkanlar Qobustanda “Qoturdağ” və “Çeyildağ” vulkanlarıdır. Bakıdan 50 km qərbdə yerləşən “Çeyildağ” vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir.

Bu gün dünyadakı palçıq vulkanlarının 344-ü Azərbaycandadır. Onların da 133-ü Xəzərin Azərbaycan hissəsindədir.

AZƏRBAYCAN DÜNYADA ÖZÜNƏMƏXSUS MİLLİ İNKİŞAF MODELİ İLƏ TANINIR

“Azərbaycan” qəzeti yazır ki, Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. “Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Azərbaycan dünyaya qaz nəql edən ölkə kimi də tanınmaqdadır. Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin ötən ilin sentyabr ayında “Şahdəniz” konsorsiumu və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnib. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaq. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaq. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq”.

ÖTƏN İL AİLƏ ZORAKILIĞI NƏTİCƏSİNDƏ 137 KİŞİ, 114 QADIN İNTİHAR EDİB

Bunu Modern.az saytına açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Mehriban Zeynalova
Mehriban Zeynalova
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ötən il ərzində 3 kişi həyat yoldaşı tərəfindən öldürülüb. “Mingəçevirli hamilə qadın uzun müddət həyat yoldaşı tərəfindən zorakılğa məruz qalaraq döyülmüşdü. Son nəticədə qadın özünü müdafiə edərkən ərini öldürüb. Amma müqayisə aparılarsa görərik ki, qadınlar kişilərdən daha çox zorakılığa məruz qalır. Ötən il məişət zorakılıq zəminində 93 nəfər qadın əks-cins tərəfindən öldürülüb. Zorakılıq nəticəsində ölümdən dönənlərin sayı isə 56 nəfər olub”.

Məişət zorakılığının qurbanı olanlar arasında kişilər də var. 51 nəfər kişi zorakılığın qurbanı olaraq öldürülüblər. Bu və ya müxtəlif səbəblərdən 36 nəfər xəsarət alaraq sağ qalıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG