Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:17

Hökumətə verilən sərbəst toplaşma tövsiyələri...


Prezident Administrasiyası qarşısında aksiya - 2012
Prezident Administrasiyası qarşısında aksiya - 2012
-
Hökumətə səkkiz bəndlik sərbəst toplaşmaq tövsiyələri verilib. Tövsiyələri bir neçə aylıq monitorinqdən sonra «Demokratiyanı Öyrənmə» İctimai Birliyi hazırlayıb. Birlik rəhbəri Mirəli Hüseynovun AzadlıqRadiosuna dediyinə görə, onları sərbəst toplaşma azadlığına mane olan bir neçə əsas məsələ daha çox narahat edir.

«TOPLANTILARIN MƏHDUDLAŞDIRILMASI ƏSASLARI MÜCƏRRƏDLİKDƏN ÇIXARILMALI...»

Onlardan biri toplantıların məhdudlaşdırılmasının icra hakimiyyəti orqanlarının iradə və subyektiv mülahizələrindən asılı olmasıdır. Birlik təklif edir ki, toplantıların məhdudlaşdırılması əsasları mücərrədlikdən çıxarılmalı, məsələ daha konkret və aydın göstərilməlidir. Qanuna təklif edilən digər dəyişikliklər məsafə və yerlə bağlıdır.

GÜRCÜSTAN NÜMUNƏSİ...

««Sərbəst toplaşma azadlığı haqqında» qanunda sadalanan dövlət orqanlarının 200 metrliyində aksiyaların keçirilməsinə qoyulan məhdudiyyət doğru deyil. Toplantının məqsədi narazılıqları aidiyyəti dövlət qurumlarına çatdırmaqdırsa, onda aksiyaların həmin qurumlardan 200 metr kənarda keçirilməsi doğru deyil. Onda heç toplantının hər hansı bir mənası da qalmır. Başqa ölkələrin təcrübəsində bu qədər məsafə yoxdur. Aksiyalar həmin qurumlardan ağlabatan məsafədə olmalıdır. Misal üçün, Gürcüstanda bu məsafə 20-25 metrdir».

Mirəli Hüseynovun fikrincə, Azərbaycanda tətbiq olunan 200 metrlik radius o deməkdir ki, həmin qurumların qarşısında aksiya keçirilməsin.
Mirəli Hüseynov
Mirəli Hüseynov

«HƏMİN YERLƏR YA ÇOX UCQARDA YERLƏŞİR, YA DA TOPLANTILAR ÜÇÜN ƏLVERİŞLİ DEYİL»

Təşkilatı narahat edən digər bir məsələ də mövcud sərbəst toplaşma yerləri ilə bağlıdır. Mirəli Hüseynov hesab edir ki, «Sərbəst toplaşma azadlığı haqqında» qanunda toplantılara yer ayrılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları üzərinə öhdəlik qoyulması doğru deyil:

«Bu o deməkdir ki, icra hakimiyyətinin təyin etdiyi yerdən kənarda toplantılar keçirilə bilməz. Həmin yerlər ya çox ucqarda yerləşir, ya da toplantılar üçün əlverişli deyil».

Birliyin bir təklifi də odur ki, xəbərdarlığın verilməməsi toplantıların məhdudlaşdırılması və ya dayandırılması üçün əsas olmamalıdır. Üstəlik, həm də imtina cavabları əsaslandırılmalıdır.

İCRA HAKİMİYYƏTLƏRİNİN TÖVSİYƏLƏRƏ CAVABI...

Sabirabad rayon İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov 200 metrlik məsafənin azaldılması ilə bağlı təklifləri məqbul saymır. Deyir, aksiyaçıların qanunda göstərilən dövlət qurumlarına çox yaxın olması həmin qurumların iş rejimini poza bilər:

«20-25 metr pəncərənin qarşısıdır. 25 metr aralı aksiya keçirilsə, bu, həmin idarənin iş rejiminin pozulması deməkdir.
Sabirabadda aksiya - 10 aprel 2012
Sabirabadda aksiya - 10 aprel 2012
200 metrlik məsələyə baxılıb və bu rəqəm əsaslandırılmış rəqəmdir».

Məsələnin icra hakimiyyəti orqanlarının iradəsindən və subyektiv mülahizələrindən asılılığına son qoyulmasına gəlincə, Masallı rayon İcra Hakimiyyətinin müavini Nəsir Muxtarlı isə deyir ki, onlar məsələyə qanunvericilikdə necə varsa, elə də əməl edirlər. O, bu məsələyə icraedici orqanların şərh verməsini doğru saymır:

«O təklif irəli sürülüb və onun müzakirəsi Milli Məclisin səlahiyyətindədir. İcra hakimiyyəti mövcud qanunları həyata keçirir və bu bizim səlahiyyətimiz daxilində olan məsələ deyil».

Deputat Zahid Oruc isə hesab edir ki, təkliflər qanunun daha da təkmilləşdirilməsinə hesablanıbsa, bunu müzakirə etməyə dəyər:

«Əgər sərbəst toplaşma azadlığının təkmilləşməsinə xidmət edən fərqli mövqelər mövcuddursa, ümid edirəm ki, həmin sənədi hazırlayanlar onu Milli Məclisə, müvafiq olaraq onun hüquq-siyasəti komitəsinə təqdim edəcəklər».

«SUBYEKTİV DƏLİLLƏRLƏ HANSISA AKSİYALARIN QARŞISI ALINMAYIB»

Amma deputat mövcud qanunun heç də sərbəst toplaşma azadlığını məhdudlaşdırmadığı qənaətindədir.
Zahid Oruc
Zahid Oruc
O, dediklərinə prezident seçkilərində «Məhsul» stadionunda keçirilən aksiyaları misal çəkir.

«Ayrı-ayrı yerlərdə namizədlər və onların əleyhdarları ilə bağlı baş vermiş kiçik hadisələri çıxmaq şərti ilə hər hansı icra qurumları subyektiv dəlillərlə hansısa aksiyaların qarşısını almayıb. Mənə bəlli olan odur ki, özünü hakimiyyətə əsas alternativ göstərən qüvvələrin aksiyalarına hər hansı məhdudiyyət qoyulmayıb. Onlar hava şəraitinə görə öz tədbirlərinə ara veriblər. İndi bir kimsənin qeyd olunan ünvanlarda aksiya keçirməsinə hər hansı maneə yoxdur».

Qaldı ki, 200 metrlik məsafə məhdudiyyətinin tətbiqinə, Zahid Oruc qanunvericilikdəki bu məqamların müxalifətin də qoşulduğu çoxtərəfli müzakirələrdən sonra qəbul edildiyini bildirir:

«Aksiyalarla bağlı kvota məsələsi əvvəllər 300 metr göstərilirdi. Biz bu məsafənin daha 100 metr yaxınlaşdırılmasını qəbul edəndə, 2005-2010-cu il parlamentdə olan müxalifət partiyaları bununla razılaşmışdılar. Fikirləşirəm ki, indiki gerçəklikdə hər bir ölkənin vətəndaş -dövlət münasibətlərinin tənzimlənməsi ilə bağlı özünün fərqli yolları var. Norveç qanunvericiliyini Azərbaycana tətbiq etmək yanlış olardı».

Mirəli Hüseynov isə deyir ki, onların bu təklifləri nəzərə alınarsa, bu Azərbaycanı sərbəst toplaşma azadlığı ilə bağlı beynəlxalq qınaqlardan xilas edə bilər.
XS
SM
MD
LG