Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11

Ramil Usubovun hesabatı: Döymürük, işgəncə vermirik, qanunsuz axtarış aparmırıq


Ramil Usubov

Ramil Usubov

-
Yanvarın 28-də Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib. İclas 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov vurğulayıb ki, ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi kursunun uğurlu inkişafı, onun yenidən dövlət başçısı seçilməsi ilə əlamətdar olub. Ölkə həyatının bütün sahələrində müsbət nəticələr əldə edilib, o cümlədən davamlı şəkildə həyata keçirilən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan sabitlik və daxili təhlükəsizlik etibarlı qorunub.

CİNAYƏTLƏRİN SAYI AZALIB

Qeyd olunub ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub, vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyib.

Daxili işlər naziri deyib ki, bütün dövlət orqanları üzrə 22.891 cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olmuşdur. Profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara operativ reaksiya verilməsi məqsədilə, ötən ilin ilk günlərindən etibarən sistemli şəkildə həyata keçirilən təşkilati-praktiki tədbirlər - əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını təmin etmiş, cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirib. Belə ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər azalaraq 20.465 fakt təşkil edib. Cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil etmişdir. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət “isti izlərlə” açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

102 XİDMƏTİ

Cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının əhəmiyyəti də böyük olub. Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınmış, habelə 2764 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 105 cinayət açılıb, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 121 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılıb, axtarılan 1264 şəxs müəyyən edilib.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Müxtəlif cinayətlər törətmiş 12.361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilib.

760 CİNAYƏTKAR QRUP ZƏRƏRSİZLƏŞDİRİLİB

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əskinas çıxarılıb.

619 KQ NARKOTİK VASİTƏ DÖVRİYYƏDƏN ÇIXARILIB

Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677 fakt aşkarlanıb, 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən 619 kq narkotik vasitə çıxarılıb, 65,1 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Həmçinin, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə - ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilib, habelə bu əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

1.245.677 ƏDƏD NƏQLİYYAT VASİTƏSİ

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib. Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb.

Yol hərəkətinə nəzarət prosesində hesabat dövründə 2012-ci illə müqayisədə 40 faiz çox və ya 1.429.781 müvafiq inzibati xəta müəyyən edilib. Şüşələrinə pərdə və plyonka çəkilmiş 10.578 avtomobil, avtoxuliqanlığa görə 703 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. Xətaların 11,8 faizi (168.197-si) avtomatik rejimdə işləyən foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilib.

4130 NƏFƏR HƏBS OLUNUB

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci illə müqayisədə 29 faiz çox və ya 1.452.461 protokol tərtib olunub, nəticədə 1.347.617 nəfər cərimələnib, 4130 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 41.495 şəxsə xəbərdarlıq edilib.

Hesabat ilində vətəndaşlardan Nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olmuş, onların yalnız 3 faizini polis əməkdaşlarından şikayətlər təşkil etmişdir.

Polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib.

RAMİL USUBOV İLHAM ƏLİYEVİ ƏMİN EDİB Kİ...

Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkənin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır.

Nazir, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, qarşıya qoyulmuş məsul tapşırıqları 2014-cü ildə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG