Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:53
-
AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib:

1. Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

2. Rəsulzadənin bu günün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?

««AZƏRBAYCAN» KƏLMƏSİNİ TARİXƏ HƏKK ETMİŞ İNSAN»

Aydın Balayev - Azərbaycan

1.
Öz kimliyini, haradan gəlib hara getdiyini belə dərk etməyən türk və qismən də İran mənşəli etnik qrupların Azərbaycan ərazisində məskunlaşmış dağınıq tör-töküntülərindən vahid millət formalaşdırmağa çalışmış, onlara milli dövlət bəxş etmiş və «Azərbaycan» kəlməsini tarixdə ilk dəfə olaraq dünyanın siyasi xəritəsinə həkk etmiş bir insan.

«ƏN MÖHTƏŞƏM ABİDƏNİ O ÖZÜ-ÖZÜNƏ UCALDIB!»

2.
Heç şübhəsiz, M.Ə. Rəsulzadənin bu günün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş sözlər onunla bağlı olardı ki, taleyin amansız sınaqlarına baxmayaraq, onun və silahdaşlarının bütün həyatları boyu uğrunda mübarizə apardıqları və bu çətin mücadilədə həm uğurların sevincini, həm də uğursuzluqların acısını daddıqları başlıca amalları – Azərbaycanın müstəqilliyi hər halda reallaşmışdır. «Bacımın gəlinliyi, şəhidimin son örtüyü olan» o müqəddəs üçrəngli bayraq 70 illik məhrumiyyətlərdən sonra yenə də Vətən göylərini bəzəməkdədir. Və çətin ki, kimsə, nə vaxtsa M.Ə.Rəsulzadəyə müstəqil Azərbaycan dövləti və onun üçrəngli bayrağından daha möhtəşəm abidə ucaltmaq iqtidarında olsun.
Aydın Balayev

Aydın Balayev


«RƏSULZADƏ-ELÇİBƏY YOLU OLA BİLMƏZ!»

M.Ə.Rəsulzadənin ən acı sözlərinin ünvanı isə, ilk baxışdan nə qədər parodoksal görünsə də, onun bugünkü «davamçıları» və «varisləri» olardı. ​Çünki məhz sonuncular Rəsulzadənin adından və irsindən öz cılız siyasi intriqaları və bazarlıqlarında sipər kimi istifadə etməklə son 20 ildə onun nüfuzuna ən ağır zərbələri endirmişlər.
Düşünürəm ki, Məmməd Əmin bəy ən çox həmin «varislərin» gündəmə gətirdikləri və mənasını özlərinin də bu günədək izah edə bilmədikləri «Rəsulzadə-Elçibəy yolu» ifadəsindən üzülərdi. Belə ki, Əli-Ömər, Hüseyn-Yezid, İsa-İuda yolu olmadığı kimi, Rəsulzadə-Elçibəy yolu da ola bilməz. Bu sadəcə nonsensdir.

«MÜSAVAT»I FAN-KLUBA ÇEVİRDİNİZ?!»

Sonda isə Rəsulzadə yəqin ki, ötən əsrin əvvəlində yaratdığı partiyanın bu gün adını daşıyan (təəssüf ki, yalnız adını daşıyan) təşkilatın rəhbərlərinə üzünü tutaraq deyərdi: «Mənim min bir əziyyətlə məhdud saylı gizli bir qrupdan ümummilli kütləvi partiyaya çevirdiyim «Müsavat»ı siz qısa bir zaman kəsiyində İsa Qəmbər pərəstişkarlarının fan-klubu səviyyəsinə endirməyi bacardınız. Əhsən sizlərə!».
Çingiz Hüseynov

Çingiz Hüseynov


«MİLLƏTİNİ TANIMADI…»

Çingiz Hüseynov - Rusiya

1.
Məhəmməd Əmin müasir Azərbaycanın rəmzidir, simvoludur, xalqımızın birincilər sırasında olan uzaqgörən şəxslərdəndir.

2. Məhəmməd Əmin ən xoş sözünü uzun illər boyu görmədiyi xalqına tutub: Bizim yolumuzu davam etmək sizlərə qismət olmuşdur! – deyərdi.
Ən acı sözü isə... – kimə desin? Xalqını duysa da, onu daima qəlbində yaşatsa da, düzü, millətini tanımadı, amma hakimiyyətin keşiyində duran birisı onu tanıdı, dili əsə-əsə, qorxu içində dərhal Dəniz kənarına xəbər verdi ki, ay aman, Məmməd Əmin dirçəlib, başını yeyin – rədd olsun, ittihamlarından yaxamızı qurtaraq!...

Vilayət Quliyev

Vilayət Quliyev

SƏHVLƏRİMİZƏ ÜZÜLƏRDİ...

Vilayət Quliyev - (Azərbaycanın Macarıstandakı səfiri)


1. Milli dövlətçilik ideologiyasının banilərindən və Azərbaycan Cümhuriyyətinin qurucularından biri, həqiqi Azərbaycan vətənpərvəri.

2. Bir dəfə yüksələn üçrəngli bayrağımızın enmədiyinə, dövlətimizin yaşadığına görə sevinərdi.

Qarabağı düşmənə təslim etdiyimizə, Azərbaycanın torpaq bütünlüyünü qoruya bilmədiyimizə görə və digər səhvlərimizə üzülərdi.

Sorğu həftə boyu davam edəcək

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG