Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:51

Paulo Coelho: "Doğulmağımdan sonrakı anlar yadımdadır. Amma heç kəs inanmır"


Paulo Coelho

Paulo Coelho

-

Populyar yazıçı Paulo Coelho, 66 yaşında, vətəni Braziliya ilə abstrakt bağlılığından, hippilikdən ayrılmağından, tanımadığı adamlarla kofe içməsindən danışır.


Yazmaq - paylaşmaq deməkdir. Nələrisə paylaşmaq, fikirlərini, ideyalarını, rəyini bölüşmək istəyi insaniyyətə xas bir cəhətdir. Lap erkən yaşlarımdan özümçün kəşf eləmişdim ki, mənim üçün ünsiyyətin ən münasib yolu yazmaqdır. Amma özümü bu işə həsr etmək zərurətini yalnız illər keçəndən sonra anladım.

Doğulmağımdan sonrakı anlar da yadımdadır. İçəri kimsə girdi və mən öz-özümə dedim: "Bu mənim nənəmdir". Heç kəs inanmır mənə. Həkimlərdən də soruşmuşam ki, belə bir şey mümkündürmü? Onların cavabı həmişə "yox" olub. Amma mən həmin gün gördüklərimi həqiqətən də xatırlayıram.

Yazmaq - özünə qapanmaq deməkdir. Mən sınamalara çox inanıram. Əgər yazdığım kitabı bitirməmiş onun haqqında danışsam, yaxud adını ucadan desəm, yazmaq üçün lazım olan enerjinin tükəndiyini hiss edəcəyəm. Bu, elə bir məhrəm məsələdir ki, onu hətta həyat yoldaşımla da bölüşmürəm.

Mənim Braziliya ilə bağlantım çox abstraktdır. Qanım Braziliya qanıdır, düşüncə tərzim də. Vəssalam. Keçmişimə qayıtmağa meylli birisi deyiləm. Düzdür, Braziliyada mənzilim var, amma orda nadir hallarda oluram. Mən gedəndə birdəfəlik gedirəm.

Çox pul qazanmışam. Əlbəttə, Cenevrənin qışında (Koelyo indi orada yaşayır - red) paltonun əlasını geymək yaxşıdır, amma məndə belə bir hissiyyat var ki, həmişə varlı olmuşam. Ən çox zövq aldığım şeylərə elə varlı olmadığım vaxtlarda da imkanım çatıb. Səyahət etmək, ox atmaq, yazmaq və mütaliə etmək elə də bahalı məşğuliyyətlər deyil.

Taleyimin məndən asılığı var, aqibətiminsə yox. Tale o deməkdir ki, sənin sağa, yaxud sola dönmək seçimin var. Aqibət isə döngəsiz yoldur. Mən əminəm ki, bizim hamımızın seçim edib öz taleyimizin axarını müəyyən etmək imkanımız var. Amma aqibətimiz alın yazımızdır.

Çox adamı zəhmim basır. Onların mənim məşhurluğuma reaksiyası iki cür olur: ya özlərini çox utancaq aparırlar və mən məcbur olub dayanmadan danışmalı oluram, bu da məndən ötrü çox darıxdıcıdır, ya da hansısa gurultulu adlar çəkməyə, necə zəngin olduqlarından dəm vurub lovğalanmağa başlayırlar.

Hippilikdən ayrılmağıma təəssüflənmirəm. Düzdür, bunun kefini də çıxarmışam, beş-üç manatla dünya səyahətinə də çıxmışam. Amma mən o həyat tərzinə ömürlük davam edə, yer üzünü daim hallı vəziyyətdə gəzib dolaşa bizlməzdim.

İnsanlar təbiətən monoqam deyillər. Bu, insan nəslinin qorunması zərurəti ilə bağlıdır. Amma mənim nikaha inamım böyükdür. 34 ildir ki evliyəm. Mənim həyatımda ən mühüm dəyər - sevgidir.

Hirsli vaxtlarımda reaksiyam vəhşi heyvan kimi ola bilər. Bu, Latın temperamentimlə bağlıdır. Ovqatım təlx olubsa, bunu mütləq hiss edəcəksiniz. Məndən çox pis siyasətçi çıxardı, çünki daim düşündüyümü deyirəm.

Bir çox insanlarda vampirliyə meyl var. Halbuki qocalma prosesinə qarşı mübarizə aparmağın xeyri yoxdur. Mən xoşbəxtəm ki, cavanlıqda ölməmişəm və ağrı-acısız qocalıram. Mən bundan həzz alıram.

Boş vaxtım çox olur. Belə bir təsəvvür var ki, əgər sən yazıçı kimi uğur qazanmısansa, deməli başını qaşımağa vaxtın yoxdur. Məndə belə deyil. Mənim gəzməyə də, tanımadığım adamlarla kofe içməyə də nə qədər desən vaxtım olur.

Mən ən ucqar kitab dükanlarına yalnız ona görə baş çəkirəm ki, görüm hələ də satışda kitablarım varmı?

www.theguardian.com
Tərcümə: R.Qəmbərov

Günün bütün mövzuları

XS
SM
MD
LG