Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:52
-
Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin «Rast» simfonik muğamı əsasında səhnələşdirilmiş eyniadlı baletin premyerası olacaq.

Teatrın mətbuat xidmətinin yaydığı xəbərə görə, ikipərdəli balet tamaşasının süjeti Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulub.

Tamaşada teatrın aparıcı solistlərinin ifasında muğam parçaları da səslənəcək.

Baletə xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva quruluş verib.
Libretto müəllifi Əjdər Hacıyev, quruluşçu rəssamı xalq rəssamı Rafis İsmayılovdur.

Xalq artisti, professor Yalçın Adıgözəlovun idarə edəcəyi tamaşada əsas partiyaları xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, əməkdar artist Yelena Skomoroşenko və aparıcı solist Anar Mikayılov ifa edəcəklər.

Mətbuat xidməti bu fikirdədir ki, maestro Niyazinin yaradıcılığına məxsus ən dəyərli musiqi əsərlərindən olan «Rast» simfonik muğamı əsasında muğam-baletin yaranması ölməz sənətkarın zəngin musiqi irsinin təbliğinə böyük töhfə olacaq.
Niyazi «Rast» simfonik muğamını 1949-cu ildə bəstələyib.
İlk simfonik muğamlar 1948-ci ildə Fikrət Əmirovun yazdığı «Şur» və «Kürd-ovşarı» sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG