Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:41

«Əli İnsanov narazı elektoratın lideri ola bilər»


Əli İnsanov
Əli İnsanov
-
KREDİTLƏR KİMƏ DÜŞƏRLİDİR?

“Bizim Yol” qəzeti İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlunun kreditlərlə bağlı yazısını dərc edib. İqtisadçı Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi qaydaları”na dair yaydığı son məlumata diqqət çəkir.

Qubad İbadoğlu
Qubad İbadoğlu
“...Son zamanlar ailə büdcəsini idarə etməkdə çətinlik çəkənlərlə yanaşı özgəsinin hesabına zəngin yaşamaq üçün banklara və qeyri-bank kredit təşkilatlarına müraciət edənlərin sayı artmaqdadır. Hətta bəziləri özünün doğum gününü qeyd etmək, xaricə istirahətə getmək üçün də bahalı kreditlərə müraciət edir. Artıq bəzi banklar yenidən maliyyələşdirmə adı altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli şərtlərlə kreditlər vəd edirlər, borclarını qaytara bilməyənlər isə başqa banklara və şəxslərə olan borlarını qaytarmaq üçün onlara üz tuturlar... Təbii ki, bu halda Mərkəzi Bankda yaranmış narahatlığı başa düşmək lazımdır. Həqiqətən də əsasən qısamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda risklər getdikcə artır və kütləviləşir. Əslində belə təminatsız kreditlər daha əsaslı və uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalarına istinadən ayrılmalıdır”.

DAVOS GÖRÜŞLƏRİ

“AzərTAC” Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakından yazır. Yanvarın 23-də forum çərçivəsində “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiya keçirilib. İlham Əliyev deyib ki, Azərbaycan üçün əsas prioritet nəhəng enerji layihələrinin icrasıdır:

İlham Əliyev
İlham Əliyev
“Mən ötən ay icrasına başladığımız “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Layihəyə əsasən, iki qaz boru kəməri inşa ediləcək - biri Türkiyə ərazisindən, digəri isə Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcək. Biri Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaq... Daha bir vacib layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsidir. Bu, Avropa və Asiyanı birləşdirəcək layihədir və yeni “İpək yolu” hesab olunur. İnşaat işləri davam etməkdədir. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcəkdir. Yəni bu həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu deməkdir. Xüsusilə əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı vardır. Beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il ərzində aparıcı istiqamətlər ola bilər.

YENƏ DƏ HƏMİN DALĞA, HƏMİN KOORDİNAT

Bunu “Azərbaycan” qəzeti “Human Rights Watch” təşkilatının hesabatıyla bağlı yazır. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edib ki, 2013-cü il üzrə dünyanın 90-a yaxın ölkəsində guya insan hüquq və azadlıqlarını dəyərləndirən təşkilat budəfəki hesabatında da Azərbaycanda ifadə, sərbəst toplaşma azadlıqları ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamlar yer alır:

Aydın Mirzəzadə
Aydın Mirzəzadə
“Hesabatda Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistlərin tutulduğu, bir neçə dinc ictimai nümayişlərin dağıdıldığı iddia edilir. Təşkilatın müdafiə etdiyi “siyasi fəallara” qarşı ittihamların məhkəmə prosesində öz təsdiqini tapdığına, onların Azərbaycan qanunlarına qarşı bilərəkdən hörmətsizliyi faktının mövcudluğuna isə “Human Rights Watch” göz yumur və hesabatında yada salmır. Tənqidi əhval-ruhiyyəli jurnalistlərin isə açıq şəkildə hökuməti tənqid etdiyi və hətta dövlət hesabına tikilən binadan mənzil alması isə xarici QHT-ni qətiyyən maraqlandırmır”.

TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU VƏ DÜŞMƏNİ

“Azadlıq” qəzetində Elnur Astanbəyli Azərbaycan və Türkiyənin ortaq dost və düşmənləri barədə yazır. Müəllifin fikrincə, iki ölkənin ortaq dostları korrupsiya, repressiya, iqtidarların siyasi leksikonu, siyasi məhbus məsələsidir.

“Deyəcəksiniz ki, bəs ortaq düşmənlərimiz yoxdur?
Niyə yoxdur, var, həm də bəs deyincə:
Çağdaşlıq.
Azadlıq.
Demokratiya.
Bilgi. Təhsil.
Sorğulamağı, hesab istəməyi, tənqid etməyi sevən hər kəs.
Azad qələm. Özgür düşüncə. Fərqli fikir.
Sonda arzu edək ki, birgə “dost-düşmən tanıma” sistemi hamımıza xeyirli-uğurlu olsun.
Gün o gün olsun, “halal-haram tanıma”, ?ünsür-anti-milli ünsür tanıma" sistemlərimiz də olsun.
“Amin” deməyən dillər qurusun...

“ƏLİ İNSANOV NARAZI ELEKTORATIN LİDERİ OLA BİLƏR”

“Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğlu “Yeni Müsavat” qəzetinə deyib ki, Keçmiş səhiyyə naziri Əli İnsanovun narazı elektoratın liderlərindən birinə çevrilməsi şansı yüksəkdir. M.İsmayıloğlunun fikrincə, Ə.İnsanovun saxta ittihamlarla həbs olunması cəmiyyətin ona olan diqqətini daha da artırır:

“Azərbaycan sosial, siyasi, iqtisadi problemləri olan ölkədir. Bu ölkədə narazılığın ortalığa çıxması üçün istənilən şərtlər kömək edir. Yəni birbaşa, dolayısı ilə, hətta bəzən dolayısı ilə şərtlər daha çox səbəb olur. Bu baxımdan təbii ki, Əli İnsanov bu partiyanın, bu hakimiyyətin formalaşmağında çox böyük xidmətləri olan adamdır. Bir o qədər səbəbləri cəmiyyətə deyilmədən vurulan bir şəxsdir... Yəni siz təsəvvür edin ki, 2005-ci ilin oktyabrında - Əli İnsanov həbs edilən gün - Sevil Əliyevanın bir müsahibəsi yayılmışdı. Orda deyirdi ki, o zaman atamı bir nəfər evinə dəvət elədi, dedi ki, gəlin Bakıya, heç nədən çəkinməyin. Eviniz yoxdursa, mənim evimdə qalarsınız. Yəni vurulan insan belə bir insandır. O da bəllidir ki, Əli İnsanov siyasi mövqeyinə görə yox, hakimiyyət daxilində gedən ziddiyyətlərin qurbanı olubdur. Bir klan o biri klan üzərində mövqeyini möhkəmləndirib. Belə bir vaxtda Avropa İnsan Haqları Məhkəməsi Əli İnsanovun həbsdən azad olunması tələbini qəti şəkildə qoyub. Bu adam artıq bir ilə yaxındır ki, qeyri-qanuni olaraq həbsdə saxlanılır. Onun həbsdə saxlanılması hakimiyyətin ona qarşı qəzəbinin nəticəsidir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG