Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

Çirkli arx suyu içən, ağacdan elektrik dirəyi düzəldən Çinarlılar...


Çinarlı kəndi

Çinarlı kəndi

-
Əkin sahələrinin içindən uzanan yollar Şəmkirin mərkəzinin lap yaxınlığındakı Çinarlı kəndinə aparır. Əksəriyyəti saman və çiy kərpicdən tikilmiş birmərtəbəli evlərin həyət-bacası kəndlinin gün güzəranını təsvir edir. Hansı qapıya baxsan bel, yaba, oraq var.

Lakin bu kəndin sosial vəziyyətini göstərən başqa məqamlar da var. Məsələn, hər evin qarşısında arabaya qoşqu edilmiş su vannaları görünür.

“BAX O SU İÇİLƏRMİ?”

Çinarlı kəndi

Çinarlı kəndi

Arxın üzərindən krant çəkmiş sakin Vəzifə Abbasova deyir ki, bu kəndin sakinləri çirkli su içməyə məhkum edilib:

“Su gəlmir bax o su içilərmi? Yüz dəfə gedib şikayət edirik. Arteziandan da vermirlər. Zülm çəkirik”.

Kəndin qadınları danışırlar ki, onlar üçün hər gün iş 3 kilometrlik yolu qət edib qonşu kənddən su daşımaqla başlayır. Gətirdikləri artezian suyundan həm içirlər, həm də məişətdə istifadə edirlər. Kim həmin sudan gətirə bilmirsə, elə məcbur qalıb çirkli sudan istifadə edir:

“2 artezianın pulunu hökumət ödəyib, çəkməyiblər. Birini çəkiblər, yarımçıq qalıb. İçmək suyunu arteziandan yuxarı kənddən gedib gətirirk. Butulkalarla, qablarla gətiririk. Bu da suvarma suyudur. Taxıla, kartofa istifadə edirik”.

ALMANLAR ÇƏKƏN KƏHRİZLƏR SIRADAN ÇIXIB

Çinarlı kəndi sovetlər dönəmində Leninin adını daşıyıb. Bu kənddə almanlar yaşayıb və həmin dövrlər onlar kəhrizlər çəkiblər. Lakin son illər kəhrizlər yararsız hala düşüb. İndi bu kəndə əsasən Gədəbəyin tərəkəmə həyat tərzi keçirən sakinləri yerləşib. Kəndin kənarlarında Kəlbəcərdən məcburi köçkün düşənlər məskunlaşıb.

Sahilə

Sahilə

Məcburi köçkün Sahilə:

“Əl arabasıyla gedib su gətiririk. Bir də görürsən 100 litr su gətirməli oluruq. Onunla da bilmirik paltar yuyaq, qab yuyaq, yoxsa yuyunaq? Krantlarımız işləmir. Artezianın şəklin vurublar. Əlimizə araba alırıq qaçqınlardan su gətiririk. (Yaxınlqda su olan qonşu kəndə bitişik evlər var, orada köçkünlər məskunlaşıb -GR)”

MEYVƏ AĞACLARINA BƏRKİDİLMİŞ ENERJİ XƏTLƏRİ...

Kəndin su ilə yanaşı daha bir dərdi, qorxusu var. Hörümçək toruna bənzər məftillər evlərin yaxınlığındakı ağaclara bərkidilib. Bir neçə dəfə xətlərdəki enerji mal-qaranı öldürüb.

YERDƏ QALAN BETON DİRƏKLƏR

Şahin

Şahin

Sakin Şahin:

“10 aydır bu dirəkləri basdırıblar. Amma xətti çəkən yoxdur. İşığı, baxın, ağacların içindən çəkmişik. Dirəyi basırdılar, yarısı yerdədir. Xətt bir dəfə qırıldı, heyvanı öldürdü, yaxşı ki uşağı vurmadı. İcra hakimiyyətinə deyirik, deyir ölən olsa, gəlib baş sağlığı verəcəyik.
Suyu 5 kilometr uzaqdan gedib qadınlar gətirirlər. Problem çoxdur, həll edən də yoxdur. 2 “parnik” var, Muxtariyyədə. Orada artezian da var, qaz da çəkilib. Nə yaxşı ora çəkilir, bura yox?”

QONŞU KƏNDƏ GEDƏN MƏKTƏBLİLƏR

Kənddə məktəb binası da yoxdur. Hər gün sürətli maşınların keçdiyi Şəmkir Gəncə şosesini uşaqlar qorxuyla keçib məktəbə gedirlər.

Çinarlı kəndi

Çinarlı kəndi

“Şikayət edirik baxan yoxdur. Hər bir ağacın başından bir işıq çəkmişik. Məktəbimiz yoxdur. 2 yol keçib məktəbə gedirlər, neçə dəfə maşın vurub”.

Şəmkir rayon Su İdarəsinin rəisi Mehman Kərimov deyir ki, ötən ilin sonu artezian qazılıb və yaxın günlərdə digər tamamlama işləri də başa çatacaq və bu kənd su ilə təmin ediləcək.

“İndiyədək kənddə kəhrizlər olub. Amma indi artezian var və biri də qazılacaq. Yaxın 1 həftə ərzində istifadəyə veriləcək”.

İŞIQ DA OLACAQ, SAYĞAC DA....

O ki, qaldı meyvə ağaclarına bərkidilən enerji xətlərinə, görək bu rayonun Elektrik şəbəkəsində nə deyirlər? Şəbəkənin direktoru Səxavət Məhərrəmov deyir ki, yaxın 6 ay ərzində nəyinki yeni dirəklər, hətta xətlər olcaq. Bununla yanaşı hər bir sakinin evinə SMART kart tipli sayğaclar qoyulacaq.

İlk olaraq Şəmkirin Seyfəli və Çinarlı kəndi sayğacla təmin olunacaq. Səxavət Məhərrəmovun deməsinə görə, təkcə Çinarlı kəndində 2 mindən çox abonent var.

Çinarlı kəndinin əli qabarlı sakinləri isə hələ bir müddət daha çirkli sularla paltar yumalı, əkin sulamalı, qız-gəlinlər kilometlrələ yol qət edib su daşımalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG