Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

Şıxlar kəndinin sakinləri aksiya keçirməklə şikayətlərini çatdırmaq istədilər...


Sakinlər Bakı-Astara yolunu bağlayıblar

Sakinlər Bakı-Astara yolunu bağlayıblar

-
Yanvarın 21-də Masallı rayonunun Şıxlar kəndinin sakinləri Bakı-Astara yolunu bağlayıblar. Bundan əvvəl isə onlar rayon icra hakimiyyətinin qarşısına gediblər.

ŞIXLAR KƏNDİNİN SAKİNLƏRİNİ NARAZI SALAN NƏ OLUB?

AzadlıqRadiosunun müxbiri adıçəkilən kənddə olub, insanların narazılıqlarının səbəblərini araşdırıb.

Hadisə yerində olan müxbirimizin eşitdiyinə görə, adamların narazılığına bir gün əvvəl kənddə baş verən soyğunçuluq hadisəsi səbəb olub. Kənd sakini Gülsura Baxışovanın dedikləri:

«Gəlinimiz toydan evə gəlib, gedib təndirxana dediyimiz yer var, ordan təzək gətirib ki, peçi qalasın. Birdən 3 nəfər maskalı əllərində ağac ona hücum edərək boyun-boğazındakı bütün qızılları dartıb, qırıb aparıblar. Elə bil, gəlinin boğazına bıçaq çəkilib. 7 yaşlı qızı hay-küy salmasaydı onu öldürəcəklərmiş».

Gülsura Baxışova deyir ki, bundan əvvəl də kəndlərində mal-heyvan oğurluğu, ev yandırılması ilə bağlı çoxsaylı hadisələr olub. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarının, rayon icra hakimiyyətinin lazımı tədbirlər görməməsi sakinlərin narazılığına səbəb olub.

«QOYUN OĞURLUĞU, MAL OĞURLUQLARI OLUB, PUL ALIB ÜSTÜNÜ ÖRTÜBLƏR...»

Gülsüm Baxışovanın dediyinə görə, icra hakimiyyətində kənd sakinlərini qəbul etmədiklərindən onlar Bakı-Astara yolunu bağlamaqla baş verənlərə öz etirazlarını bildiriblər:

«Qoyun oğurluğu, mal oğurluqları olub, pul alıb üstünü örtüblər. Bir ev yandırılıb, hücum olunub. Qadına hücum edib boynundakı zinət əşyalarını aparırlar, amma araşdıran yoxdur».

Foto: Arxiv

Foto: Arxiv

İki ay əvvəl - dekabrın 5-də evlərinin yandığını deyən Gülsura Baxışova deyir ki, polis rəisi hadisə baş verən günü gəlsə də, sonradan onlara işin nə yerdə olduğu barədə məlumat verən olmayıb:

«Gedirik polis rəisinin yanına, deyir ki, filankəslə mənim aram yoxdur, yəqin sizi o göndərib. Ay rəis, sən işə gəlmisən, yoxsa intriqa aparmağa».

«ELƏ BİLİRLƏR, KABİNETDƏ OTURMAQLA İŞLƏRİ BİTİR»

Sakinlərdən Şükür Baxışov da baş verənlərdən narahat olduqlarını deyir:

«Demək olar ki, bizim kənddə baş verənlərə polis baxmır, araşdırmır. Onlar maaş alırlar, gəlib sakinlərin təhlükəsizliyini təmin eləməlidirlər. Elə bilirlər, kabinetdə oturmaqla işləri bitir. Adamları qoymurlar sakit yerində otura. İş yerləri yoxdur, kəndin 50 faizə qədəri Rusiyadadır. İcra hakimiyyəti rayonda nə iş görür, bilinmir. Əvvəllər rayon rəhbərləri təsərrüftalara baş çəkirdilər, gecə saatlarında ayrı-ayrı yerlərə yoxlamalara gedirdilər. Hərəsi bir tərəfdə kefin çəkir, əhali tamamilə yaddan çıxıb».

POLİSİN MÖVQEYİ...

Bu məsələ ilə bağlı Masallı rayon Polis Şöbəsinin rəisi Nəriman İmranovla əlaqə saxladıq. O, artıq bu barədə mətbuata açıqlama verildiyini bildirərək, bizə də elə həmin məlumatlardan istifadə etməyi tövsiyə etdi.

Masallı Polis Şöbəsindən yayılan məlumatlarda qeyd edilir ki, Şıxlardakı yanğın hadisəsi ilə bağlı sənədlər araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub bürosuna göndərilib. Polis yanğın hadisəsinin istintaq-əməliyyat qrupu tərəfindən araşdırıldığını bildirir. Qeyd olunur ki, ekspertiza hadisədə cinayət əməlinin olduğunu üzə çıxarsa, polis araşdırmalara başlayacaq. Şıxlar kəndi

Şıxlar kəndi

Qaldı ki, kənd sakinlərinin narazılığına səbəb olan oğurluq hadisələrinə, rayon polisi bildirir ki, bu işlərlə bağlı tam ciddiyyətlə araşdırmalar aparılır.

«10-15 NƏFƏR QOHUM-ƏQRABA GƏLMİŞDİ Kİ...»

Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nəsir Muxtarlı da kənd sakinlərinin yanvarın 21-də icra hakimiyyətinə gəldiklərini təsdiqləyir. Müavin deyir ki, gələnlərin şikayəti iki ay əvvəl Şıxlar kəndində yanan evlə bağlı olub.

«İki ay əvvəl o kənddə bir ev yanıb. 10-15 nəfər qohum-əqraba gəlmişdi ki, onların bu işinə daha sürətlə baxılsın. Ev sakinləri hesab edirlər ki, evi kimsə yandırıb. Bundan başqa həmin kəndlə bağlı araşdırmalar aparılıb. Biz dünən araşdırdıq, məlum oldu ki, həmin kənddə iki oğurluq hadisəsi baş verib. Hər iki hadisə ilə bağlı da polis araşdırmalar aparır. Belə bir məlumat var ki, kiminsə evindən qızıl boyunbağı aparılıb və bunu da polis araşdırır. Nəticə olan kimi məlumat veriləcək».

Nəsir Muxtarlı rayonda baş verən xırda hadisələrin şişirdilərək cəmiyyətə təqdim olunduğunu bildirir. Deyir ki, icra başçısı təkcə Şıxlar kəndində deyil, bütün rayondakı cinayət hadisələrinin tez bir zamanda araşdırılmasını və operativ reaksiya verilməsini tapşırıb.
XS
SM
MD
LG