Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

Avropa İttifaqı Erdogan-ı kəskin tənqid etdi


Tayyip Erdogan və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy.
Tayyip Erdogan və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy.

Erdogan Türkiyə ədliyyəsi və polisi üzərinə təqiblərə görə Avropa İttifaqı liderləri tərəfindən sərt tənqid edilib.

Son beş ildə Brüsselə ilk dəfə səfər edən Recep Tayyip Erdogan Türkiyə ədliyyəsi və polisi üzərinə təqiblərə görə Avropa İttifaqı liderləri tərəfindən sərt tənqid edilib.

Reuters agentliyi xəbər verir ki, Türkiyədə son vaxtlar baş verən siyasi böhran Ankaranın Avropa İttifaqına üzvlüyünə dair danışqılarının dalana dirəndiyi zamana təsadüf edir.

Avropa Şurasının prezidenti Herman Van Rompuy Türkiyə ədliyyəsinin normal fəaliyyətinə mane olmamağa çağırıb.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso isə cənab Erdogan-la birgə keçirdiyi mətbuat konfransında deyib ki, qanunun aliliyinə hörmət və ədliyyənin müstəqilliyi Avropa İttifaqına üvzlük üçün zəruri şərtlərdir.

Ədalət yoxsa demokratiya?

Erdogan Brüsseldə nisbətən mülayim səslənsə də, Avropaya məsləhət görüb ki, tənqid və problemlər media vasitəsilə yox, müvafiq nazirliklər arasında müzakirə edilsin.

Kəskin tənqidinə baxmayaraq, cənab Barroso deyib ki, Türkiyənin Avropanın nigarançılığına tezliklə son qoyacağına inanır.

Yeri gəlmişkən, Türkiyə baş naziri Avropanın “nigarançılığı” ilə bağlı öz nigarançılığını da diqqətə yetirməyi unutmayıb.

“Əgər biz ədliyyəni ayrıca hakimiyyət hesab etsək, onda bu demokratiya yox, ədliyyənin hakimiyyəti olacaq” – deyib cənab Erdogan.

Lazım gəlsə, Ankara başqa tərəfə baxa bilər

O qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair danışıqlar hazırda düzgün axardadır.

Bununla yanaşı, Erdogan keçmişlərdə etdiyi xəbərdarlığı bir daha dilə gətirib və deyib ki, danışıqlar nəticə verməsə, Türkiyə başqa istiqamətlərə baxmaq məcburiyyətində qala bilər.

Ankara Avropa İttifaqına üzvlük danışqılarına rəsmi müraciətindən 18 il sonra, 2005-ci ildə başlayıb.

Lakin Kipr də daxil olmaqla bir sıra maneələr bu danışıqların uğurlu olmasını əngəlləyib.

Bu da qeyd olunmalıdır ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünə Almaniya və Fransanın mövqeyi də mane olur.

Bununla belə, baş nazir işarə edib ki, hakimlərin və prokurorların təyin edilməsinə dair hakim partiya tərəfindən verilmiş qanun layihəsinə Avropa İttifaqının narahatlıqları mövqeyindən yenidən baxıla bilər.

“Ergenekon”a hökm oxuyan hakim də getdi…

Lakin bu arada hökumət ötən gün daha 96 hakim və prokuroru vəzifələrindən kənar edib.

Bunların arasında istefada olan yüksək rütbəli hərbçiləri on il əvvəl “Ergenokon” adlı işlə əlaqədar məhkum etmiş hakim də var.

Hazırda sözügedən bu ziddiyyətli qanun layihəsi parlamentə təqdim olunub.

Ana müxalifət partiyaları Cumhuriyyət Xalq Partiyası (CHP) və Milli Hərəkat Partiyası (MHP) ədliyyə barədə qanunlara dəyişikliklərə etiraz edirlər.

Müxalifət hesab edir ki, yeni qanun layihəsi konstitusiyaya ziddir.

Erdogan hökumətinin hakim partiyadan istefa vermiş keçmiş mədəniyyət naziri Ertugrul Günay deyib ki, “biz üç il bundan əvvəl islah olunmuş qanunları yenidən dəyişdiririk. Halbuki, bu qanun bir gün sizə lazım ola bilər. Gəlin bu qanunları bugünkü tələblərinizə uyğun dəyişdirməyin”.

Bu qanun layihəsini qanun kimi təsdiq etməli olacaq prezident Abdullah Gül də özünün müəyyən narazılıqlarını bildirib.

Ekspertlər qeyd edirlər ki, Erdogan sözügedən qanun layihəsində israr edərsə, böyük bir ehtimalla Konstitusiya Məhkəməsinə müraciət ediləcək, lakin bu müraciətə baxılan müddətdə hökumət ədliyyə sistemindəki kontingenti tamamilə dəyişməyə macal tapacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG