Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:44
-

Zeyğəm Qəzənfəroviç yaponların iqtisadi vəziyyətləri barədə xeyli danışdıqdan sonra dedi ki, belə sürətli inkişaf imperatorlarına hörmətin nəticəsidir...


Aslan Qəhrəmanlı


ÖLƏNDƏN SONRA VƏSİYYƏT


İstirahət günü olsa da, dayanacaqda çox adam vardı. Solğun üzlü, nimdaş paltarlı adi adamlar sakitcə dayanmışdılar və gəlib çıxmayan avtobusu qibtə ediləcək bir səbirlə gözləyirdilər.

Əllərimi cibimə soxsam da, plaşımın yaxalığını qaldırsam da, qılınc kimi kəsən sazağın qarşısında duruş gətirə bilmir, daha da büzüşürdüm.

Neçə gün idi ki, qar havası vardı, ancaq yağmırdı, bəlkə də qar yağsa, heç belə soyuq olmazdı.

Salehin ölüm xəbərini cəmisi yarım saat bundan qabaq eşitmişdim və inana bilmirdim. Gedib öz gözlərimlə onu tabutda görməsəm, yəqin ki, inanmayacaqdım.

Çünki dünən sappasağ idi, bir-neçə dəfə bəzi kağızlara qol çəkdirmək üçün otağına girmişdim. İclasda da yanaşı oturmuşduq. Onun nə danışığında, nə bənizində heç bir dəyişiklik, daha doğrusu, xoşa gəlməyən bir dəyişiklik yox idi, hər halda nəzərə çarp-mırdı.

O, ümumiyyətlə, ciddi adam idi. Dünən isə hətta bəzən zarafat da edirdi.

Səhər tezdən pilləkəndə rastlaşanda: “Bu qara plaşda lap qaranquşa oxşayırsan, - dedi, sonra canıyananlıqla əlavə elədi, - Soyuqdur, palto gey, xəstələnərsən”. Mən ona cavab vermədim. Paltom çox köhnə olduğundan geyinməyə utanırdım.

İclasdan birlikdə çıxmışdıq. Mən avtobus gözləməliydim, o isə çox da uzaqda olmayan evinə piyada getməliydi. Sonuncu dəfə əllərimi hərarətlə sıxdı. Çox nadir hallarda ayrılanda əl tutuşardıq. Bu dəfə, kim bilir, bəlkə də ürəyinə dammışdı ki, bir daha görüşməyəcəyik.

Deyəsən, hissə qapılıb səhv edirəm. Yəqin ki, onun ürəyinə heç nə dammamışdı. Belə olsaydı, idarədən dayanacağa qədər olan yolda, heç olmazsa, bir kəlmə söz deyərdi. Nə mənim danışmağa həvəsim vardı, nə onun. Və beləcə sonuncu dəfə ayrıldıq. Yox, sonuncu dəfə deyildi. Sonuncu indi olacaqdı.

Adəti üzrə, asta addımlarla neçə illər getdiyi yol ilə gedib evə çatıb, ikinci mərtəbəyə qalxıb, qapısının zəngini basıb və qapı açılanda içəri girməyə macal tapmadan elə oradaca yıxılıb canını tapşırıb. Bunu mənə indicə Mövsüm telefonla danışdı. Yenə sağ olsun, yoxsa xəbər tutmayacaqdım.

Saleh məndən beş yaş böyük olsa da, yaş fərqini hiss etdirmirdi. Yerişi də, danışığı da asta və təmkinliydi, heç vaxt özündən çıxmazdı. Ucadan danışan davakar adamlara səbirlə, hövsələylə qulaq asar, sonra sakitləşdirərdi. Məsələn, belə deyərdi:

- Razıyam səninlə. Filankəs düz iş tutmayıb, bəhmankəs də axmaq adamdır, amma bunları qaraqışqırıq salmadan söyləsəydin, daha tez başa düşülərdi.

İkiqat, qırmızı bir avtobus gəldi. Belə uzun avtobus gəlməsəydi, yəqin minə bilməyəcəkdim. Nisbətən seyrək yerə keçib üzü pəncərəyə tərəf dayandım. Çirkli və hərarətdən tərləmiş pəncərədən küçə, demək olar, görünmürdü.

Amma dünənki iclas qəribə iclas idi: bircə nəfərin monoloqundan ibarət teatr tamaşası. Əvvəlcə monoloqu deyən adamı təzə rəisimiz təqdim elədi və tamaşa bundan sonra başlandı. Əslində, onu təqdim eləməyə heç bir ehtiyac yox idi. Çünki neçə illər bizim idarədə rəis olmuşdu. O bizi yaxşı tanıyırdı, biz də onu. Yenə həmişəki kimi keçmişdən danışdı, gələcəkdən proqnoz verdi, tənqid elədi, hədələdi, özünü təmizə çıxarmağa çalışdı. Əlbəttə, o, nə istəsə danışa bilərdi. Çünki məğlub olub getmişdisə də, indi qalib kimi qayıtmışdı. Müdrik kəlamlar söyləyir, ağzının bir yanı ilə özünəməxsus tərzdə gülümsəyirdi, sifəti də keçən il təsadüfən küçədə gördüyüm kimi bomboz deyildi. Bir az kökəlmişdi də. Doğrudanmı, görəsən, təzə vəzifəyə qoyulduğu bu iki ayda yaxşılaşmışdı?!

Amma monoloqunda fərqli cəhətlər də vardı. Əvvəllər olduğu kimi zarafat eləmirdi, lağa qoymurdu. Ciddiləşmişdi, özünü ağır tuturdu.

O zamanlar isə... Bacarıqlı bir rejissorun idarə etdiyi o tamaşalar məhkəmə iclaslarına bənzəyirdi. Lakin hakim də, ittihamçı da, vəkil də özü olurdu, qalan işçilər hamısı müttəhim idi. Bir də görürdün, qayıtdı ki, bu dünyada ilk dəfə itin quyruğunu kim kəsib və nə üçün kəsib? Cavab ver, görüm, necə verəcəksən! Bir-neçə nəfəri sorğu-suala tutandan, onlara həmin quyruğu kəsik itin abırını verəndən sonra aydınlaşdırırdı:

- Ay savadsızlar, qədimdə Afinada Alkiviada adında sərkərdə olub. O, öz itinin quyruğunu kəsibmiş ki, onun barəsində danışsınlar. Görürsünüzmü, iki min dörd yüz il keçsə də hələ bu barədə danışırıq. Deməli, ən mənasız şeylə də diqqəti cəlb eləyə bilərik. Mən də istəyirəm ki, barəmizdə danışsınlar, ancaq yaxşı şeylər danışsınlar...

Uzundraz avtobus ləngər vura-vura gedirdi. Böyrümdə arıq bir qoca kişi oturmuşdu. Damarları çıxmış əlləri əsirdi. Qarşısındakı dəmirdən tutmuşdusa da, xeyri yox idi. Əlləri əsməyindəydi. Fikirləşirdim ki, görəsən, keçmiş rəisimiz, indi isə daha böyük vəzifəli Zeyğəm Qəzənfər oğlunun da qocalanda əlləri əsəcəkmi? Qocalanda deyirəm, əslində, o, qocaydı, yaşı yetmişi keçmişdi. Üç il əvvəl onu pensiyaya göndərmişdik, indi qayıdıb. And içib aman eləyirdi ki, qisas almaq fikri yoxdur. Amma vəzifəyə keçən kimi Yədullanı çıxartdırdı. Öz yaxın qohumunu rəis qoydurdu. O da təcili olaraq yerdəyişmələr aparır, öz adamlarını ətrafına yığır. Söz gəzirdi ki, Salehi, bizim şöbəmizin müdiri olan rəhmətliyi də çıxaracaqlar. Çıxara bilmədilər, əcəl qapısının kandarında yaxaladı, nəinki vəzifəsi ilə, hətta bu fani dünya ilə üzülüşüb həmişəlik köç elədi haqq dünyasına. Saleh çıxarılacağı barədə heç nə danışmırdı və özünü elə göstərirdi ki, guya bu söz-söhbətin ona qətiyyən dəxli yoxdur.

O zamanlar qəribə hadisələr olurdu, hər bir kəndin dəlisi olan kimi hər idarənin də mütləq qafiyədüzəni olur. Bizim də bir eləsi vardı. Universitetin axşam şöbəsində oxuyurdu, idarəmizin ələk aparıb sac gətirəni - kuryeri idi. Tez-tez deyirdi: “Quryer oldum, quru yerdə qaldım, şeirlərimi çap elətdirsəydim, bir az pul qazanardım”.

... - Zeyğəm Qəzənfər oğlu, sizin üçün bir rekviyem yazmışam.

Rəisin kefi açılardı. Hər bir ixtiyar sahibinin mütləq təlxəyəoxşar bir işçisi olmalıdır.

- Ə, başdanxarab, rekviyem ölənə yazarlar. Bəyəm mən ölmüşəm?

- Allah eləməsin ki, siz öləsiz. Mən bilən rekviyemi əbədi yaşayanlar üçün yazırlar. Siz də ölməzlər siyahısındasınız.

- Nə bilirsən?

- Vəhy gəlib mənə. Çox şey əyan olur. Şeiri də çox asan yazıram. Qələmi qoyuram kağızın üstünə, öz-özünə yazılır...

Keçmiş rəisimizin böyük vəzifəyə təyin edildiyini payızın əvvəllərində eşitdik. Həmişə hər şeyi hamıdan əvvəl bilən Mövsüm qapının arasından başını içəri salıb dedi:

- Bilirsinizmi, Zeyğəm Qəzənfəroviçin baxtı təzədən açılıb.

Qətiyyən ağlabatan deyildi. Onun rəis olduğu dövr hamımızın yaxşı yadındaydı. Hər şey zahirən qaydasında olsa da, idarənin vəziyyəti bərbad idi, rüşvətxorluq, maliyyə fırıldaqları adi bir şeyə çevrilmişdi.

Günlərin birində idarənin təchizat şöbəsini yoxladılar və elə yoxlama vaxtı həmin şöbənin müdiri Mikayıl yoxa çıxdı. Çox şeylər aşkar edildi və ən gözlənilməz hadisə isə anbardan çoxlu silah tapılması idi. Sən demə, Mişa çağırdığımız Mikayıl təxribatçı dəstələrlə əlaqə saxlayırmış. Doğrusu, fil qulağında yatan bizlərin heç ağlına da gəlməzdi ki, dilimizdə bu qədər səlis danışan, and içəndə “Quran haqqı” deyən adam erməni imiş. Axırda bütün günahları qiyabi olaraq, Mişanın boynuna yıxdılar və Zeyğəm Qəzənfər oğlunu da təntənəli surətdə pensiyaya göndərdilər.

Bir müddət hər şey sakitcə öz axarında getdi. Sonra psixiatriya xəstəxanasından çıxan və iş yerinə bərpa edilən Yədullanı rəis təyin etdilər və əslində, o, heç vəzifə-zad istəmirdi. Elə güclə boynuna qoydular ki, müvafiq adam tapana qədər işlə, sonra baxarıq.

Yadımdadır, bir vaxtlar Zeyğəmlə Yədullanın münasibətləri çox kəskinləşmişdi. Rəis başıaşağı və şübhəsiz, qabiliyyətli olan bu adamı hər addımda hörmətdən salmağa çalışırdı.

İclaslardan birində o, belə bir sual verdi:

- Yapon imperatorunun adını kim bilir?

Əlbəttə, heç kim bilmirdi. Zeyğəm Qəzənfəroviç yaponların iqtisadi vəziyyətləri barədə xeyli danışdıqdan sonra dedi ki, belə sürətli inkişaf imperatorlarına hörmətin nəticəsidir. Orada böyüyə, ağsaqqala ehtiram var, yoxsa bizimkilər kimi irəli gedənə şəbədə qoşmurlar. Vəzifə sahibinin üzünə ağ olmaq qəbahət sayılır. İndi fikir verin, bizdə nə olur? Məsələn, dünənin uşağı, bu burnu fırtıqlı Yədulla o gün bir yerdə deyib ki, Zeyğəm yerlipərəstdir. Bəyəm yaponlar belə edər?

Yədulla əlini qaldırdı, yerindən qalxdı, amma rəis ona, əlbəttə, söz vermədi. Dedi ki, sən yapon imperatorunun Xiroxito olduğunu bilmirsən, nə deyəcəksən?

Sonralar demək olar ki, hər iclasda rəis Yədullaya sataşır və çox zaman da cavabını alırdı. Lakin bütün bunlar müəyyən etik münasibətlər çərçivəsində baş verirdi. Bir dəfə isə...

Rəis bəlağətlə danışırdı:

- Yoldaşlar, başa düşmürəm, adam nə qədər abırsız olmalıdır ki, bu qədər tənqiddən özü üçün nəticə çıxarmasın. İşi bacarmırsa, heç olmazsa, çıxıb getməyə özündə cəsarət tapsın. Siz bilirsiniz, kim barədə deyirəm bunları. Belə adamları latınlar Azinus Domestikus adlandırardılar.

O vaxtlar mən belə bir təmtəraqlı adın bədbəxt və dözümlü heyvan olan uzunqulağa məxsus olduğunu bilmirdim. Lakin Yədulla bilirmiş.

Ona görə dərhal qaça-qaça irəli getdi, üzünü rəisə tutub sakitcə:

- Sən özün eşşəksən, - dedi və sonra qayıtdı, yerində oturmayıb iclas salonunu tərk etdi.

Ertəsi gün idarənin qabağında işə gələn Yədullanı qamarlayıb başına torbaya bənzər bir şey keçirdilər, təcili yardımla dəlixanaya apardılar.

Altı aydan sonra qayıdan Yədulla heç vaxt həyatının bu dövrü barədə heç nə danışmırdı. Lakin sir-sifətindən, çallaşmış saçlarından bəlli olurdu ki, çox əziyyət çəkib.

Zeyğəm təzə vəzifəyə təyin olunduğu gündən idarəmizdə gər¬ginlik yarandı və bəziləri açıq-aşkar Yədullanın göstərişlərinin yerinə yetirilməsinə mane olmağa başladılar. Hətta Zeyğəmin yerlilərindən biri deyibmiş ki, sən yaponların imperatorunun adını bilmirsən, mənə nə göstəriş verə bilərsən? Yədulla da ona cavab verib ki, iki-üç ad əzbərləyib hər yerdə onu söyləmək savadlı olmaq deyil. Bundan əlavə, Zeyğəmin adını bildiyi imperator ölüb. Təzəsinin adı isə Akixitodur.

Avtobus dayandı. Böyrümdəki oturacaqlarda yer boşaldı. Əlləri əsən qoca düşdü. İçəri girən, köhnə plaş geymiş gəlin o tərəfə, bu tərəfə boylanıb əyləşdi. Soyuqdan tir-tir əsirdi. Dizinin üstünə qoyduğu rəngi getmiş, içində xırda, xarab kartoflar görünən çantadan ikiəlli yapışmışdı.

“Yazıq sətəlcəm olacaq, - fikirləşdim, - Dava-dərmanın bahalı vaxtında xəstələnmək belə adamlar üçün fəlakətdir”.

Saleh də təxminən elə bu cür demişdi: “Zeyğəmin ixtiyar sahibi olması bizim üçün fəlakətdir”.

Fikirlər başımı elə qatmışdı ki, az qala ötüb geçəcəkdim. Avtobus dayanacaqdan tərpənər-tərpənməz özümü yerə atdım. Yaxşı ki, yıxılmadım.

Səkinin böyründə maşınlar sıralanmışdı. Enli küçənin bir tərəfində xeyli adam yığışmışdı. Nəzərə çarpmaq istəmədən sakitcə onlara yanaşıb dayandım. Düz küçəyə çıxış qapısı taybatay açıq idi. Çox keçmədi ki, oradan üç adam çıxdı. Zeyğəm Qəzənfər oğlu ortada dayanmışdı. Başını qaldırıb ətrafına baxdı, adəti üzrə, ağzının bir tərəfi ilə istehza edirmiş kimi gülümsədi. Küçədəki adamlar çaxnaşdılar. Yanımda dayanmış kirpisifət kişi qolumdan tutdu:

- Kişi səni çağırır.

- Hansı kişi? - Ətrafıma baxdım.

- Zeyğəm Qəzənfəroviç.

Heç cür başa düşə bilmədim ki, indicə sağdış, solduşuyla küçəyə çıxmış Zeyğəm məni çağırdığını hansı rabitə vasitəsiylə bu kirpiyə bənzər kişiyə çatdırıb. Keçmiş rəisimizdən heç bir xeyir gözləməsəm də, tabe olmaqdan başqa əlacım yox idi. Yavaş-yavaş açıq qapıya tərəf irəliləməyə başladım. Adamların arasında çaxnaşma hələ də davam edirdi və gölə daş atılanda əmələ gələn halqavari dalğalar kimi adamlar da Zeyğəmin ətrafında dayanmağa çalışırdılar. Ona görə istənilən qədər yaxınlaşa bilmədim. Qarşıdakı adamları aralayıb irəli keçmək yaxşı düşməzdi.

İdarəmizdə bir zamanlar kadrlar şöbəsinin müdiri işləmiş ağbəniz alçaqboylu kişi Zeyğəmin iltifatı sayəsində rəis olmuşdu. İndi o, hamisinin sağ tərəfində dayanmışdı. Hər ikisi maqnit ətrafına yığılmış dəmir qırıntıları kimi düzülən adamlara, az qala, rəsmi keçid qəbul edən hərbçi görkəmi ilə baxırdı. Zeyğəmin sol tərəfindəki saqqallı kişini birinci dəfə görürdüm. Başını aşağı dikməklə bəlkə də rəhbərliyə dəxli olmadığını göstərmək niyyətindəydi, əlini tez-tez enli qaşlarına çəkir və nə üçünsə gülümsəyirdi.

Çox qəribə bir mənzərə yaranmışdı. Dəfn mərasimindən daha çox xarici ölkədən gəlmiş hörmətli şəxsin qarşılanmasına bənzəyən bu toplantıda, deyəsən, camaat hüzr yerinə yığışdığını unutmuşdu. Küçəyə açılan qapıda tabutun görünməsi bu təsəvvürü korlaya bilərdi. Lakin belə vəziyyətlərdə bir neçə nəfərin ağı deməsi, yaxud da heç olmazsa, hönkürməsi əvəzinə içəridən təzəcə çıxmış ucaboylu qara geyimli qadın Zeyğəmə yaxınlaşıb baş əydi, hamının eşidəcəyi bir səslə dilləndi:

- Allah sənin kölgəni üstümüzdən əskik eləməsin.

Özümü irəli verib tabutun altına girdim. Bir azdan yerimi başqası tutanda kənara çəkildim və arxada yaşına uyuşmayan tərzdə şəstlə addımlayan, mənə istehza ilə baxıb qımışan Zeyğəmi gördüm. Ayaq saxlayıb ləngidim. Üçlük qabağa keçdi. Təəccüblə fikirləşdim ki, görəsən molla haradadır və onun səsi nə üçün eşidilmir?

Tabutu maşına yerləşdirəndə yolun kənarında dayanmış avtobusa yaxınlaşdım. Tanımadığım kök bir adam əl eləyib çağırdı:

- Bizim maşında yer var, - dedi, təşəkkürümə fikir vermədən irəli yeridi, səkinin böyründə dayanmış “Jiquli”nin arxa qapısını açdı, içəri keçməyimi gözlədi, sonra isə çətinliklə özünü sürücünün yanına pərçimlədi.

Yerimizdən tərpəndik. Qabaqda əyləşmiş adamın yoğun peysərinə baxır və fikirləşirdim ki, o, heç vaxt başını döndərə bilməz, bütün bədəni ilə dönməlidir.

Sanki təsəvvürümü yalana çıxarmaq üçün o, asanlıqla çevrilib düz gözlərimə baxdı və dedi:

- Bu sizin Saleh xoşbəxt adam imiş!

Dillənməsəm də, təəccübümü baxışımdan oxudu:

- Başağrısı vermirəmsə, ətraflı izah edə bilərəm, - dedi.

- Çox maraqlıdır, yaşı heç əlliyə çatmamış sağlam bir adamın qəfil ölümü nə üçün xoşbəxtlikdir?

Fısıldadı. Bu yoğunluqda süysünün yiyəsi yəqin ki, başqa cür gülə bilməzdi.

- “Sağlam” deyirsiniz. O, sağlam idimi? Əlbəttə, yox. Qapısının ağzında yıxılıb ölən adama sağlam demək haradan ağlınıza gəlir? “Qəfil ölüm”, yəni həm onun, həm də yaxın adamlarının heç bir əziyyət çəkməməsi bəyəm pisdir? Elələri var ki, allah heç kəsə göstərməsin, çoxdan vaxtı çatıb, amma ölə bilmir. Mərasimdə Zeyğəm Qəzənfər oğlunun iştirakına nə deyirsiniz? Bu, əzizim, xoşbəxtlikdir, özü də lap böyüyündən. Mən dəqiq bilirəm, bu günlərdə o kişi lap yuxarı, özün bilirsən haranı deyirəm, gedəcək və çox çəkməz hər tərəfə onun şəkillərini yapışdırarlar. O, tarixdə qalası bir adamdır. Çox dərindir, onu başa düşmək üçün bir-neçə nəsil getməlidir. Fikir verin, Salehin qardaşı onun xalası qızını boşasa da, hüzr yerinə təşrif gətirib. Bununla da öz böyüklüyünü bir daha göstərib. Nə isə... Sonra, ərz eləyim qulluğunuza, Saleh vəzifə başında rəhmətə getdi. İşdən çıxarılsaydı, bu qədər adam yığışacaqdımı dəfn mərasiminə? Sizi inandırıram ki, yox, yığışmayacaqdı...

Üzünü döndərmişdi və elə hey bir ucdan üyüdüb tökürdü. Mən onun dəri kurtkasının yaxalığına pərçimlənmiş peysərinə baxır, daha ona qulaq asmırdım.

İlk dəfə gördüyüm bu balaca və köhnə qəbiristan hündür yerdə deyildi, dərənin lap dibindəydi. Uçuruma oxşayan enişi düşəndə maşınımız az qala aşacaqdı. Qəbirlərin demək olar hamısı uçulub dağılmışdı. Görünür, burada yatanların heç birinin qohum-əqrəbası əldən-ayaqdan uzaq bu yerə gəlib getmirdi. Çəpərlərin çoxu böyrü üstəydi, daşların yazıları pozulmuşdu. Ən qəribəsi isə bu idi ki, dinə-məzhəbə fərq qoymadan xaçpərəstlə müsəlmanı, yəhudi ilə ateisti yanaşı basdırmışdılar. Əbədi olaraq burada uyuyacaq Salehə yazığım gəldi. Yəqin ki, bundan daha pis qəbiristan tapmaq olmazdı. Qəbirlərin arasındakı dar cığırla gedirdik. Çökəklik olduğundan ara-sıra üstü nazik buz bağlamış gölməçələrə rast gəlirdik. Qarşımda yenə də buğum-buğum peysəri görürdüm. Birdən o, lap maşındakı kimi geri döndü, qolumdan tutub irəli ötürdü.

- Siz keçin qabağa, kişinin göstərişi belədir, - dedi.

İrəli yeridim. Doğrudan da, deyəsən, göstərişi hamı bilirdi. Yana çəkilib mənə yol verirdilər. Bir nəfər hətta mane olmamaq üçün gölməçəyə girməli oldu.

Paslı dəmir şəbəkənin içində yazıları pozulmuş baş daşının yanında təzə qəbir qazılmışdı. Böyründə yer olmadığına görə tabutu qəbirlərdən birinin üstünə qoymuşdular. Yanımda bic-bic gülümsəyən qozbel kişi:

- Səni gözləyirlər, gir qəbirin içinə, - dedi.

İmdad diləyəcək bir tərzdə yan-yörəmə göz gözdirdim. Bayaq Zeyğəm Qəzənfər oğlunun solunda addımlayan gülərüz saqqallı kişi qəbirin baş tərəfindəki ensiz zolaqda dayanıb xırda qonur gözlərini üzümə zilləmişdi. Əlinin hərəkəti ilə məni tələsdirirdi. Elə bil keyləşmişdim. Hamının məni gözlədi¬yini hiss edir, lakin heç nə başa düşmürdüm. Salehin böyük oğlu başqa yaxın qohumlarıyla dəmir şəbəkədən kənarda dayanmışdı.

Saqqallı kişiyə yaxınlaşdım.

- Siz məni çağırırsınız? - pıçıltı ilə soruşdum.

- Cəld olun, vaxtımız yoxdur. Külək qalxır. Çovğun ola bilər. Kömək eləyin. Tez olun.

Tabutu qəbirə sallamaq istəyirdilər. Çar-naçar Salehdən qabaq ora mən düşməli oldum. Çətinliklə meyiti yerləşdirdik. Yuxarıdan səs eşitdim:

- Mən mərhumun adını çəkəndə sən onu silkələyərsən.

Qəbirin içi nisbətən isti idi. Başımın üstündə saqqallı kişi avazla oxuyurdu. Kəfənin altında soyuq meyiti hiss edirdim. Bu cansız bədənin Saleh olduğuna inanmaq çətin idi.

Xəyalıma şöbəmizin işçilərinin təşkil elədiyi təzə il gecəsi gəldi. Qulağımda Salehin sözləri səsləndi:

- İndi qaldıq ikimiz: sən və mən. Gəl, dərdləşək.

İkimiz qalmağımız doğruydu, ancaq dərdləşməkdən keçmişdi. O, indi ən ağır dərdlərdən də o yanda idi, başqa ölçülü fəzaya pənah aparmışdı.

- Sözlü adama oxşayırsan, - bunu mən dedim.

Güldü:

- Qohumluğumuz pozulandan bəri rəis yaman qaralayıb məni. Deyəsən, şələ-şüləmi atacaq bayıra.

Onda Zeyğəmin pensiyaya göndərilməsinə az qalmışdı. Beş-on gün ləngisəydi, Salehin taleyi tamam başqa cür ola bilərdi.

- Bəhanəsi nədir? - soruşdum.

- Bu barədə fikirləşmək əzabına qatlaşmaq istəmir. Sadəcə, başqa yer tapmağı, üzüsulu çıxıb getməyi məsləhət görür.

Saleh başqa yeri o zaman yox, indi tapmışdır. Sakitcə mollanın oxuduğu müqəddəs ayələri dinləyir. Keçmiş rəisin, indiki daha böyük vəzifə sahibinin monoloqlarını heç vaxt eşitməyəcək. Əlimi kəfənə vurduqca dümağ dəli köynəyi geydirilmiş Yədulla gözlərim önünə gəlirdi. Dəli köynəyi də elə kəfənə bənzəyir. Yədullanı da beləcə qəbir qazıb basdıra bilərdilər.

Boks əlcəyi boyda daş kimi bərk bir əl məni dartıb qəbirdən çıxardı. Kənara çəkilib sementli məhlulu vedrəyə dolduran kişinin yanından keçdim. Xeyli aralı dayanan Zeyğəm Qəzənfər oğlu səmtə baxdım. Ağzının bir tərəfi ilə gülümsəyib başını tərpətdi. Kirpisifət haradansa peyda olub qoluma toxundu.

Astadan:

- Kişi ilə söhbət etmisən? - soruşdu.

- İmkan olmayıb, - günahkar tərzdə dilləndim.

- Çağırır, - dedi.

Qəbirlərin arasıyla irəli yeridim. Çəkilib yol verirdilər, deyəsən, onun məni çağırdığını başa düşmüşdülər.

İki addımlıq məsafəyə çatanda dayandım. Başımı aşağı saldım. İşçilərin bu vəziyyətdə dayanmasından xoşu gəldiyini bilirdim.

- Son qəmin olsun, - dedi.

- Çox sağ olun.

- Bura bax, bilirəm, sənin xətirini istəyirdi. Ancaq düzünü de, son sözü nə oldu? Nə məsləhət verdi sənə?

Təəccübləndim: yəni o, dünən dayanacağa qədər bir yerdə getdiyimizi də bilir? Axı biz onda heç nə danışmadıq.

- Nə vaxt?- soruşdum.

Ağzı gülmək üçün əyildi:

- İndicə. Sən onu qəbirdə rahatlayanda.

Yalnız həmin an tam aydınlığı ilə başa düşdüm ki, o, Salehə necə nifrət edirmiş!

Balaca olanda arıq və sısqa idim. Çox vaxt da döyülərdim. Yanımda kim əlini qaldırsa, gözümü yumub başımı yana əyirdim, elə bilirdim indicə qapaz vuracaqlar.

Mənim bu günahkar duruşum uşaqlıq illərimi yadıma saldı. O zamankı gözüqıpıq uşağa oxşamamaq üçün başımı qaldırıb onun domba gözlərinə baxdım. O, cavab gözləyirdi.

Zeyğəm Qəzənfər oğlunun bu qəribə məzələnməyi köhnə işçilərə yaxşı tanışdır. Yadımdadır, o zamanlar şöbəmizdə işləyən bir nəfəri çağırıb ondan çoban Qaranın atasının adını soruşmuşdu. Yazıq özünü itirib:

- Tanımıram çoban Qaranı, - demişdi.

Rəis əl çəkməmişdi:

- Öz yerlini tanımırsan? Mahnı yazıblar ona. Məşhur adamdır. Eşitməmisən? Vətən oğlu çoban Qara, yay sürünü göy dağlara.

İşçi nəfəsini dərib:

- Hə, çoban Qara, - demişdi, - Atasının adı Vətən olsun gərək. Elədir ki, var. Mahnının özündə də atanın adı çəkilir... Vətən oğlu Qara. Yox, Vətən oğlu çoban Qara...

Zeyğəm Qəzənfəroviç doyunca gülmüş və həmin işçini təzə şöbəyə müdir qoymuşdu. Elə indi də o vəzifədə işləyir. Adına Vətənoğlu deyirlər.

- Əgər cavabın xoşuma gəlsə Salehin yerində işləyəcəksən.

Müəllimin qarşısında dərsini öyrənməmiş şagird kimi pərt halda gözləyirdim. İndicə mərasim bitəcək və o, dönüb gedəcək. Bir daha belə bir şans ələ düşməyəcək. Məndən soruşur ki, mərhum sənə nə dedi? Bədbəxt Saleh mənə nə deyə bilərdi? Bu dünyadan beləcə qəfil köçünü çəkib getmiş adam bə¬yəm nə isə deyə bilər? Bütün bu oyunu Zeyğəm əvvəlcədən fikirləşib. Ona görə məni qəbirin içinə girməyə məcbur edib ki, belə bir sual versin. Mənim təlxək, oyunbaz olub olmadığımı yoxlayır.

Yaxşı yadımdadır, iclasların birində Yədullaya demişdi: “İnsan müxtəlif cür olur: Homo sapiyens - düşünən adam, homo lüdens - oynayan adam, bir də homo faber - işləyən adam. Yədulla, bilmirəm, sən bunların hansındansan? Ha fikirləşirəm, bir yana çıxara bilmirəm.

İndi təcrübə mənim üzərimdə keçirilirdi. Yox, mən heç bir cavab verməyəcəm. Getməmişdən qabaq bir də ona baxdım. Tərtəmiz qırxılmış uzunsov sifətində özündənməmnunluq ifadəsi vardı, altı tuluqlamış domba gözləri iblisvari bir parıltı ilə yanırdı.

Geri dönüb uzaqlaşdım. Salehdən son nişanə qalacaq qəbir tərəfə baxdım. Fəhlələr öz işlərini qurtarırdılar.

Zeyğəm Qəzənfər oğlunun dünənki iclasda dediyi sözlər yadıma düşdü:

- Bütün umu-küsüləri bir tərəfə qoyun, əl-ələ verib işləyin. Sizə hər cür kömək etməyə söz verirəm. Məni ermənilərə havadarlıq eləməkdə günahlandıranlar yanılırlar. Bir allah bilir ki, belə deyil. Özünüz fikirləşin, heç Mikayıl adında da erməni olar? Onun qanunsuz işlərindən xəbərim olmayıb. Təzə vəzifəyə təyin olunmağım göstərir ki, günahsızam.

Gözünün içinə kimi yalan deyirdi. Təzə işçilərdən Marksın, Engelsin atalarının adını soruşan adam özü işə götürdüyü Mikayılın atasının adının Xaçatur olduğunu bilmirdi? Necə olur ki, çoban Qaranın atasının adı soruşulur, təchizat şöbəsi müdirinin sənədlərinə gözüyumulu qol çəkilir?

Belə bir mükalimə yadımda qalıb:

- Marksın atasının adı nədir?

- ...

- Bəs Engelsin?

- Bilmirəm.

- Ayıbdır. Bəşəriyyətin ən böyük dahiləri barədə biz hər şeyi bilməliyik. Yadında saxla: Marksın atası Henrix, Engelsin atası Fridrix olub.

- Fridrix Fridrixoviç o qədər də yaxşı səslənmir, Zeyğəm Qəzənfəroviç.

- Onlar rus deyillər ki, o sayaq desinlər.

- Bəs biz niyə o sayaq deyirik?

- Biz ayrı, almanlar ayrı...

Avtobusa tərəf gedən camaata qoşuldum. Qəfildən bayaq məni maşına dəvət edən kişini gördüm. Məni tanımırmış kimi üzünü döndərdi. Oyun qurtarmışdı.

Zeyğəmin maşını tərəfə baxdım. Sürücü sükan arxasında oturmuşdu. Zeyğəm Qəzənfər oğlu rəis təyin edilmiş qohumunun müşayiətilə ağır addımlarla maşına tərəf gedirdi. Yox bu cür olmamalıdır! O, beləcə çıxıb gedə bilməz! Tələsmək lazımdır. Rəisimiz qapını açıb himayədarına yer göstərirdi ki, özümü yetirdim. Zeyğəmin ağzı gülümsəmək üçün əyildi.

- Afərin, özünü yaxşı yetirdin. De görüm, vəsiyyətini eləməyə macal tapmamış Saleh sənə qəbirdə nə dedi?

Gözümün qabağında o balacalandı, tükləndi və uzun quyruqlu, xırdaca buynuzlu iblisə döndü. Ətrafdakı maşınlar da, adamlar da, qəbiristan da başıma fırlandı. Ürəyimdə öz-özümə: “Bircə yıxılmayım, bircə yıxılmayım” – deyə təkrar eləyirdim. Şükür, deyəsən, ötüşdü. Ayaq üstdə sərbəst dayanmışdım. Qarşımda təzədən adam olmuş iblis domba gözlərini zilləyib gözləyir. O, nə qədər gözləsə, camaat da maşınlarda o qədər gözləyəcək. Böyük adam qabaqda getməlidir. Qalanlar onun müşayiətçiləridir. Dərindən nəfəs alıram. O gözləyir. Mən homo sapiyensəm, Azinus domestikus deyiləm. Qoy bir az da gözləsin.

Gözümün qabağına uşaqlarım gəlir. Onlar bu soyuqda nə üçünsə lap yüngül nimdaş paltar geymişlər və təbii ki, tir-tir əsirlər. Dəli köynəyi geydirilmiş bir nəfəri itələyə-itələyə təcili yardım maşınına mindirirlər. Uşaqlar dəliyə tərəf qaçır və qışqırırlar. İçində xarab kartof olan rəngi solmuş çantanı qucaqlamış bir qadın görürəm. O, mənim uşaqlarımın anasıdır. Başdan ayağa qara geymişdir. Bərkdən qışqırır:

- Allah sənin kölgəni bizim üstümüzdən əskik eləməsin.

İblis tüklü əlini çiynimə qoymaq istəyir. Geri çəkilirəm.

- Bəlkə heç deməyim? - soruşuram.

- Sirri açmaq düzgün olmazdı. Sirr deyilsə ...

- Mərhum Saleh hamımızın bildiyimiz bir fikri dedi. Dedi ki, keçmiş rəisiniz rəzil adamdır. Təzə vəzifəsində daha təhlükəli olacaq. Nə qədər ondan canınızı tez qurtarsanız, bir o qədər yaxşı olar....

Camaat maşınlara doluşduğundan sözlərimi yaxında olan beş-altı adamdan başqa heç kəs eşitmədi. Onlardan biri irəli yeriyib üstümə hücum çəkdi. Amma olan olmuşdu. Nə gözümü qırpdım, nə başımı aşağı əydim. Yumruğunu düyünləyənin düz gözlərinə baxdım. Vurmağa cəsarət eləmədi.

Zeyğəm iri bədənini maşının içinə güclə yerləşdirdi. Bir dəqiqə sonra artıq onun maşını dik yoxuşu qalxırdı.

Başımı aşağı salıb irəli yeridim. Yüngül minik maşınları bir-bir yanımdan ötüb keçirdi. Lap axırda avtobusun arxamca gəldiyini hiss etdim. Lakin o da dayanmadı...

1994

Günün bütün mövzuları

XS
SM
MD
LG