Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36

Yağış yağır və... kanalizasiya daşır


-
«Çox yox, 10 dəqiqə yağışdan sonra buralar bu günə qalır».

Hər dəfə nisbətən şiddətli yağışdan sonra Bakı sakinlərinin bənzər gileyləri eşidilir. Ətəyini yığmasan, zığlı-palçıqlı sulara girməsən, yarıyolda qalarsan. Eyni mənzərəylə təkcə kənar məhəllələrdə yox, şəhərin tən ortasında – mərkəzi küçələrdə, metro stansiyalarının önündə də rastlaşırsan.

Demək, təbii sual doğur: Niyə belədir? Niyə şəhərin kanalizasiya xətləri aşıb-daşır?

«QANO» YOXDUR, «QANO»...

Köhnə bakılı Həmidağa Məmmədov paytaxtın yağışdan sonra aşıb-daşan küçələrindən birində yaşayır – Füzuli küçəsində. Burada yağış barmaqlıqları olub, amma küçəyə asfalt döşərkən üstünü örtüblər:

«Ay camaat, belə də dərd olar? Su basacaq da, bəs basmayacaq? Çünki qanoları vaxtı vaxtında təmizləmirlər. Bax, burda götürüb qanonun üstündən asfalt çəkiblər. Yağış yağanda da su basır».

Tariyel Əhmədovun evi çökəkdədir. O, Nərimanovun heykəlindən aşağıda – həyət evlərində yaşayır. Güclü yağışdan onun da həyəti nəsibini alır. Tariyel Əhmədov deyir, çox arayıb-araşdırıb, axırda bu qənaətə gəlib ki, problem ərazidəki yağış kanalizasiyalarından qaynaqlanır:

«Yağış kanalizasiyaları bağlıdır. Gücü çatmır, a kişi. Suyun hamısı küçədən həyətə dolur».

Foto: Arxiv

Foto: Arxiv

DÖRD DƏFƏ AĞIR YÜKLƏNMƏ

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov deyir ki, Bakı əhalisi 20 il əvvəllə müqayisədə 2-3 dəfə artıb. Kanalizasiya boruları aşırı yüklənməni qəbul edə bilmir. Onun fikrincə, kanalizasiya xətləri yenilənməlidir və xətlər yenilənmədikcə, yetərli sayda yağış barmaqlığı quraşdırılmadıqca, qanqaraldıcı vəziyyət dəyişməyəcək:

«Yol kənarlarındakı yağış suları axıb ümumi kanalizasiyaya qarışanda dörd dəfə artıq yüklənmə əmələ gəlir. Onların suyu dənizə tərəf ötürməyə gücü çatmır. Əvvəllər şəhərin çox yerləri torpaq idi, yağış sularını udurdu. İndi şəhərin hər yeri asfaltdır. Suyu da torpağa sızdıran yol yoxdur. Ona görə bütün yağış suyunu ötürən kanalizasiyalar dəyişdirilməli, əlavə kanalizasiya xətləri qurulub ümumi kollektora quraşdırılmalıdır. Ancaq bu işlər görülmür. Son illər Bakıda böyük kanalizasiya xətlərinin tikilməsini kim görüb ki? Hər şeyin səbəbi burdadır».

«BAKI SUKANAL» DƏRDƏ ÇARƏ AXTARIR

«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin «Bakı Sukanal» İdarəsinin yağış və tullantı suları departamentinin rəisi Əlizadə Nəsirovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Bakı küçələrinin ən çoxu 15 faizi yağış barmaqlıqları ilə təmin olunur. Bu azsaylı yağış barmaqlıqlarının da «özünəməxsus» problemləri var:

«Məsələn, yolu salan təşkilat yolun qorunmasının qeydinə qalmalı, bu zaman barmaqlığın qoyulmasını təşkil etməlidir. Başqa bir problem də var: süpürgəçilər küçədəki zibili süpürüb yağış barmaqlıqlarına tökürlər. Çox rahat variantdır, maşın gəlib götürməsə, tullantını süpürüb tökürlər barmaqlıqların içərisinə. Bu da bizim üçün böyük problem yaradır. Barmaqlığın içi zibillə dolur və yağış yağarkən topalaşıb qalır orda. Ondan sonra barmaqlıq işləmir».

Bakıda yağış

Bakıda yağış

Əlizadə Nəsirov deyir ki, mövcud barmaqlıqlar yuyulub təmizlənir. Bundan ötrü yüksəktəzyiqli maşınlar da alınıb. Məqsəd – yağış kollektorlarının yuyulmasıdır:

«Almaniyadan irihəcmli maşınlar alınıb. Onlar yağış kollektorlarını yuyur. Hazırda Zorge küçəsində yağış kollektoru var və orada yuyulma işi gedir. Puşkin yağış kollektorunda yuyulma tamam başa çatdırılıb. Nəqliyyat sıxlığı ucbatından «Azadlıq» yağış kollektoru yalnız gecələr yuyulur».

«Bakı Sukanal»ın rəsmisi «Bəs nə vaxt yağışdan sonra gölməçələr yaranmayacaq və bənzər problemlər həllini tapacaq» sualını hələ cavablaya bilməyəcəyini söylədi:

«Konkret vaxt deməyə çətinlik çəkirəm».

Prezident İlham Əliyev də kanalizasiya məsələsinə toxunub. Yanvarın 10-da
Nazirlər Kabinetinin iclasındakı çıxışında prezident deyib ki, «Bakının kanalizasiya xətləri köhnəlib, bugünkü standartlara uyğun deyil... Bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir».

Görünən odur ki, hələ ki, hər yağışdan sonra küçələrdə göllənən yağış sularıyla barışmalı olacağıq. «Nə vaxtadək» sualını yadımızda saxlamaqla...

Şərhləri göstər

XS
SM
MD
LG