Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Türkiyə hökuməti internetə total nəzarətə can atır


Gnüdüz Ağayevin karikaturası

Gnüdüz Ağayevin karikaturası

-

Türkiyə hökuməti internetdə kimin nə etdiyini təfsilatı ilə bilmək istəyir

İstanbul və Ankara şəhərlərində polis hökumətin “internetdən istifadəyə dair” təklif etdiyi yeni qanun layihəsinə etiraz edənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Ölkədə internet istifadəçiləri üzərində nəzarət və onların kütləvi izlənməsinə imkan verəcək bu layihə qarşıdakı günlərdə parlamentin müzakirəsinə verilməlidir.

Layihə Türkiyənin Kommunikasiya Nazirliyinə və Telekommunikasiyalar Müdirliyinə internet provayderləri üzərində geniş səlahiyyətlər nəzərdə tutur.

Bu səlahiyyətlər vasitəsilə hökumət məhkəmə sanksiyası olmadan belə istifadəçilərin şəxsi məlumatlarını əldə edə biləcək.

Layihəyə görə provayderlər istifadəçilər və onların internet fəaliyyəti barədə məlumatları toplayıb iki il müddətində saxlamalı, rəsmilərin ilk tələbi ilə bu məlumatları hökumətə təqdim etməlidir.

Rəsmilər həmçinin, heç bir məhkəmə sanksiyası olmadan, qanunsuz və ya şəxsi sirlərə müdaxilə kimi qiymətləndirdikləri internert materiallarını blok etdirə bilərlər.

Ankaradan Google-a 1700 müraciət

Türkiyə hökuməti xüsusən də son aylar bu kimi məsələlərə həssaslıqla yanaşmağa başlayıb.

Məsələn, Ankara 2013-cü ilin altı ayı ərzində Google saytına bu və ya digər materialların internetdən çıxarılması üçün 1700 müraciət edib.

Bu, hər hansı başqa ölkənin bu xarakterli müraciətlərindən üç dəfə çoxdur və Türkiyənin belə ricalarının sayı bir ildə 1000 faiz artıb.

Türkiyə məhkəmələri də son vaxtlarda YouTube və Vimeo da daxil olmaqla bəzi saytların bloklanması barəsində qətnamələr qəbul edib.

Avropa İnsan Haqları Məhkəməsinin qətnaməsində deyilir ki, Türkiyənin hazırkı internet qanunu Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir.

Dövlət televiziyası da hədəfdədir


Reuters agentliyi bildirir ki, partiyasının yüksək vəzifəli rəsmilərinə qarşı korrupsiya iddialarına qarşı baş nazir Recep Tayyib Erdogan-ın qəzəb reaksiyası olan son sərt tədbir və təqiblər dövlət televiziyasına da yönəlib.

Məlumat verilir ki, hakimiyyət orqanları korrupsiya araşdırmalarının gedişində işdən kənarlaşdırılmış minlərlə polis zabitini və 20 prokuroru vəzifələrində bərpa edib.
Dövlət televiziyasının bir neçə vəzifəli nümayəndəsi isə, əksinə işdən qovulub.

Baş nazir bildirir ki, onun kabinetində üç nazirinin oğulları da daxil olmaqla, vəzifəli şəxslərin bir ay əvvəl həbs olunmaları “ədliyyə qiyamıdır”.

Erdogan-ın opponentləri narahatdırlar ki, hakimiyyət ölkədəki məhkəmə sisteminin, polis və medianın müstəqilliyinə ümumiyyətlə son qoya bilər.

Bununla belə, hökumət “etibarsız” şəxslərin vəzifələrindən uzqlaşdırılması prosesini davam etdirir.

Reuters xəbər verir ki, ötən şənbə ölkənin baş bank gözətçisi BDDK-nın direktor müavini və iki departament rəhbəri işdən çıxarılıb.

Elektron müşahidələr aparan və telekommunikasiyaları tənzimləyən Telekommunikasiyalar Müdirliyinin 5 departament rəisi də işlərini itiriblər.

Türkiyənin dövlət TRT televiziya kanalının da bir neçə redaksiyasının rəhbərləri və redaktorları vəzifələrindən uzaqlaşdırılıblar.

Hökumət sözçüsü bildirib ki, bu işdən azadolunmalar “ictimai maraqlara” görə edilir və proses davam edəcək.

Erdogan düşmənlərinin siyahısı uzanır

Baş nazir güman etdiyini bildirib ki, onun hökumətində üç nazirin istefası ilə nəticələnmiş “korrupsiya təhqiqatı” ABŞ-da könüllü sürgündə olan ruhani lider Fethullah Gulen-in onun hakimiyyətini gözdən salmaq cəhdidir.

Son günlər hökumət və dövlət strukturlarından uzaqlaşdırılan şəxslərin Gulen-in milyonlarla davamçısı olan Hizmet hərəkatına bağlılığı iddia edilir.

Öz növbəsində Fethullah Gulen-in vəkili bildirib ki, ruhani liderin korrupsiya təhqiqatı ilə heç bir əlaqəsi yoxdur və onun davamçıları üzərinə təqiblər “əcinnə axtarışı”dır.
Bu arada müxalifət də diqqətdən kənarda qalmayıb.

Reuters xəbər verir ki, ana müxalifət partiyası CHP-nin İstanbul merliyinə namizədi Mustafa Sarıgul-un mülkiyyətinə həbs qoyulub.

Dövlət Depozit Sığorta Fondu bildirib ki, cənab Sarigul 1998-ci ildə götürdüyü krediti ödəməyib.

Cənab Sarigul bu iddiları rədd edib və bildirib ki, fond ona son 16 ildə bir dəfə də olsun müraciət etməyib.

“Xalqın etimadını itirənlər və mənim üzərimə bu siyasi hücumu edənlər cavablarını martın 30-da seçki qutularından alacaqlar” – deyib Mustafa Sarıgul.

Reuters agentliyi bildirib ki, Türkiyə iqtisadiyyatını dəyişərək yüksəltmiş Erdogan milyonlarla insanı yoxsulluqdan çıxarıb və hələ də ölkənin ən populyar siyasətçisidir.

Bununla belə, indi onun düşmənlərinin siyahısı polis, ədliyyə və Gulen-in hesabına daha da uzanıb və bu siyasi böhranın mart ayında keçiriləcək bələdiyyə seçkilərində hakim partiyanı necə təsirləndirə biləcəyi sual olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG